Məhkəmə qərarları › İş №2(125)-142/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-142/2023

03.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-142/2023 03.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş yaşayış evi və həyətyanı hasarın sökülməsi, həmin torpaq sahəsinin boşaldılaraq istifadəyə qaytarılması» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində iddiaçının mülkiyyətində olan 0,04 hektar torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində cavabdehin inşa etdirdiyi yaşayış evi və həyətyanı hasarın sökülməsi, həmin torpaq sahəsinin boşaldılaraq, iddiaçının istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında iddianı müdafiə edərək, bildirdi ki, Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kəndi ərazisindəki 0,04 hektar torpaq sahəsi tam mülkiyyət hüququ əsasında ona məxsusdur və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışı mövcuddur. Təxminən 2021-ci ilin yanvar ayında ona məlum olmuşdur ki, Cavabdeh ona məxsus torpaq sahəsini zəbt edərək orada ev inşa etdirmişdir. Bu səbəbdən o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, torpaq sahəsinin sərhədlərinin müəyyən olunmasını xahiş etmiş, cavabında ona məxsus torpaq sahəsinin şimal-şərq tərəfdən daş hasarla hasarlanması qeyd olunmuşdur. Bundan sonra o, Cavabdeh zəbt etdiyi torpaq sahəsini boşaltmasını tələb etsə də, Cavabdeh onun həmin tələbinin icrasından imtina etmişdir. Bununla da Cavabdeh tam mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsini zəbt etmiş, həmin sahədə yaşayış evi tikmiş və həyətyanı hasar çəkdirmişdir. Qeyd olunan səbəbdən də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X3 iddiaçının izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, o, uzun müddət müxtəlif işlərdə işləyib, öz əməyi hesabına torpaq sahəsi almaq və orada fərdi yaşayış evi tikmək üçün çalışmışdır. 2018-ci ilin yay aylarında o, Gəncə şəhərində həyətyanı torpaq sahəsi almaq qərarını qətiləşdirmiş və bu məqsədlə də satılan torpaq sahələrini araşdırmağa başlamışdır. Onun almaq məqsədi ilə torpaq sahəsi axtardığı müddət ərzində ona daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ qeydə alınmamış ucuz qiymətə çoxsaylı torpaq sahəsi təklif olunsa da, o, həmin torpaq sahələrindən heç birini almamış, hazırda mübahisə predmeti olan torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığına görə digərlərindən baha qiymətə olsa da həmin torpaq sahəsini almışdır. Bununla da o, ümid etmişdir ki, aldığı torpaq sahəsinə və onun üzərində tikiləcək tikiliyə mülkiyyət hüququnu heç kim mübahisələndirə bilməz. Buna görə də o, həmin torpaq sahəsinin üzərində tikililər inşa etməyə başlamışdır. Lakin bundan bir müddət sonra İddiaçı ona qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əvvəlcə o, İddiaçı iddiasını ciddi qiymətləndirməmiş və torpaq sahəsinin əsl mülkiyyətçisinin özü olduğunu düşünmüşdür. Məhkəmə tikinti-texniki ekspertizasının 30 may 2023-cü il tarixli 10/657 nömrəli ekspert rəyi ona təqdim edildikdən sonra 2018-ci ildə ona satılmış torpaq sahəsinin sərhədləri düzgün göstərilmədiyinə görə o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsindən müxtəlif dövlət orqanlarına şikayətlər etməyə başlamışdır. İddiaçı ona qarşı olan iddiası qanunsuz və əsassızdır. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri və iddiaçının nümayəndəsini (vəkilini) dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində **********56 reyestr nömrəli 0,04 hektar yaşayış məntəqəsi torpağına İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 12 mart 2015-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan 12 mart 2015-ci il tarixli AA seriyalı 006814 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində **********56 reyestr nömrəli 0,04 hektar yaşayış məntəqəsi torpağının döngə nöqtələri dəqiq göstərilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində **********55 reyestr nömrəli 0,04 hektar yaşayış məntəqəsi torpağına Cavabdeh Arzuman qızının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 03 iyul 2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan 02 iyul 2018-ci il tarixli A seriyalı 242216 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində **********55 reyestr nömrəli 0,04 hektar yaşayış məntəqəsi torpağının döngə nöqtələri dəqiq göstərilmişdir. İşdə olan 19 iyun 2018-ci il tarixli 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində 0,04 hektar yaşayış məntəqəsi torpağını Cavabdeh 4.800 manat məbləğinə X1 almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə ki, iş materiallarında olan məhkəmə tikinti-texniki eksertizasının 30 may 2013cü il tarixli 10/1657 nömrəli rəydən görünür ki, RX seriyalı ******* nömrəli çıxarışın AA seriyalı 006814 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətində olan 400 kvadrat metr torpaq sahəsinin naturada yerləşmə mövqeyi müəyyən olunmuşdur. RX seriyalı ******* nömrəli çıxarışın AA seriyalı 006814 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətində olan 400 kvadrat metr torpaq sahəsi üzərində, Cavabdeh tərəfindən 21 metr uzunluğunda daş hasar və həmin torpaq sahəsinin 53 kvadrat metr hissəsi üzərində isə fərdi yaşayış evinin tikildiyi müəyyən olunmuşdur. RX seriyalı ******* nömrəli çıxarışın AA seriyalı 006814 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətində olan 400 kvadrat metr torpaq sahəsinin 138 kvadrat metr hissəsi, Cavabdeh faktiki istifadəsindədir. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin zəbtdən azad edilməsi barədə tələb irəli sürməkdə haqlıdır. Belə ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyindən göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi zəbt edilmiş, hətta Cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evi və daş hasar da iddiaçıya məxsus torpaq sahəsinin üzərində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, İddiaçı mülkiyyətində olan (RX seriyalı ******* nömrəli çıxarış, AA seriyalı 006814 nömrəli torpaq sahəsinin plan və ölçüsü) və Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində yerləşən **********56 reyestr nömrəli 400 kvadrat metr yaşayış məntəqəsi torpağında Cavabdeh tərəfindən tikilmiş 21 metr uzunluğunda daş hasar və həmin torpaq sahəsinin 53 kvadrat metr hissəsi üzərində fərdi yaşayış evi sökülməli, Cavabdeh həmin torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 138 kvadrat metr hissəsi boşaldılaraq, İddiaçı təhvil verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iş üzrə tikintitexniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 50 manat məbləğində pul vəsaiti Cavabdeh Arzuman qızından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalı, dövlət rüsumunun ödənilməsinə və mütəxəssis rəyinin verilməsinə sərf olunmuş vəsait isə İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı mülkiyyətində olan (RX seriyalı ******* nömrəli çıxarış, AA seriyalı 006814 nömrəli torpaq sahəsinin plan və ölçüsü) və Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində yerləşən **********56 reyestr nömrəli 400 kvadrat metr yaşayış məntəqəsi torpağında Cavabdeh tərəfindən tikilmiş 21 metr uzunluğunda daş hasar və həmin torpaq sahəsinin 53 kvadrat metr hissəsi üzərində fərdi yaşayış evi sökülsün. İddiaçı mülkiyyətində olan (RX seriyalı ******* nömrəli çıxarış, AA seriyalı 006814 nömrəli torpaq sahəsinin plan və ölçüsü) və Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində yerləşən **********56 reyestr nömrəli 400 kvadrat metr yaşayış məntəqəsi torpağından Cavabdeh çıxarılsın. İddiaçı mülkiyyətində olan (RX seriyalı ******* nömrəli çıxarış, AA seriyalı 006814 nömrəli torpaq sahəsinin plan və ölçüsü) və Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində yerləşən **********56 reyestr nömrəli 400 kvadrat metr yaşayış məntəqəsi torpağının Cavabdeh tərəfindən zəbt edilmiş 138 kvadrat metr hissəsi boşaldılaraq, İddiaçı təhvil verilsin. Cavabdeh tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar