Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1571/2022 28.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızına qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və qızı 31 may 2019-cu il təvəllüdlü X1 ünvan 1də yerləşən 10 saylı mülkdə yaşayış sahəsindən istifadə hüquqlarının tanınmasına və onların evə köçürülməklərinə, həmçinin də dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manat pulun cavabdehlərdən birgə qaydada tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 2018-cü ildə ailə qurmuş, nikahlarını 31 avqust 2018-ci ildə Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat Şöbəsində 128 sayla qeyd etdirmişdir. Birgə nikahlarından 31 may 2019-cu il təvəllüdlü X2 doğulmuşdur. O, cavabdehlə ailə quran zaman cavabdehlərin yaşadığı ünvan 1də yerləşən şərti olaraq 10 nömrə ilə qeyd edilmiş evə gəlin köçmüş və ona məxsus cehiz əşyaları ora yerləşdirilmişdir. Cavabdeh1 ilə aralarında olan narazılıqlara görə nikahları Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Cavabdeh1 ilə aralarında yaranan münaqişədən sonra onun həmin evdə yaşamağına imkan verməmişdir, onun evdən çıxıb getməyini tələb etmişdir. O, məcbur olub 2021-ci ilin avqust ayında uşağı ilə birgə valideynlərinin evinə qayıtmışdır, hazırda müvəqqəti olaraq valideynlərinin yanında yaşamağa məcbur qalmışdır. Cavabdehlər ona məxsus cehiz əşyaları orada olsa da, yaşamaq üçün gəlin köçdüyü evə buraxmırlar. Məhkəmə iclasında iddiaçı ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********47 nömrəli məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən, ünvan 1 ünvanında yerləşən 10 nömrəli ev daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş materiallarında olan Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Hacıməlik qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04.07.22 tarixli, 39 nömrəli arayışından görünür ki, İddiaçı Göygöl rayon Hacıməlik qəsəbəsində yaşayır. Hazırkı iş üzrə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli evə itifadə hüququnun tanınması və köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, tələbini Cavabdeh1la 2018-ci il tarixdə nikaha daxil olduqdan sonra yaranan münasibətlərə əsaslandırmışdır. Belə olan halda, iddiaçının həmin mənzilə istifadə hüququnun yaranıbyaranmamasını müəyyən etmək üçün hazırkı iş üzrə tərəflər arasında 2009-cu il oktyabrın 1-dən yaranmış münasibətlərə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən hazırkı iş üzrə cavabdehlər və ya onlardan hər hansı biri mülkiyyətçi, yəni tələbə cavab verməli olan şəxs deyil. Halbuki, Mənzil Məcəlləsinin 30-cu maddəsinin mənasına görə iddiaçı istifadə hüququnun tanınması, dolayısıyla mənzilə köçürülmə tələbini mənzilin mülkiyyətçisinə qarşı irəli sürə bilər. Lakin cavabdehlərin və ya onlardan hər hansı birinin mövcud vəziyyətdə mübahisəli mənzilin mülkiyyətçisi olması öz təsdiqini tapmadığına, yəni tələbə cavab verməli olan şəxslər olması sübuta yetirilmədiyinə görə iddia tələbi təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (50.3). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızına qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1571/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1571/2022
28.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver