Məhkəmə qərarları › İş №2(125)-1560/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1560/2022

11.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1560/2022 11.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Ənvər Arazov küçəsi, 60 nömrəli evə istifadə hüququnun tanınması, həmin evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, əvvəllər ünvanı Samux rayonu, İnstitut qəsəbəsi olmuş 0,04 ha torpaq sahəsində 2009-cu ilin əvvəlində tikilən ev hazırda ünvan 2 ünvan hesab olunur. Həmin evi o, mərhum həyat yoldaşı Fazil Məhərrəmovla birgə tikmişdir. Evin hər daşında onun ağır zəhmətinin izi vardır. Onun ailəsi Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 144 nömrəli evin 22-ci mənzilində yaşamışdır. Onlar, 2008-ci ildə X5 adında bir qadından onun 0,08 ha torpaq sahəsinin yarısını, yəni 0,04 hektarını qeyrirəsmi olaraq almış, həmin sahədə yaşayış evi tikintisinə başlamış, tikintiyə o cümlədən Ü.Hacıbəyov küçəsi, 144/22-də yerləşən mənzilin alğı-satqısından əldə etdikləri pulu sərf etmişlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda həyat yoldaşı ilə birlikdə tikdirdiyi həmin evin tarixçəsi xeyli fərqlidir. Orada yazılır ki, bu evin torpaq sahəsi xx.xx.2005-ci il tarixli JN-049F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə görə Yasəmən Xudatovanın mülkiyyəti olmuş, xx.xx.2015-ci il tarixdə onun tərəfindən 4Ə- 3234 nömrəli müqavilə ilə oğlu X8 bağışlanmış, sonuncu isə torpağın 0,04 ha hektarını xx.xx.2016-cı il tarixdə kiçik övladı Cavabdeh satmışdır. (Vüsal kiçiyi olduğundan və o zamanlar onunla yaxşı rəftar etdiyindən güman edirdi ki, həyatının sonunu onun ailəsi ilə keçirsə ona xoş olar. Ona görə də alğı-satqını öz adına yox, onun adına rəsmiləşdirmişdir) Həmin vaxt 0,04 ha torpaq sahəsi satılmamış yalnız 2008-ci ildə satıcının anası Yasəmənlə torpaq sahəsinə dair faktiki bağlanmış alğı-satqı rəsmiləşdirilmişdir. Özü də həmin vaxt onun üzərində 2009-cu ilin əvvəlinə kimi onun həyat yoldaşı ilə birgə tikdirdiyi ev olmuşdur. Özbaşına tikilmiş həmin ev qeydiyyatda olmadığı üçün alğı-satqı müqaviləsində və həmin müqavilə əsasında alınmış hüquqların qeydiyyatına dair çıxarışda qeyd edilməmişdir. Evi yalnız 2021-ci ildə "xxxx" MMC-dən tikinti haqqında formal sənədlər alınandan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq mümkün olmuşdur. Başqa sözlə, evi 22 il müddətində qeydiyyatsız qalmışdır. Torpaq sahəsi kimin adınadır, ev də onun adına rəsmiləşdirilə bilərdi. Bu qanunun tələbidir. Ona görə də ev oğlu Vüsalın mülkiyyəti kimi qeydə alınmışdır. O və Vüsal eləcə də başqa oğlu Elmir o zamana kimi Ü.Hacıbəyov küçəsi, 144 nömrəli evin 22-ci mənzilində qeydiyyatda qanunsuz qalmışlar. Mənzili onlardan alan adam susmuşdur. Lakin bu yaxınlarda o, mənzili başqa şəxsə satarkən ondan and almışdır ki, mənzilə formal qeydiyyatlarını ləğv etdirəcəklər. Cavabdeh - oğlu Vüsal mənzilin qeydiyyatından çıxmış adına olan evin qeydiyyatına düşmüş, lakin onu və qardaşı Elmiri isə evinin qeydiyyatına saldırmamış, Elmir etiraz edəndə, onu evdən qovmuş, onu isə evdən qovmaqla hədələmişdir. Az sonra isə onun digər uşaqları ilə mehribançılığını görmüş, evin ona məxsus olmasını əsas götürərək, ona qarşı əsassız ittihamlarla müşayiət olunan təhqirlərə keçmişdir. Elə vəziyyət yaranmışdır ki, o, öz əli ilə tikdiyi evə hər gün gedə bilmir, çünki Vüsal alkoqola qurşanmışdır, sərxoş olanda ağzının sözünü bilmir. Vüsal ona qarşı hərəkətini, əslində qəddarlığını evin rəsmiyyətdə ona mənsub olması ilə əsaslandırır. Hesab edir ki, bir halda ki, ev onun adınadır, deməli yaşayanlara o, cümlədən evi tikib ona vermiş anasına istədiyi zülmü edə bilər. Davadan qaçmaq üçün o, evdən çıxmış, bu iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh onun doğma oğludur. 2008-ci ildə əri Fazil mübahisəli evin yerləşdiyi torpaq sahəsini almış və orada ev inşa etdirmişdir. Həmin evi o, mərhum həyat yoldaşı Fazil Məhərrəmovla birgə nikah dövründə əldə edilmiş qazanc hesabına tikdirmişdir. 2009-cu ilin təxminən axırlarında o, həyat yoldaşı və oğlu Vüsalla birlikdə mübahisəli evə köçmüşlər. 2014-cü ilin iyunun 17-də həyat yoldaşı vəfat etmişdir. 2016-cı ildə evin yerləşdiyi torpaq sahəsini cavabdeh alğısatqı yolu ilə əldə etmişdir. 2021-ci ildə isə cavabdeh mübahisəli evə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Elə vəziyyət yaranmışdır ki, o, öz əli ilə tikdiyi evə hər gün gedə bilmir və davadan qaçmaq üçün o, evdən çıxmaq məcburiyyətində qalır. Cavabdehin arvadı onunla pis rəftar edir. Odur ki, iddia tələbinin təmin edilməsini və onun mübahisəli Gəncə şəhəri Ənvər Arazov küçəsi 60 saylı evdən istifadə hüququ tanınmaqla həmin mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ifadə verərək bildirdi ki, İddiaçı onun doğma anasıdır. Gəncə şəhəri Ənvər Arazov küçəsi 60 saylı evin altında olan torpaq sahəsini 2008-ci ildə etibarnamə əsasında atası əldə etmişdir. Daha sonra mərhum atası Fazil 2009-cu ildə orada ev inşa etmiş və həmin ilin sonunda atası Fazil anası Brilyant və o mübahisəli evə köçüb yaşamışlar. Həmin vaxt evin sənədi olmamışdır. Torpaq isə başqa faktiki alğı satqı əsasında aldıqları şəxsin mülkiyyətində olmuşdur. 2014-cü ildə atası Fazil dünyasını dəyişmişdir. Bundan sonra 2016-cı ildə o, torpağın mülkiyyətçisi ilə arasında notariusda alğı-satqı müqaviləsi bağlamış və torpağı öz mülkiyyətinə keçirmişdir. Daha sonra 2021-ci ildə DƏDRX-nin ərazi idarəsinə müraciət edərək mübahisəli evə də mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Hazırda İddiaçı ilə mübahisəli evdə yaşayır. Arvadı ilə anası arasında tez-tez evdən istifadə qaydaları ilə bağlı mübahisə düşür. O, anasının mübahisəli evdə yaşamasına etiraz etmir. Ancaq onun həmin evə qeydiyyata düşməsinə və ona istifadə hüququnun verilməsinə razı deyildir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi Dairəsi tərəfindən verilmiş daşınmaz əmlaka dair arayışın təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********49 nömrəli məktubdan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən X2 adına Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinə dair xx.xx.2015ci il tarixli, JN-049F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. Gəncə Asan mərkəzində notariat kontorunun xx.xx.2015-ci il tarixli 4Ə-3234 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu torpaq sahəsi X8 bağışlanmışdır. X8 İnstitut qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinə xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə “Asan xidmət” mərkəzində notariat kontorunun xx.xx.2016-cı il tarixli 4Ə-1156 saylı alğı-satqı müqaviləsinə əsasən X10 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsini Cavabdeh satmışdır. Alıcıya Gəncə şəhəri, Kəpəz rayonu ərazisində yerləşən 0,04 ha torpaq sahəsinə xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə "xxxx" MMC tərəfindən Cavabdeh 0,04 ha torpaq sahəsində inşa edilmiş yaşayış evinə 2021-ci il tarixdə razılaşdırılmış eskiz-layihə verilmişdir. Bu sənədə əsasən Cavabdeh hal-hazırda ünvanı ünvan 3 torpaq sahəsində yerləşən tikili “A”-da 55,2 kvm üç yaşayış otaqları, 71,0 kvm köməkçi sahə, 14,2 kvm zirzəmi, tikili “B”-də 30,4 kvm əl damı-hamam, tikili “C”-də 8,1 kvm quş damı, tikili “İ”-də 83,6 kvm talvar) xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. xx.xx.2016-cı il tarixli, 4Ə-1156 saylı torpaq sahəsinin alğı-satqısı müqaviləsinin surətindən görünür ki, X3 rayonu, İnstitut qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsini Cavabdeh satmışdır. Cavabdeh satıcı X1 hissəni (0,04 ha) ondan 3400 manat (üç min dörd yüz manat) dəyərində almışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (reyestr nömrəsi **********90-10301) görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 126,20 kvadratmetr olan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 Saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, 67209 nömrəli texniki pasportun surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən ev 12,9 kvadratmetrdən ibarət dəhlizdən, 14,8 kvadratmetrdən ibarət mətbəxdən, 43,3 kvadratmetrdən ibarət zaldan, 22,4 kvadratmetrdən ibarət yaşayış otağından və 18 kvadratmetrdən ibarət yaşayış otağından ibarətdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 2008-ci ildə mübahisəli evin yerləşdiyi torpaq sahəsi faktiki olaraq iddiaçının əri, cavabdehin atası tərəfindən alınmış, İddiaçı mərhum həyat yoldaşı Fazil Məhərrəmovla birlikdə orada 2009-cu ildə ev tikmişlər və həmin ilin axırlarında ora köçüb yaşamışlar. Həyat yoldaşı Fazil Məhərrəmov 2014-cü ilin iyunun 17-də vəfat etmişdir. Daha sonra Gəncə “Asan xidmət” mərkəzində notariat kontorunun xx.xx.2016-cı il tarixli, 4Ə-1156 saylı alğı-satqı müqaviləsinə əsasən X10 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsini Cavabdeh satmışdır. Cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu ərazisində yerləşən 0,04 ha torpaq sahəsinə xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan sonra Gəncə "xxxx" MMC tərəfindən Cavabdeh 0,04 ha torpaq sahəsində inşa edilmiş yaşayış evinə 2021-ci il tarixdə razılaşdırılmış eskiz-layihə verilmişdir. Bu sənədə əsasən Cavabdeh hal-hazırda ünvanı ünvan 3 torpaq sahəsində yerləşən tikili “A”-da 55,2 kvm üç yaşayış otaqları, 71,0 kvm köməkçi sahə, 14,2 kvm zirzəmi, tikili “B”-də 30,4 kvm əl damı-hamam, tikili “C”-də 8,1 kvm quş damı, tikili “İ”-də 83,6 kvm talvar) xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı mübahisəli ünvan 6 ünvanında yerləşən istismara veriləndən hal hazıra kimi orada yaşayır. Cavabdeh iddiaçının mübahisəli evdə yaşamasına etiraz etməsə də onun həmin evə istifadə hüququnun tanınmasına razı deyil. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi mənzil hüquq münasibəti ilə bağlı olduğu və eləcə də mübahisəli ev hazırki Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə mülki dövriyyənin predmeti olduğundan hazırki iş üzrə Azərbaycan Respublikasının qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 noyabr 2018-ci il tarixli qərarında qeyd etmişdir ki,...“yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir”. Azərbaycan Respublikasının qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X.Məmmədovanın şikayəti üzrə 11 iyul 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir: Orada deyilir - “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Həmçinin İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007–ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1–ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fıziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün "mülkiyyət" kimi qəbul edilə bilər. Bu işdə Məhkəmə qeyd edir ki, 2 iyun 1993–cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında "sosial kirayə müqaviləsi" deyilən müqavilə bağlanmalı idi. Bu sosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafıq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda Məhkəmə razılaşmışdır ki, ərizəçinin mənzilə olan iddialarını 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən "mülkiyyət" hesab etmək üçün kifayət qədər əsaslar var. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 6 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafıq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “X4rşı” xx.xx.1986-cı il tarixli Qərarında qeyd etmişdir ki, “İnsan Hüquqları və X9” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamağına baxmayaraq, ərizəçinin həmişə ora qayıtmaq fikri vardır və həmin əlaqələr onun öz mənzili hesab etmək üçün yetərli idi. Məhkəmə tərəflər arasında olan hazırki mübahisə ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin birinci cümləsindəki «yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Eyni zamanda məhkəmənin qənaətinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Məhkəmə eləcə də qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı cavabdehin doğma anası olmaqla bir birinə münasibətdə ailə üzvləri sayıldıqlarından, eləcə də iddiaçı mübahisəli ev tikiləndən (istismara veriləndən) hal hazıra kimi orada yaşadığından İddiaçı Gəncə şəhəri, Ənvər Arazov küçəsi, 60 nömrəli evə istifadə hüququ yaranmışdır. Ona görə də iddiaçının həmin evə istifadə hüququ tanınmalı və o, Gəncə şəhəri, Ənvər Arazov küçəsi, 60 nömrəli evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Gəncə şəhəri, Ənvər Arazov küçəsində yerləşən 60 nömrəli evə istifadə hüququ tanınsın və o, həmin evə köçürülsün. Cavabdeh məhkəmə xərci qismində 100 (bir yüz) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar