Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1547/2023 23.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Şəmsi oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “daşınar əşyanın sahibsiz hesab edilməsi və üzərində mülkiyyət hüququnun tanınması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, “Ural” markalı yük avtomobilinin sahibsiz hesab edilməsi və onun üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ermənistan SSR-də doğulmuş, qaçqın düşənə qədər Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunun Bala Məzrə kəndində yaşamış və həmin kənddə olan Məşədi Əzizbəyov adına kolxozda sürücü işləmişdir. Məlum hadisələrlə əlaqədar 1988-ci ildə Ermənistan SSR-dən qaçqın düşərək Azərbaycan Respublikasına gəlmiş, o zamanın ağır və dözülməz şəraitində bütün əmlaklarını özləri ilə götürüb gətirmək mümkün olmamış və yalnız həmin dövrdə onun Ermənistan SSR-də işlətdiyi Bala Məzrə kəndində olan Məşədi Əzizbəyov adına kolxozun “Ural” markalı yük avtomobilinə yükləyə bildiyi bir qisim ev əşyalarını ölkəyə gətirə bilmişdir. 1988-ci ildən bu günədək həmin avtomobil onun məskunlaşdığı həyətdə istifadəsiz qalmışdır. Həmin avtomobilin sənədləri olmadığından bu müddət ərzində ondan istifadə edə bilməmişdir. Bu faktı təsdiq edən çoxlu sayda şahidlər var. Hazırda ailə durumu qənaətbəxş deyil, o, işləmək və ailəsini dolandırmaq istəyir, lakin avtomobilin qanuni sənədləri olmadığından onu işlədə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadə verərək bildirdi ki, ərizəçi onun həmkəndlisidir. O, Ermənistanda Safalanla eyni kənddə, Basarkeçər rayonunun Bala Məzrə kəndində yaşamışdır. Kənddə yaşayan şəxslər 1988-ci ildə bir-iki ay ərzində Bala Məzrə kəndindən hissə-hissə köçmüş, bir çoxu, o cümlədən onun və Safalanın ailəsi Gəncə şəhərində məskunlaşmışdır. Safalan kənddə kolxozda sürücü işləmiş, “URAL” markalı bortlu yük avtomobili idarə etmişdir. Ermənistandan qaçqın kimi gələrkən insanlar əşyalarını yığmağa avtomobil tapmaqda çətinlik çəkmişlər. Həmin vaxt Safalan idarə etdiyi “URAL” markalı yük maşını ilə əşyaları Bala Məzrə kəndindən daşıyıb gəlmiş, avtomobil də Gəncə şəhərində məskunlaşdığı evin həyətində qalmışdır. Məhkəmə iclasında dindirilmiş şahid X11 ifadə verərək bildirdi ki, o, Ərizəçi ilə Ermənistan SSR-in Basarkeçər rayonunun Bala Məzrə kəndində qonşu olmuşdur. O, 1987-ci ilədək Ermənistanda yaşamış, hərbi xidmətdən qayıtdıqdan sonra Gəncə şəhərinə gəlmişdir. Safalan kolxozda sürücü işləmiş, “URAL” markalı bortlu yük avtomobilini idarə etmişdir. Qaçqın kimi gələrkən Safalan əşyaları həmin avtomobilə yığıb Gəncə şəhərinə gəlmişdir. Safalanın Ermənistanda idarə etdiyi “URAL” markalı yük avtomobili hazırda evinin həyətindədir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Əsli məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Qaçqınlar Cəmiyyətinin 014020 nömrəli vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə Ərizəçi 18 iyun 1990-cı il tarixdə verilmişdir. Əsli məhkəmə iclasında tədqiq edilmiş АРМ seriyalı ******* nömrəli 10 noyabr 1988ci il tarixli əmək kitabçasının surətindən görünür ki, Ərizəçi 23 yanvar 1978-ci ildən 10 may 1980-ci ilədək Vardenis rayonunun Bala Məzrə kəndinin kolxozunda kolxozçu, xx.xx.1982ci il tarixdən xx.xx.1988-ci il tarixədək kolxozda sürücü işləmişdir. Gəncə Avtoservis və Ticarət Müəssisəsi Gəncə 9 nömrəli texniki xidmət emalatxanasının 15 mart 2023-cü il tarixli 33 nömrəli arayışdan görünür ki, X2 Salafaln Bahadur oğlunun müraciəti əsasında “URAL 4320” markalı xaki rəngli yük avtomobilinə vizual baxış keçirtmiş, avtomobilin dövlət qeydiyyat nişanı, mühərrikin nömrəsi, kabina və rama hissəsində nömrə olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin Gəncə Regional Qeydiyyat İmtahan və X9 10 aprel 2023-cü il tarixli 2723/2023 nömrəli məktubundan görünür ki, “URAL-4320” markalı xaki rəngli nəqliyyat vasitəsinə DİN-in BDYPİ-nin Gəncə RQİ və TBŞ-də baxış keçirilmiş və nəqliyyat vasitəsinə dair texniki müayinə aktı tərtib edilmişdir. Ərizəçi adına heç bir nəqliyyat vasitəsi qeydiyyata alınmamış, təqdim etdiyi “URAL-4320” markalı nəqliyyat vasitəsi X1rlanmış və ya qaçırılmış avtomobillərin siyahısında yoxdur. Nəqliyyat vasitəsinin texniki müayinə aktından görünür ki, “URAL- 4320” markalı avtomobilin dövlət qeydiyyat nömrəsi, qeydiyyat şəhadətnaməsi yoxdur, mühərrik - KAMAZ-740 olmaqla nömrəsi yoxdur, şassi birkasız, ban nömrəsi yoxdur, buraxılış ili təyin olunmamış, avtomobilin texniki vəziyyəti nasazdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.7-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxs mülkiyyətçisi olmayan əmlaka, mülkiyyətçisi məlum olmayan əmlaka və ya mülkiyyətçisinin imtina etdiyi və ya qanunda nəzərdə tutulmuş digər əsaslarla mülkiyyət hüququnu itirdiyi əmlaka mülkiyyət hüququ əldə edə bilər. Həmin Məcəllənin 184.1-ci maddəsinə əsasən, əgər sahibsiz daşınar əşyanın mənimsənilməsi bu Məcəllə ilə qadağan edilməmişsə və ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını pozmursa, şəxs həmin əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 184.2-ci maddəsinə əsasən əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.4-cü maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 323.1-ci maddəsinə əsasən daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir. 326.1-ci maddəsinə əsasən məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla - ərizəçinin izahatı, şahidlərin ifadələri, texniki müayinə aktı ilə müəyyən olundu ki, sözügedən əmlak keçmişdə Ermənistan SSR Basarkeçər (Vardenis) rayonunda yerləşən Bala Məzrə kəndinin kolxozuna məxsus olmuş, ərizəçi 1988-ci ilədək həmin kolxozda sürücü işləmiş, hazırda həyətində olan “URAL -4320” markalı avtomobili idarə etmişdir. 1988-ci ildə azərbaycanlı əhaliyə qarşı həyata keçirilən faşizm siyasəti ilə əlaqədar öz yaşadığı yeri tərk edib Azərbaycan Respublikasının ərazisinə qaçqın kimi gəlmiş və Gəncə şəhərində məskunlaşmışdır. Ərizəçi gələrkən istifadəsində olan yük avtomobili ilə özünə və ailəsinə məxsus əşyaları gətirmişdir. Hazırda həmin avtomobilin mülkiyyətçisi və eləcə də əmlaka ərizəçidən başqa sahiblik iddia edən şəxs yoxdur. Yük avtomobili oğurlanmamış və qaçırılmamışdır. Hazırda avtomobil ərizəçinin faktiki sahibliyindədir. Nəqliyyat vasitəsi mülki dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan edilmiş əşya deyildir. Bu baxımdan sahibsiz nəqliyyat vasitəsinin mənimsənilməsi qanunla qadağan edilmir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, “URAL-4320” markalı yük avtomobili sahibsiz hesab edilməli və həmin avtomobil üzərində Ərizəçi mülkiyyət hüququ tanınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305-311, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi faktiki sahibliyində olan, “URAL-4320” markalı, ban və mühərrik nömrəsi olmayan, xaki rəngli yük avtomobili sahibsiz hesab edilsin və həmin yük avtomobili üzərində Ərizəçi mülkiyyət hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(125)-1547/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1547/2023
23.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver