Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1414/2025 29.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi - hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlanları – İmranın xx.xx.2017-ci il tarixdə, Mohammadın isə xx.xx.2020-ci il tarixdə Suriya Respublikası İdlip şəhərində anadan olmaları faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi sonradan tələbin dəqiqləşdirilməsinə dair ərizə verərək oğlanları – İmranın xx.xx.2017-ci il tarixdə, Muhammədin isə xx.xx.2020-ci il tarixdə Suriya Respublikası İdlip şəhərində anadan olmaları faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o Rusiya Federasiyasında tələbə olarkən Rusiya vətəndaşı olan Amir adlı şəxslə 2013-cü ildə qeyri-rəsmi ailə qurmuşdur. Daha sonra o, Azərbaycan Respublikasına gəlmişdir. Amir isə Suriya dövlətinə getmişdir. xx.xx.2014-cü ildə bir uşağı olmuş, ona 1 saylı Gəncə Asan xidmət mərkəzi qeydiyyat şöbəsindən doğum haqqında şəhadətnamə almışdır. 2014-cü ilin noyabr ayında Amir ondan Suriya dövlətinə getməyini və orada birlikdə yaşamağını istəmiş, o da oğlu Zeydlə birlikdə Suriya dövlətinə getmişdir. Onlar Suriyada yaşayarkən onların faktiki nikahından iki uşaqları - xx.xx.2017-ci ildə İmran və xx.xx.2020-ci ildə isə Muhamməd həmin ərazidə olan xəstəxanada doğulmuşdur. Ərizəçi onlara doğum haqqında şəhadətnamə ala bilməmişdir. 2024-cü ilin yaz aylarına qədər orada uşaqları ilə birlikdə yaşamışdır, həmin vaxt Amirdən ayrılmışdır, orada yaşamaq istəməmişdir, qərara gəlmişdir ki, orada yaşamaq onun üçün çox çətindir və Azərbaycan Respublikasına qayıtmağı qərara almışdır. Bu məqsədlə də Suriya dövlətinin Türkiyə Respublikası ilə olan sərhədinə uşaqları ilə birlikdə gələrək, fikrini orada bildirmişdir, bir müddət sənəd məsələsinə görə orada saxlanılsalar da sonradan onu uşaqları ilə bərabər Türkiyə Respublikasına yola salmışlar. Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi 3 uşağına və ona ölkəyə qayıdış vəsiqəsi hazırlamışlar və onları Azərbaycan Respublikasına yola salmışlar. O iki uşağına - xx.xx.2017-ci ildə anadan olmuş İmran və xx.xx.2020-ci ildə anadan olmuş Muhamməd adlı uşaqlarına hazıradək heç bir sənəd almamışdır. Belə ki, uşaqların doğulduğu xəstəxana tərəfindən doğum haqqında tibbi şəhadətənamə verilməmiş və bu səbəbdən uşaqlar sənədsiz qalmışdır. Hazırda həmin uşaqların qayıdış vəsiqələrindən başqa heç bir sənədləri yoxdur, doğum haqqında şəhadətnamə, həmçinin şəxsiyyət vəsiqələri olmadığına görə heç bir dövlət orqanına müraciət edə bilmir. O, bununla bağlı Maraqlı şəxsnə də müraciət etmiş, lakin onun ərizəsi Qeydiyyat şöbəsi tərəfindən təmin edilməmiş, ona hüquqları izah olunmaqla, məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Göründüyü kimi, onun oğlanları – İmranın xx.xx.2017-ci il tarixdə, Muhammədin isə xx.xx.2020-ci il tarixdə Suriya Respublikasında anadan olmaları ilə bağlı doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmir, bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Həmçinin əlavə etdi ki, uşaqlar hazırda onunla yaşayırlar və sağlamdırlar. Uşaqların atası isə Suriyada cəzaçəkmə müəssisəsindədir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirdi. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin, Maraqlı şəxs nümayəndəsinin izahatını dinləyib və işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-15-123 nömrəli, xx.xx.2025-ci il tarixli ərizəçiyə cavab məktubundan görünür ki, ərizəçinin Maraqlı şəxsnə ünvanladığı «Suriya dövlətində xx.xx.2017-ci ildə anadan olmuş İmran və xx.xx.2020-ci ildə anadan olmuş Mohammada hazıradək doğum haqqında şəhadətnamə ala bilməməsi və bununla bağlı ona köməklik olunması” barədə ərizəsinə baxılmışdır. Müəyyən olunmuşdur ki, ərizəçi xx.xx.2017-ci ildə və xx.xx.2020-ci ildə oğlan uşaqları dünyaya gətirmiş, Suriya dövlətində yaşamış, ona doğum haqqında şəhadətnamələrinin yazılması üçün doğum haqqında tibbi şəhadətnamələr verilməmişdir, hazırda da doğumu təsdiq edən, yəni-doğum haqqında şəhadətnamələrin yazılmasına əsas olan doğum haqqında tibbi şəhadətnamələri ala bilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li Qərarına əsasən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nm Doğumun qeydə alınması Bölməsinin 2.5-ci bəndinə əsasən, doğumun qeydə alınması üçün, valideynlərin şəxsiyyətini təsdiq edən sənəd, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən «Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir». Ona görə də ərizəçiyə uşaqları xx.xx.2017-ci ildə anadan olmuş İmran və xx.xx.2020-ci ildə anadan olmuş Mohammadın doğulması faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN tabeliyində SXA-nın ƏOŞ Peşə-əmək Reabilitasiya mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, SXA-nin 26 dekabr 2024-cü il tarixli 3-17-3/3-1-14937/2024 saylı göndərişinə əsasən Suriya Ərəb Respublikasından gətirilmiş xx.xx.2024-cü ildə reabilitasiya məqsədilə ƏOŞ Peşə-əmək Reabilitasiya mərkəzində yerləşdirilən Ərizəçi, X10, İsmayılov İmran və İsmayılov Mohammad sosial-psixoloji qiymətləndirilmiş, 2 Nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimləri tərəfindən müayinə olunaraq, qan analizləri müayinələri aparılmış, mərkəz tərəfindən tibbi-sosial xidmətlər göstərilmiş və yaşayış ünvanı ünvan 2 bacısı X1-salamat təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2025-ci il tarixli, 3-16-5/2-17097/2025 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Ərizəçi və ailə üzvlərinə aid vətəndaşlıq vəziyyəti akt qeydləri barədə məlumatın, habelə onun nikahı haqqında akt qeydinin kserosurətinin istənilməsi ilə bağlı müraciətə baxılmış, məsələ ilə bağlı məhkəmə ilə əlaqə saxlanılarkən Ərizəçi doğumu və nikahı, habelə övladlarının doğumu barədə məlumatın verilməsi xahiş olunmuşdur. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X4 ilə X3 olan xx.xx.1994cü il təvəllüdü Ərizəçi doğumunun Maraqlı şəxsndə qeydə alındığı aşkar edilmişdir. Araşdırma zamanı anası Ərizəçi olan xx.xx.2014-cü il təvəllüdlü Zeyd İsmayılovun doğumunun nikahda olmayan anadan olmuş uşağın doğumu kimi xx.xx.2014-cü ildə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki qeydiyyat şöbəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Eyni zamanda informasiya sisteminə baxış keçirilərkən Ərizəçi nikahının qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli, 3-38-33/2-1109/2025 nömrəli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, xx.xx.1994-cü il təvəllüdlü Ərizəçi 1994-2001-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən imkan xaricindədir. Bununla yanaşı, xx.xx.1994-cü il təvəllüdlü Ərizəçi, xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü İsmayılov Mohammadin və xx.xx.2017-ci il təvəllüdlü İsmayılov İmranın dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: Ərizəçi - çıxış – xx.xx.2005-ci il tarix, giriş – xx.xx.2007-ci il tarix, çıxış – xx.xx.2008-ci il tarix, giriş – xx.xx.2011-ci il tarix, çıxış – xx.xx.2011-ci il tarix, giriş – xx.xx.2012-ci il tarix, çıxış – xx.xx.2012-ci il tarix, giriş – xx.xx.2013-cü il tarix, çıxış – xx.xx.2014-cü il tarix, giriş – xx.xx.2024-cü il tarix. Mohammad İsmayılov - giriş – xx.xx.2024-cü il tarix, Zeyd İsmayılov - giriş – xx.xx.2014-cü il tarix, çıxış – xx.xx.2024-cü il tarix, İmran İsmayılov - giriş – xx.xx.2024-cü il tarix. İş materiallarında olan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xx.xx.2025ci il tarixli, 3-20-15/2-4-19665/2025 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Xarici işlər Nazirliyinə ünvanlanmış 2(125)-1414/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktuba Konsulluq idarəsi tərəfindən baxılmışdır. Məktuba cavab olaraq bildirilmişdir ki, Suriya Ərəb Respublikasının münaqişə bölgələrinə getmiş xx.xx.1994-cü il təvəllüdlü Ərizəçi və onun övladları xx.xx.2014-cü il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü İsmayılov imran və xx.xx.2020-ci il təvəllüdlü İsmayılov Mohammad Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları"na uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq dərkənarına əsasən 25 dekabr 2024-cü il tarixində Suriya Ərəb Respublikasının Cerablus şəhərindən Türkiyə Respublikasının Ankara şəhəri vasitəsilə, İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul işçi Qrupuna daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin müşayiəti ilə ölkəmizə repatriasiya olunmuşlar. İş materiallarına əlavə edilmiş, Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-14- 978/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, xx.xx.1994-cü ildə anadan olmuş vətəndaş Ərizəçi barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. Ərizəçi doğum haqqında akt qeydinin surəti məhkəməyə göndərilmişdir. Ailə üzvləri barəsində isə aşağıdakı məlumatlar aşkar edilmişdir:
1. Ata - X7 (xx.xx.1961)
2. Ana - X3 (xx.xx.1972)
3. Uşaq - X10 (xx.xx.2014) (doğum qeydiyyatı 1 saylı Gəncə “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsində aparılmışdır)
4. Bacı - X5 (xx.xx.1991). İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Gəncə Şəhər İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-39-128/2-4836/2025 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş Ərizəçi və onun övladları barədə məktubda göstərilən məqamlar üzrə məlumatların Dövlət Təhlükəsizliyi Xidmətinin mərkəzi aparatından əldə edilməsi məqsədəuyğun hesab edilir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-39/2-24/5-1455/2025 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş AR vətəndaşı Ərizəçi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, həyat yoldaşı - RF vətəndaşı, milliyyətcə tatar Oleq Sırıqin ilə birlikdə Suriya Ərəb Respublikasındakı qanunsuz silahlı birləşmələrin nəzarəti altında olan ərazilərə səfər etmiş şəxs kimi məlumdur. O, 2014-2024-cü illər ərzində terrorçu qruplaşmaların nəzarəti altında olan ərazilərdə yaşamış, xx.xx.2024-cü il tarixdə AR-ə repatriasiya edilmişdir. Ərizəçi və övladları Zeyd İsmayılov, İmran İsmayılov, Mohammad İsmayılov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi materialı və ya axtarış işi mövcud deyil. İş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə tibbi-bioloji ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” publik hüquqi şəxsi tərəfindən verilmiş 91327 nömrəli, xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəmə qərardadı icra edilmədən məhkəməyə geri qaytarılmışdır. Məktubda qeyd edilmişdir ki, “Məhkəmə-Tibbi Ekspertiza və X8" p.h.ş-nin məhkəmə-tibbi biologiya şöbəsinə xx.xx.2025-ci il tarixdə Ərizəçi hüquqi faktının müəyyən edilməsinə dair 2(125)-1414/2025 saylı mülki iş üzrə məhkəmə-tibbi bioloji ekspertizanın təyini barəsində 02 vərəqdə qərardad və digər sənədlərin surətləri daxil olmuşdur. Sənədlərin daxil olduğu müddətdən ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində Ərizəçi iki uşaqla birlikdə şöbəyə gəlmişdir. Ekspertizanın bioloji səviyyədə, yəni qrup göstəricilərinin tədqiqinə əsasən keçirilməsi üçün hər iki valideynin iştirakı mütləqdir. Ata tərəfinin nümunələri və ya qan qrupu barəsində qeyd olan hər hansı bir sənəd ekspertizaya təqdim olunmadığı üçün müayinənin bioloji səviyyədə keçirilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-20-15/2-İ-27xx-xx/2025 nömrəli ərizəçiyə cavab məktubunda qeyd edilmişdir ki, ərizəçinin Xarici İşlər Nazirliyinə daxil olmuş xx.xx.2025-ci il tarixli müraciətinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Konsulluq idarəsi tərəfindən baxılmışdır. Ərizəçinin müraciətinə cavab olaraq, ölkəmizə repatriasiya olunarkən Suriya Ərəb Respublikasında dünyaya gəlmiş övladları xx.xx.20217-ci il təvəllüdlü İmran İsmayılov və xx.xx.2020-ci il təvəllüdlü Mohammad İsmayılovun sənədləşmə işləri ilə əlaqədar Türkiyə Respublikasının səlahiyyətli tibb mərkəzi tərəfindən həyata keçirilmiş DNT testlərinin nəticələrinin surətinin aidiyyəti məhkəmə orqanlarına təqdim edilməsi məqsədilə əlavədə diqqətinə təqdim edilmişdir. Həmin məktuba qoşma kimi əlavə edilmiş DNT testlərinin nəticəsindən görünür ki, ABL laboratoriyalarında aparılan DNT (DNA) testi nəticəsinə görə; "potensial ana" Ərizəçi, "1-ci uşaq" İmran İsmayılovun anası olması ehtimalının % 99.99999, "2-ci uşaq" Muhammed İsmayılovun anası olması ehtimalının % 99.9999999 olduğu müəyyən edilmişdir. İş materiallarına xx.xx.2017-ci il tarixdə Suriyada doğulduğu qeyd edilən İmran İsmayılova aid, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi tərəfindən verilmiş AA0260862 nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi və xx.xx.2020-ci il tarixdə Suriyada doğulduğu qeyd edilən Muhamməd İsmayılova aid, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi tərəfindən verilmiş AA0260863 nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, xx.xx.2017-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə Suriya Respublikasında Ərizəçi tərəfindən oğlan cinsli iki uşaq doğulub. Hər iki uşağın doğumu səlahiyyətli dövlət orqanlarında qeydə alınmayıb. Uşaqlar hazırda sağlam olmaqla ərizəçinin himayəsində yaşayır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, ərizəçinin lazımi sənədi başqa qaydada ala bilməməsi təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin doğum faktının müəyyən edilməsini xahiş etdiyi uşaqlarının şəxsiyyətini təsdiq edən sənədinin olmaması, onun bir sıra hüquqlarının həyata keçirilməsində ciddi maneədir. Bu baxımdan ərizədə qoyulan tələbin təmin edilməsi ilk növbədə doğum faktı müəyyən edilən şəxslərin qanuni mənafelərinin müdafiəsi baxımından zəruridir. Odur ki, ərizə təmin edilməli və hər iki uşağın doğum faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. xx.xx.2017-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə Suriya Respublikasında Ərizəçi oğlan cinsli iki uşağın doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Fərhadov