Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-151/2024 06.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri 2 saylı notariat ofisinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə və Gəncə şəhəri 2 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına olan Gəncə şəhər Gəncə Rayonlararası Təchizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3-də yerləşən bağ evini Cavabdeh2 ASC-nin xeyrinə yüklü edən onlar arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinin və kredit müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsi və kredit müqaviləsi etibarsız hesab edildikdən sonra mülkün həbsdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizəsinə əsasən Gəncə şəhəri 2 saylı notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 ASC ilə Cavabdeh1 arasında Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli, 3M-425 reyestr nömrə ilə təsdiq edilmiş 006M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən Gəncə şəhəri, Gəncə Rayonlararası Təchizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3-də yerləşən bağ evi xx.xx.2030-cu ilədək Cavabdeh2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin bağ evi ona mərhum həyat yoldaşı X1 miras qalmışdır. Cavabdeh1 saxta sənədlər düzəldərək əri ilə heç bir qohumluq münasibəti olmadığı halda mərhumun yeganə vərəsəsi kimi vərəsəlik şəhadətnaməsi alaraq evi öz adına rəsmiləşdirmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-658/2022 nömrəli qətnaməsinə əsasən Gəncə şəhəri 1 saylı notariat kontorunda Cavabdeh1 verilmiş xx.xx.2016-cı il tarixli, 2V-1-229 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə və 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** saylı çıxarış etibarsız hesab edilmişdir. Gəncə şəhəri, Gəncə Rayonlararası Təchizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3-də yerləşən bağ evinin ilkin hüquqi vəziyyətə qaytarılması qət edilmişdir. Məhkəmə baxışı zamanı Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən əmlakın üzərinə həbs qoyulmuşdur. Məhkəmə qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və rəsmi reyestrdən çıxarış etibarsız hesab edilərək mülkün əvvəlki vəziyyətə qaytarılması təmin edilsə də, həmin mülk ipoteka müqaviləsinə əsasən yüklü olduğu üçün iddiaçı əmlak üzərində sərəncam verə bilmir. İddiaçı onkoloji xəstədir, evi adına keçirib sataraq müalicə xərclərini qarşılamaq istəyir. İpoteka müqaviləsinə görə evi sata bilmir. Borc ödənilir, təkcə 6000 manat borca görə əmlak üzərində yüklülük qalmışdır. Kredit müqaviləsinin etibarsız hesab edilməsini ərizədə səhvən qeyd etmişlər və kredit müqaviləsinin etibarsızlığını tələb etmirlər. İddianın ipoteka müqaviləsinin etibarsız hesab edilməsni məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, evi ona satmışdırlar, 2013-cü ildə 35000 manata almışdır. Pulunu hələ də ödəyir. İddiaçının oğlu demişdir ki, “Get evin sənədini al, evi sənin adına keçirək.” 7 il sonra evi təmir etmək üçün pul götürmüş, müharibə başladığı üçün yarımçıq qalmışdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 QSC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, bank əmlakı ipoteka predmeti olaraq qəbul etmişdir. Hər ay 200 manat pul tutulur. Vətəndaş çıxarış təqdim etmiş, bank da ipoteka ilə kredit vermişdir. Bank ipoteka saxlayarkən vicdanlı olmuşdur. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ünvan 1 ünvanlayaraq məhkəmə iclasının notariat ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-658/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 1 saylı notariat ofisinə, Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi, mülkün əvvəlki vəziyyətinə qaytarılması, vərəsəliyin müəyyən edilməsi, vərəsə tanınma və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Gəncə şəhəri 1 saylı notariat kontorunda Cavabdeh1 verilmiş xx.xx.2016-cı il tarixli, 2V-1-229 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2018-ci il tarixli, ********** saylı çıxarış etibarsız hesab edilmiş və Gəncə şəhəri, Gəncə rayonlararası təchizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3-də yerləşən bağ evinin ilkin hüquqi vəziyyətə qaytarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)- 2207/2022 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-658/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-8316/2023 nömrəli məktubdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Gəncə şəhəri İK-nin xx.xx.1988-ci il tarixli, 1 nömrəli sərəncamı əsasında Gəncə şəhəri, Nizami rayonu, Gəncə rayonlararası təchizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3 ünvanında yerləşən torpaq sahəsi X2 adına xx.xx.2005-ci il tarixli, 22022 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.2016-cı il tarixli, 2V-1-229 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Gəncə şəhəri, Nizami rayonu, Gəncə rayonlararası təchizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3 ünvanında yerləşən bağ evi Cavabdeh1 verilmişdir. Cavabdeh1 adına xx.xx.2016-cı il tarixli, **********30-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh2 QSC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən qeyd olunan ünvanda yerləşən əmlak Cavabdeh2 QSC-nin xeyrinə yüklü edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin MTT(044)-27/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Gəncə şəhəri, Nizami rayonu, Gəncə rayonlararası təchizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3 ünvanında yerləşən bağ evinə həbs qoyularaq özgəninkiləşdirilməsi qadağan edilmişdir. - RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Gəncə rayonlararası təchizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3 ünvanında yerləşən ümumi sahəsi 111,8 kv.m olan bağ evi və 0,0161 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına rəsmi reyestrdə qeydə alınmışdır. - xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Gəncə rayonlararası təchizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3 ünvanında yerləşən ümumi sahəsi 111,8 kv.m olan bağ evi K/M 006L**********65 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin təminatı kimi xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixədək 120 ay müddətə Cavabdeh2 QSC-nin xeyrinə yüklü edilərək bu barədə daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Gəncə şəhəri 2 saylı notariat ofisində 3M-425 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli, 006L**********5 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyan-borcalan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Gəncə rayonlararası təchizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3-də istifadədə olan 0,0161 ha torpaq sahəsində yerləşən 111,8 m² ümumi sahədən ibarət bağ evini ipoteka saxlayan Cavabdeh2 QSC-nin xeyrinə yüklü etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçı iddia etmişdir ki, Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və rəsmi reyestrdən çıxarış məhkəmə qətnaməsinə əsasən etibarsız hesab edilərək mülkün əvvəlki vəziyyətə qaytarılması təmin edilsə də həmin mülk ipoteka müqaviləsinə əsasən yüklü olduğu üçün əmlak üzərində sərəncam verə bilmir. Onkoloji xəstədir, evi adına keçirib sataraq müalicə xərclərini qarşılamaq istəyir. İşin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və daşınmaz əmlakın rəsmi reyestrindən çıxarış etibarsız hesab edilərək iddiaçının ərinə məxsus əmlak əvvəlki vəziyyətinə qaytarılsa da, ipoteka müqaviləsi bağlanaraq bank ipoteka saxlayarkən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq vicdanlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. MM-in 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. MM-in 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2018-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Qeyd edilməlidir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. Məhkəmə hesab edir ki, Cavabdeh2 QSC mübahisəli bağ evini ipoteka saxlayarkən vicdanlı əldə edən olmuşdur. Ona görə də, Gəncə şəhəri, Nizami rayonu, Gəncə rayonlararası təchizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3 ünvanında yerləşən bağ evinin ipoteka qoyulmasına dair Cavabdeh2 QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-425 reyestr nömrəli ipoteka müqaviləsi etibarsız hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri 2 saylı notariat ofisinə qarşı ipoteka müqaviləsinin və kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri 2 saylı notariat ofisinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-151/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-151/2024
06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver