Məhkəmə qərarları › İş №2(125)-1402/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1402/2022

22.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1402/2022 22.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin onun mülkiyyətində olan Gəncə şəhəri, Bayan küçəsi, 2-ci döngə, 7 nömrəli evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi 2-ci döngə 7 nömrəli fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olmaqla nömrəli rəsmi reyestrdə qeydiyyata alınaraq müvafiq çıxarış verilmişdir.Onun xüsusi mülkiyyətində qeydiyyatda olan cavabdehlərdən Cavabdeh2 onun anası, Cavabdeh1 qardaşı və Cavabdeh3 isə qardaşı Cavabdeh1 oğludur. Sözügedən fərdi yaşayış evi mərhum atası Cavabdeh3 adına olmuş, atası rəhmətə getdikdən sonra həmin ev vərəsəlik qaydasında onun, anasının və qardaşının adına keçmişdir. Həmin vaxt belə qərara gəlmişlər ki, anası və qardaşı öz paylarını ona bağışlasın, o da evin torpaq sahəsinin müəyyən hissəsində ev tikdirməklə müəyyən hissəsini qardaşının oğluna bağışlayacaq. Beləliklə, anası və qardaşı öz paylarını ona bağışlamışlar. Bundan sonra öz vədinə əməl edərək özünə məxsus torpaqda ev inşa etdirərək həmin evi qardaşı oğlu Cavabdeh3 bağışlamışdır. Anası, qardaşı və qardaşının ailəsi və uşağı onun yeni inşa etdirdiyi və onlara bağışladığı evdə yaşayırlar və həmin evin sənədləri tam qaydasındadır. Həmin evdə yaşamalarına və həmin evin sənədlərinin tam qaydasında olmasına baxmayaraq, onlar onun mülkiyyətində olan evdə qeydiyyatdadırlar. Bundan əlavə cavabdehlər onu evində yaşamağa imkan vermirlər. Anası və qardaşı onun mülkiyyətində olan fərdi yaşayış evindən normal istifadə etməsinə imkan vermirlər. Bununla da cavabdehlər onun mülkiyyət hüququmu pozmuş olurlar. Bütün bu olanlara görə məcbur olub cavabdehlərin onun mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılmaları üçün Gəncə Şəhər Baş Polis İdarəsinə müraciət etmiş, oradan ona imtina məktubu verilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddianın təmin olumasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddiaçı ilə eyni məzmunda çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, miras qalmış əmlak üzrə vərəsəlik qaydasında payları müəyyən edildikdən sonra payını iddiaçıya bağışlasa da hal-hazırda həmin evdə yaşayır. Əslində o iddiaçı ilə birlikdə qalmaq, digər oğlu Vəlinin isə evin torpaq sahəsində özünə ayrıca ev tikməsi, evin tikintisi başa çatdıqdan sonra isə evi nəvəsinin adına keçirməsi şərti ilə öz payından iddiaçının xeyrinə imtina etmişdir. İddiaçı və Vəli ilə aralarında yeni tikiləcək evə köçüb yaşayacağına dair heç bir razılaşma olmamışdır. Əslində iddiaçıya evi satmasına icazə vermədiyi üçün iddiaçı onun oğlu Vəli ilə yaşadığını qeyd edir. Hansı ki, ev iddiaçının adına keçdikdən əvvəl də, hazırda da bütün əşyaları həmin evdədir və mübahisəsiz qaydada orada yaşamış və yaşayır. Həmin evə dair mülkiyyət hüquqlarını itirmiş olsa da, həmin evdən istifadə hüquqlarını itirməmişdir. İddianın əsassız olduğunu və rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki,sözügedən yeni evi o öz pulu ilə tikdirmişdir. Ailəsi ilə birgə 2020-ci ildən özünə məxsus olan 7A nömrəli evdə yaşayır. Anası isə qardaşının evində yaşayır. O da bəzən anasının yanına gedir. Həmin ev onların ata evləridir. İddianın əsassız olduğunu göstərərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, iddiaçı onun əridir. Belə ki, onlar hal-hazırda atası evində qalırlar. Onlar kirayəyə çıxmamışdan əvvəl qaynanası Xəvər də onlarla yaşamışlar. Vəli isə özünə həmin həyətdə olan torpaq sahəsində ev tikərək 2020-ci ildən 7A nömrəli evdə yaşaır. Cavabdehlər onlara imkan vermirlər ki, öz evlərində sərbəst yaşasınlar. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, iddiaçı və cavabdeh tərəf bibisi oğludurlar. Yeni tikilən 7A nömrəli evi Vəli tikdirmişdir.Vəli 2020-ci ildən özünün tikdiyi 7A nömrəli evdə yaşayır . Bibisi isə yəni Cavabdeh2 köhnədən olan iddiaçıya məxsus olan evdə yaşayır. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, iddiaçı və cavabdeh tərəf dayısı oğludurlar. Yeni tikilən evi o təmir etmişdir. 2020-ci il tarixdən Vəli həmin yeni evdə yaşayır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş- xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh3 adına sonradan ünvanı Gəncə şəhəri, Bayan küçəsi, 2-ci döngə, 7 olan bu əmlaka xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2019-cu il tarixli 2V-104 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk X1, İddiaçı, Cavabdeh1 adlarına keçmişdir, 3M-29 saylı miras payın bağışlanması müqaviləsinə əsasən X5 və Cavabdeh1 miras paylarını İddiaçı bağışlamışdırlar. İddiaçı Bayan küçəsi, 2-ci döngə, 7 saylı fərdi yaşayış evinə xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə- 609 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı bu fərdi yaşayış evinin yerləşdiyi 0.153 ha torpaq sahəsinin yalnız 0.0396 ha hissəsini Cavabdeh3 bağışlamışdır. Əmlak bölündükdən sonra İddiaçı Bayan küçəsi, 2-ci döngə, 7 saylı fərdi yaşayış evinə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, Cavabdeh3 Bayan küçəsi, 2-ci döngə, 7A saylı ünvanda yerləşən 0.0396 ha torpaq sahəsinə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixli,4Ə-609 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,153 ha torpaq sahəsinin 0,0396 ha hissəsini qardaşının oğlu olan Cavabdeh3 bağışlamışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh1 və xx.xx.1949-cu il təvəllüdlü Cavabdeh2 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. Evlər üçlüyü tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında yaşayır. Məhkəmə iddia tələbinin Cavabdeh1 və azyaşlı Cavabdeh3 münasibətdə qeyd edir ki, iddia tələbi əsaslı olduğundan onlara münasibətdə təmin olunmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, cavabdehlərdən Cavabdeh1 ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus fərdi yaşayış evindən 2020-ci ildən çıxaraq başqa yaşayış yeri seçməklə özünə məxsus evdə yaşamaqla iddiaçıya məxsus evdən istifadə hüqüqü itirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşin mübahisə edilməyən hallarından müəyyən olur ki, iddiaçının iddia etdiyi fərdi yaşayış evi mülkiyyətində olmaqla rəsmi reyestrdə qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh1 azyaşlı uşağı Cavabdeh3 ilə birlikdə Gəncə şəhəri, Bayan küçəsi, 2-ci döngədə yerləşən İddiaçı mülkiyyətində olan 7 nömrəli fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 münasibətdə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evi onun xüsusi mülkiyyətinə keçsə də cavabdeh olan anasının həmin fərdi yaşayış evindən istifadə hüququ olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi cavabdehlərdən Cavabdeh1 və azyaşlı uşağı Cavabdeh3 münisbətdə təmin edilməli, Cavabdeh2 münasibətdə isə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 azyaşlı uşağı Cavabdeh3 ilə birlikdə Gəncə şəhəri, Bayan küçəsi, 2-ci döngədə yerləşən İddiaçı mülkiyyətində olan 7 nömrəli fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. İddia tələbi Cavabdeh2 münasibətdə əsassız olduğundan rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar