Məhkəmə qərarları › İş №2(125)-1550/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1550/2023

24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1550/2023 24.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 686 manat ödənilməmiş məbləğ, 100 manat cərimə olmaqla cəmi 786 (yeddi yüz səksən altı) manat borcun və 30 manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh olan Cavabdeh xx.xx.2021-ci il tarixdə mağazaya gələrək, mağazadan bir ədəd dəyəri 576 manat olan “Redmi 9T” markalı telefonu tərtib olunmuş qrafiq üzrə ödəniş etmək şərti ilə 1 il müddətinə “Nisyə alqı-satqı müqaviləsi” əsasında götürmüşdür. Qrafik üzrə telefona görə cəmi 4 ay ödəniş etdikdən sonra, yenidən mağazaya gələrək mağazanın etibarindan istifadə edərək dəyəri 540 manat dəyərində «Samsung A03» markalı telefonu 1 il müddətinə “Nisyə alqı-satqı” müqaviləsində qeydlər etdirməklə götürmüşdür. Həmin məbləğdən cəmi 2 ay ödəniş etmişdir. Hazırda cavabdehin mağazaya 686 (altı yüz səksən altı) manat borcu qalmaqdadır. Mal alan ’’Nisyə alqı-satqı” müqaviləsinin şərtinə əməl etməmişdir. Cavabdehlə dəfələrlə əlaqə yaradılmasına baxmayaraq, mağazanın tələblərinə əməl etməmiş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınmışdır. Ötən müddət ərzində cavabdehə xəbərdarlıq məktubu da göndərilmişdir. Lakin bunun da, heç bir müsbət nəticəsi olmamışdır. Cavabdehin borcu ödəmək fikri yoxdur. Cavabdeh borcu könüllü mağazaya ödəmək istəmir. Beləliklə də cavabdehin hərəkəti nəticəsində mağazaya xeyli miqdarda ziyan dəymiş, yəni nisyə götürülmüş malın pulu mağazanın dövriyyəsinə daxil olmamışdır. Cavabdeh bu günə kimi mağazaya ziyan vurmaqda davam edir. Müqavilə bağlanan zaman mal alanla mağaza arasında vaxtında öhdəliyi yerinə yetirməyəcəyi təqdirdə mağazaya vurduğu ziyana görə, dəbbə pulu kimi 100 (bir yüz) manat ödəməli olacağı barədə xəbərdarlıq edilmişdir. Bu barədə müqavilədə qeyd aparılmış və cavabdeh tərəfindən imza edilmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçıdan hissə-hissə ödəmək şərti ilə alqı-satqı qiyməti 576 manat olan “Redmi 9T” markalı telefon və alqı-satqı qiyməti 540 manat olan «Samsung A03» markalı telefon almışdır. Ödəniş cədvəlindən görünür ki, cavabdeh borcunun bir qismini ödəmiş 686 manat borcu qalmışdır. xx.xx.2022-ci il tarixli xəbərdardıqdan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sora- MM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehə yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sora- MM) 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıyır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 686 manat ödənilməmiş məbləğ, 100 manat cərimə olmaqla, cəmi 786 (yeddi yüz səksən altı) manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə verilərkən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alqı satqı müqaviləsi üzrə 686 manat ödənilməmiş məbləğ, 100 manat cərimə olmaqla, cəmi 786 (yeddi yüz səksən altı) manat pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar