Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-141/2023 12.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı "xxxx" Firmasının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Firması cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh şəxslər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2011-ci il tarixli, **********83 nömrəli reyestr üzrə "xxxx" firmasının xüsusi mülkiyyətində olan Şəmkir rayonunun Sabirkənd kəndinin ərazisində yerləşən 1 ha torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsində inşa etdirdikləri tikilinin cavabdehlərin hesabına sökülərək boşaldılması, həmin torpaq sahəsinin "xxxx" firmasının istifadəsinə qaytarılmasına, həmçinin 2014-cü ilin oktyabr ayından qətnamə icra edilən tarixədək aylıq (kirayə) haqqı 1200 manatdan hesablanmaqla, cavabdeh şəxslərdən alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il tarixli, **********83 nömrəli reyestr üzrə Şəmkir rayonunun Sabirkənd kəndinin ərazisində 1 ha torpaq sahəsi "xxxx" firmasının xüsusi mülkiyyətindədir. 2014-cü ilin oktyabr ayında Şəmkir şəhəri, Qaçaq Nəbi küçəsi, ev 44-də yaşayan Cavabdeh1 və qardaşı Cavabdeh2 qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan xx.xx.2011-ci il tarixli, **********83 nömrəli reyestr üzrə "xxxx" firmasının xüsusi mülkiyyətində olan Şəmkir rayonunun Sabirkənd kəndinin ərazisində yerləşən 1 ha torpaq sahəsini özbaşına tutaraq orada tikinti və quraşdırma işləri aparmaqla (üzərində “ESE TİCARƏT MƏRKƏZİ” yazılmış qırmızı rəngli bina) zəbt etmişlər. Zabit və Arzu qardaşlarının bu qeyri-qanuni hərəkətləri hələdə davam etməkdədir və həmin ərazidə “ESE TİCARƏT MƏRKƏZİ” fəaliyyət göstərməklə ağac və digər materialların satışı həyata keçirilir. Dəfələrlə cavabdeh şəxslərə həmin ərazinin boşaldılması, mülkiyyət hüquqlarının bərpa edilməsinə dair müraciətlər etsələr də, heç bir nəticəsi olmamış və artıq 4 ildən artıq müddətdir ki, həmin torpaq sahəsinin cavabdeh şəxslər tərəfindən qeyri-qanuni zəbti davam etməkdədir. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişlər. 14 aprel 1997-ci il tarixli "xxxx" firmasının Nizamnaməsindən görünür ki, X2 tərəfindən təsis edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli, **********83 nömrəli çıxarışından görünür ki, 1,0 ha torpaq sahəsi "xxxx" firmasının mülkiyyətindədir və Şəmkir rayonu, Sabirkənd kəndi ərazisindədir. "xxxx" MMC tərəfindən verilmiş rəyindən görünür ki, "xxxx" firmasına məxsus torpaq sahəsinin aylıq kirayə haqqı 1000-1200 manat təşkil edir. Cavabdeh şəxslərin qeyri-qanuni hərəkətləri nəticəsində torpaq sahəsindən istifadə edilməsi mümkün olmamış, ona görə də həmin torpaq sahəsindən istifadə olunmamasına görə əldən çıxmış fayda cavabdeh şəxslərdən tutulub iddiaçıya ödənilməlidir. 4 ildən artıq müddətidir ki, torpaq sahəsi cavabdehlər tərəfindən istifadə edilir. Bu isə 48 aydan artıq edir. 48 ay müddət ərzində torpaq sahəsinin aylıq kirayə haqqını 1200 manatdan hesabladıqda 57600 manat edir. Hesab edir ki, cavabdehlər tərəfindən hazırki tarixə kimi vurulmuş zərər deyil, torpaq sahəsi cavabdehlərin zəbtindən alınıb iddiaçının mülkiyyətinə verilən tarixə kimi hesablanmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı "xxxx" Firmasının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin subyektiv tərkibini, işin xarakterini nəzərə alaraq, hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş (12-ci vərəq) Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamədən görünür ki, "xxxx" Firması (VÖEN **********) hüquqi şəxsdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. Həmçinin, iddiaçının mülkiyyətində olan və cavabdehlərə qarşı qaldırılan iddianın əsasını təşkil edən mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsi sahibkarlıq məqsədli daşınmaz əmlak növünə daxildir. Başqa sözlə iddia tələbi kommersiya obyektinin sökülməsindən və kommersiya məqsədli torpaq sahəsinin icarəsinə görə ödənilən haqqın tələb edilməsindən ibarətdir. Göründüyü kimi tərəflərin subyektiv tərkibində və işin xarakterində kommersiya mübahisəsinə dair zəruri elementlər vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə inzibati və kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmışdır. 01 yanvar 2020-ci il tarixdən həmin Sərəncamın 2.3-cü maddəsinə əsasən Gəncə şəhərində Gəncə Kommersiya Məhkəməsi yaradılmışdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Qeyd edilən Qərarın: 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndinə əsasən (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 16-cı bəndinə əsasən işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə tərəfindən işin məhkəmə aidiyyəti qaydalarına riayət edilərək araşdırılmasının təmin edilməsi məqsədilə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263, 264, 403.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Firmasının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddiası üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.3, 407.1-407.3-cü maddələrinin tələblərinə riayət etməklə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-141/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-141/2023
12.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver