Məhkəmə qərarları › İş №2(125)-1474/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1474/2022

04.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1474/2022 04.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh1 oğlunun iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin istifadəsinə verilmiş Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə 24 saylı binada 10 nömrəli mənzilə dair 05 may 2014cü il tarixli 24/10 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsinə, Cavabdeh1 oğlunun ailə üzvləri ilə birlikdə və qeyrilərinin həmin mənzildən çıxarılmalarına və mənzilin boşaldılıb Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə bina 24-də yerləşən 10 nömrəli mənzilin müvəqqəti istifadəyə verilməsinə dair 05 may 2014-cü il tarixli 24/10 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsinə, cavabdehlər Cavabdeh1 oğlunun, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılmalarına və mənzilin boşaldılıb Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə MPM-nin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşməsi kimi baxmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” qaydası təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin 05 may 2014-cü il tarixli “24/10” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkünlər Cavabdeh1 oğlu, Cavabdeh2 və Cavabdeh3 Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Gəncə şəhəri, Kəpəz rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 1500 ailəlik Yeni qəsəbədə 24 saylı binada 10 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Sahə rəisi tərəfindən Cavabdeh1 oğluna, Cavabdeh2 və Cavabdeh3 mənzildə yaşamadığı, mənzili başqa şəxsə kirayə verildiyi məlum olmuş və mənzilin başqa bir şəxsə kirayə verilməsinin qanunsuz olduğu bildirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavabdehlərin həmin mənzildə təyinatı üzrə yaşamadıqları və mənzili başqa şəxlərə kirayəyə vermələri ilə bağlı dəfələrlə həmin mənzildə olmuşlar və mənzildə başqa şəxslərin yaşadıqları məlum olmuşdur. Bu barədə hər dəfə akt tərtib olunmuşdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 oğlu iddianı qəbul etməyərək izahatında göstərdi ki, Kəlbəcər rayon 98 nömrəli orta məktəbdə müəllim işləyir. Oğlunu evləndirərək həmin mənzilə yığmışlar və özləri hal-hazırda qohumuna məxsus Avtozavodda yerləşən evdə müvəqqəti olaraq yaşayırlar. Sonradan oğlunun ailə münasibətləri baş tutmadığı üçün boşandılar və mənzildə yaşamadılar. Əgər zərurət yaranarsa gedib sözügedən mənzildə yaşayacaqdır. İddianın əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2014-cü il tarixli 24/10 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Gəncə şəhəri Yeni qəsəbə bina 24-də yerləşən 10 nömrəli 2 otaqlı mənzil Cavabdeh1 oğlunun, Cavabdeh2 və Cavabdeh3 müvəqqəti istifadəsinə verilmişdir. xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, Gəncə şəhər 1500 ailəlik Yeni qəsəbədə yaşayışı təmin etmək məqsədilə mənzillərə baxış keçirən zaman aşkar olunmuşdur ki, bina 24 mənzil 10 ünvanında müqavilə əsasında yaşamalı olan Cavabdeh1 oğlu və ailəsi yaşamır. Həmin mənzildə qeyri-qanuni olaraq başqa şəxslər yaşayır. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə cavabdehlərə göndərilmiş poçt zərflərindən görünür ki, cavabdehlərə müxtəlif vaxtlarda göndərilmiş zərflər geri qaytarılaraq həmin ünvanda yaşamadıqları qeyd edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hüquq normaları baxımından hesab edir ki, iddia təmin edilməlidir. «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər» haqqında Qanunun 2-ci maddəsinə əsasən xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Həmin Qanunun 4-cü maddəsinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: Müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; məşğulluğun təmin edilməsi; sosial təminat;tibbi təminat;təhsil hüququnun təmin edilməsi; nəqliyyat və mənzil-kommunal və digər güzəştləri və s. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra- Mənzil Məcəlləsi) 50-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra - yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir. Sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar. Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»-nın 3.2-ci bəndində qeyd olunur ki, məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğün olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Həmin Qaydanın 3.3-cü bəndində qeyd olunur ki, məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasnı həmin evə köçürmək hüququ yoxdur. Həmin qaydaların 3.7-ci bəndində qeyd edilir ki, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş faşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 24/10 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.7.1-ci bəndindən görünür ki, Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 (üç) aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Göründüyü kimi cavabdehlər yuxarıda qeyd olunan qaydanın və müqavilənin tələblərini pozaraq onlara verilmiş yaşayış sahəsində faktiki olaraq yaşamamışlar. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin müəyyən olunmuş hallarını araşdıraraq tədqiq olunmuş sübutlara hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, 05 may 2014-cü il tarixli 24/10 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə bina 24-də yerləşən 10 nömrəli mənzildən çıxarılmalı və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 oğlunun, Cavabdeh2 və Cavabdeh3 istifadəsinə verilmiş, Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə 24 saylı binanın 10 nömrəli mənzilinə dair 05 may 2014-cü il tarixli, 24/10 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə, bina 24-də yerləşən 10 nömrəli mənzildən çıxarılsınlar və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar