Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1664/2024 28.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay üçün sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq hər ay üçün 100 (bir yüz) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflər rəsmi nikahda olmuş, nikahdan bir uşaq – xx.xx.2019-cu il təvəllüdlü X3 doğulmuşdur. Uşaq hazırda iddiaçı ilə birgə yaşayır. Belə ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1589/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, nikah pozulduqdan sonra uşaq anasının yanında saxlanılmışdır. Tərəflər arasında bağlanmış və Gəncə 1 saylı Mediasiya Təşkilatında təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, MŞG/1-03608 nömrəli barışıq sazişinə əsasən tərəflər xx.xx.2017-ci il tarixdə 834 saylı akt qeydi ilə bağlanmış nikahın məhkəmə qaydasında pozulmasına, xx.xx.2019-cu il təvəllüdlü X2 anasının yanında saxlanmasına və X1 üçün hər ay Cavabdeh Quliyeva (Əliyeva) Leyla Adil qızının xeyrinə 50 manat alimentin tutulması və uşağın atası ilə görüşməyinə heç vaxt maneçilik törətməyəcəyi barədə razılığa gəlmişlər. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, məhkəmə qətnaməsi ilə nikah pozulmuş, uşaq onun yanında saxlanılmışdır. Məhkəmə qətnaməsində aliment məsələsi ona görə göstərilməmişdir ki, xx.xx.2022-ci il tarixli, MŞG/1-03608 saylı barışıq sazişinə əsasən cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 üçün 50 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Bu gün təyin edilmiş bir uşaq üçün 50 manat aliment uşağın tələbatını heç cürə ödəmir, belə ki, 2 ilə yaxın müddətdə bütün tələbat mallarının qiyməti bir neçə dəfə artmışdır. Bura geyim və gündəlik ərzaq mallarını da əlavə etdikdə vəziyyətin nə dərəcədə kəskinləşdiyini müəyyən etmək olar. Hazırda alimentin artırılmasına ciddi zərurət vardır. Ona görə də, alimentin artırılmasına dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh Bakıda yaşayır, bankda işləyir, alimenti vaxtında ödəyir, lakin hazırda uşağın tələbatları artmışdır, buna görə də alimentin artırılmasına zərurət vardır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmamış uşağının saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi aralarında bağlanmış və mediasiya təşkilatında təsdiq edilmiş barışıq sazişi ilə müəyyən edilsə də, hazırda həmin məbləğ uşağın maddi tələbatlarının ödənilməsi üçün yetərli olmadığından, iddiaçı həmin barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanunla valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, barışıq sazişi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin uşağı saxlamalı olmasına dair qanunla müəyyən edilmiş vəzifəsinin icrasını tam əhatə etmir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən 2024-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Şərh edilənlərə əsasən məhkəmə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olduğu qənaətinə gəlsə də, hesab edir ki, aliment təyin edilərkən, eyni zamanda cavabdehin də maddi vəziyyəti və digər hallar nəzərə alınmalıdır. İddiaçı tərəf məhkəməyə cavabdehin rəsmi gəliri barədə, o cümlədən onun maddi vəziyyətində dəyişikliyin baş verməsi barədə hər hansı sübut təqdim etməmişdir. Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, əvvəlki barışıq sazişi ilə aliment müəyyən edildikdən sonra, tərəflərin maddi və ya ailə vəziyyətində hər hansı dəyişikliyin baş verməsi iş materiallarından görünmür. Lakin barışıq sazişi ilə aliment müəyyən edilməsindən sonra uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasında 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edildiyi halda, 2022-ci il üçün bu məbləğ 193 manat həddində müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, habelə cavabdehin qazancının stabil olması barədə hər hansı sübutun olmamasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları, habelə iddia tələbinin həddini nəzərə alaraq nəzərə alaraq məhkəmə hesab edir ki, əvvəlki barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin artmış hissəsinə mütənasib olaraq qismən artırılmalı və hər ay üçün 100 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə alimentin tutulma müddəti barədə hesab edir ki, cavabdehdən qüvvədə olan barışıq sazişi əsasında aliment tutulduğundan, hazırki alimentin tutulma müddəti hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, yuxarıda qeyd olunan, Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 №-li qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə cavabdeh ilkin mediasiya sessiyasında üzürlü səbəb göstərmədən iştirak etməmişdir. Belə halda iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış və Gəncə 1 saylı Mediasiya Təşkilatında təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, MŞG/1-03608 nömrəli barışıq sazişi ilə tutulan alimentin məbləği artırılaraq, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-1664/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1664/2024
28.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver