Məhkəmə qərarları › İş №2(125)-1535/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1535/2022

08.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1535/2022 08.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, onu, mülkiyyətində olan Gəncə şəhəri, Totanlı küçəsində yerləşən 454A nömrəli evə köçürülməsinə və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışlar ki, Gəncə şəhəri, Nizami rayonu, Totanlı küçəsi, 80 saylı fərdi yaşayış evi və torpaq sahəsi onun şəxsi mülkiyyətindədir. Həmin ünvanda ondan başqa cavabdehlər və onların uşaqları yaşayırdılar. Cavabdehlər onun yaşlı olduğundan istifadə edərək ona baxmırlar, onu döyürlər, pensiyanı tələb edirlər. Cavabdehlər onu evdən qovmuş öz əmlakından məhrum etmişlər. O, hazırda məcbur olub müvəqəti qızı Sədaqətin evində yaşayır. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 yazılı ərizə təqdim edərək iş üzrə iddia tələbini qəbul etdiklərini və İddiaçı adı çəkilən mənzilə köçürülməsinə razı olduqlarını bildirdilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin iddiaçı məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən cavabdehləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan, ona əlavə edilmiş, lazımi qaydada təsdiq edilmiş sənədlərdən görünür ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 851 saylı sərəncamına əsasən ünvan 1 ünvanda müvafiq icazə sənədləri olmadan inşa edilmiş tikili “A”-da 22.0 kvm, 21.4 kvm iki yaşayış otaqları, 23.7 kvm örtülü eyvan, 19.5 kvm zirzəmi, tikili “B”-də 30.4 kvm tövlə və 400.0 kvm torpaq sahəsinin qanunlaşdırılaraq İddiaçı adına qeydiyyata alınması haqqında rəy təsdiq edilmişdir, mülkün 673.0 kvm torpaq sahəsinin qalan 273.0 kvm hissəsi yerli Sovetinin torpaq fondunda saxlanılmışdir. İddiaçı hal-hazırda ünvanı Todan küçəsi, 80 (Əzizbəyov küçəsi 454A) olan fərdi yaşayış evinə (tikili “A”-da 43.4 kvm iki yaşayış otaqları, 23.7 kvm yardımçı sahə) xx.xx.1992-ci il tarixli 6035 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Məhkəmə icraatı zamanı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş ərizələrdən hazırkı iş üzrə iddianı etiraf edirlər, iddiaçının mübahisəli evə köçürülməsinə etiraz etmirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırkı iş üzrə iddiaçı mülkiyyətində olan evə köçürülməsi barədə qətnamə çıxarılması üçün məhkəməyə müraciət etmişdir. İş üzrə tədqiq edilmiş sənədlərdən iddiaçının mülkiyyət və tələbinin əsaslı olması müəyyən edilmişdir. Bununla yanaşı, cavabdehlər hər biri ayrı-ayrılıqda verdikləri ərizələrlə iddianı etiraf etmişdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər tərəfindən etiraf edilərək qəbul edildiyindən və bu barədə məhkəməyə yazılı ərizə təqdim edildiyindən, iddiaçı iddianı sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, cavabdehlərin iddianı etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Buna görə məhkəmə hesab edir ki, iddianın cavabdehlər tərəfdən etirafı qəbul edilərək iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Gəncə şəhəri, Totanlı küçəsində yerləşən 454A nömrəli evə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar