Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1443/2022 05.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin ona məxsus Gəncə şəhəri Cavadbəy Rəfibəyli küçəsi ev 34-də olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Cavadbəy Rəfibəyli küçəsi ev 34 mülkiyyət hüququ üzrə ona məxsusdur. Cavabdehlərdən Cavabdeh4 onun gəlini, digər Cavabdeh1 doğma qardaşı və sonuncunun ailə üzvləridir. Cavabdehlər qanunsuz olaraq ona məxsus evə qeydiyyata düşmüşlər, lakin orada heç vaxt yaşamamışlar. Onlar özlərinə məxsus evdə yaşasalar da, ona məxsus evdə qeydiyyatdadırlar. Cavabdehlərin ona məxsus evdən istifadə hüquqları olmadığından onun evində formal qeydiyyatda dururlar. Bu isə onun mülkiyyət hüququnun məhdudulaşdırılmasına səbəb olur. Odur ki, mən məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlər faktiki olaraq onun evində yaşamasalar da, formal olaraq onun evində qeydiyyatdadırlar. Cavabdehlər faktiki olaraq ona məxsus evdə yaşamadığına görə həmin evindən istifadə hüquqları itirilməlidir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaya mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddianın əsaslandığı hallardan da göründüyü kimi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh kimi gösatərilmiş şəxslər isə həmin fərdi yaşayış evində sadəcə pasport qeydiyyatına alınmış, heç vaxt sözügedən evdə yaşamamış, həmin evdən istifadə etməmişlər. Belə olan vəziyyətdə cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə hüquqlarının yaranmadığı müəyyən olunur. Lakin, iddiaçı cavabdehlərin ona məxsus evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi iddiaçının mövcud tələbi (iddiası) cavabdehlərin ona məxsus fərdi yaşayış evindən istifadə hüquqlarının olmaması ilə əsaslandırıldığından iddiaçı mülkiyyətində olan evə pasport qeydiyyatına alınmış şəxslərin pasport qeydiyyatından çıxarılması barədə ərizəsinin təmin edilməsindən inzibati orqan tərəfindən imtina edildiyi halda inzibati məhkəməyə müraciət etməli idi. Hazırkı əsaslarla bu iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya cavabdehlərin ona məxsus evdən pasport qeydiyyatından çıxarılmaları tələbi ilə ilkin olaraq Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etməsi, onun müraciətindən imtina edildikdə isə həmin orqana qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “istifadə hüququnun itirilməsi tələbi” barədə iddiasının iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə yazılı şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(125)-1443/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1443/2022
05.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver