Məhkəmə qərarları › İş №2(125)-1687/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1687/2022

13.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1687/2022 13.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh və X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı “evdən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Gülçülük yaşayış sahəsindəki evdən çıxarılması və onun əşyalarının həmin evdən boşaldılaraq evin onun sahibliyinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Gülçülük yaşayış sahəsindəki ev 2008-ci tarixdən ona məxsusdur. Həmin evi o inşa etdirməklə orada yaşamış ancaq məcburi köçkün olduğu üçün həmin evə sənəd ala bilməmişdir. 17 noyabr 2017-ci il tarixdə hazırki Cavabdeh ilə aralarında razılığa gələrək, cavabdehə 3 il müddətinə hər ay 250 manat aylıq kirayə ödəməklə kirayəyə vermişdir. Həmin vaxt bitəndən sonra cavabdeh evdən çıxmamaqla ona məxsus evdən qanunsuz olaraq istifadə edir, həmin evə əsassız sahiblik həyata keçirir. O, cavabdehə evdən çıxmağı barədə dəfələrlə müraciət etsə də müxtəlif bəhanələr gətirməklə ona məxsus evdən çıxamış, hələdə qanunsuz olaraq sahibliyini davam etdirməkdədir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 21 avqust 2014-cü il tarixli 2(044)2246\2014-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsinə nəzər salınarkən bəlli olur ki, üzərində inşa edilmiş mübahisəli evin torpaq sahəsi onun tərəfindən alınaraq hazırki ev həmin torpaq sahəsinin üzərində inşa edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və yazılı ərizə təqdim edərək həmçinin bildirdi ki, o, 2008-ci ildən ona məxsus olan Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Gülçülük yaşayış sahəsindəki evi X3 85000 manata satmağa razılaşmışdır. Murad həmin ev üçün ona 80400 manat ödəniş edib. Axırıncı ödəniş bir il əvvəl 400 manat olub. Kirayə müqaviləsi bağlanan gündən alqı-satqı bağlanan günədək kirayə haqqı mənzilin ümumi dəyərinə əlavə ediləcəkdi. X2 13600 manat borcu var. O, mülki iş üzrə 65.400 manat pulun ödənilməsi ilə eyni vaxtda Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Gülçülük yaşayış sahəsindəki ona məxsus evdən cavabdehin çıxarılması və evin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz etdi və məhkəməyə yazılı ərizə təqdim edərək bildirdi ki, Cavabdeh məxsus ümumilikdə 8 sot sahədən ibarət olan ev və həyətyanı sahəni 2017-ci ilin dekabr ayında 3 il müddətinə tam ödəmək şərti ilə 80000 manat məbləğində razılaşdıqları evə 80400 manat pul vermişdir. İddiaçı 12 sot söz verdiyi halda 8 sot torpaq sahəsi satdığını bildirərək iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 iddiaya etiraz edərək bildirdi ki, 2017-ci ildə İddiaçı ilə şifahi sövdələşərək ona məxsus evi 80.000 manata hissə-hissə, 3 il müddətinə ödəmək şərti ilə almışdır. Bundan sonra ona verdiyi aralarında olan müqavilə əsasında vəd etdiyi 12 sot torpaq və çardağın təmir olunması, sanitar qovşağın təmir olunmasını öz üzərinə götürmüşdür. Sonradan mütəxəssis dəvət edərək ərazini ölçdürərkən məlum olmuşdur ki, ərazi cəmi 8 sotdur. Bundan başqa Fazil ona şərt qoyaraq 80.000 manatı gec ödədikdə üzərinə müəyyən faiz qoyayacağını və alacağını bildirdi. O, vaxtında söz verdiyi məbləği ödəmişdir. Fazil isə ona verdiyi vədi yerinə yetirməmişdir. Belə ki, çardağı və sanitar qovşağı etməmişdir. Aralarında olan mübahisədən sonra çardağı təmir etdirmiş, sonra ondan əlavə faiz tələb edərək ona böhtan atmışdır. O, Fazilə telefon vasitəsi ilə 4 sot torpağı və sanitar qovşağın təmirini tələb etdikdə onu və övladlarını şantaj edərək DİN-in 102 xidmətinə şikayət edərək vaxtını alır. O və oğlanları heçvaxt Fazili ölümlə hədələməmişlər, sadəcə olaraq öz tələblərini irəli sürmüşlər. Bundan qabaq görüləsi işləri tələb etdikdə oğlanlarından şikayət etmişdir, lakin şikayət öz əksini tapmamışdır. Bundan Fazilə 2000 manat faiz ödəmişdir. Cəmi faizdən əlavə ona 80.400 manat ödədiyini bildirərək cavabdeh X4 iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək və sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli 2(125)-1687/2022 nömrəli məktuba Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətində baxılmışdır. Müraciətdə qaldırılan məsələ ilə bağlı 2015-ci ildən halhazıradək bu barədə heç bir sənəd verilməmişdir. Göstərilənləri və Rayon İcra Hakimiyyətində kardınatı dəqiqləşdirmək imkan xaricində olduğu üçün bu haqda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi idarəsinə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan X1 Gəncə şəhəri 1-ci Polis Şöbəsinə verdiyi izahatdan görünür ki, o, 2017-ci ildə İddiaçı ilə şifahi sövdələşərək ona məxsus evi 80.000 manata hissə-hissə, 3 il müddətinə ödəmək şərti ilə almışdır. Bundan sonra ona verdiyi aralarında olan müqavilə əsasında vəd etdiyi 12 sot torpaq və çardağın təmir olunması, sanitar qovşağın təmir olunmasını öz üzərinə götürmüşdür. Sonradan mütəxəssis dəvət edərək ərazini ölçdürərkən məlum olmuşdur ki, ərazi cəmi 8 sotdur. Bundan başqa Fazil ona şərt qoyaraq 80.000 manatı gec ödədikdə üzərinə müəyyən faiz qoyayacağını və alacağını bildirdi. O, vaxtında söz verdiyi məbləği ödəmişdir. Fazil isə ona verdiyi vədi yerinə yetirməmişdir. Belə ki, çardağı və sanitar qovşağı etməmişdir. Aralarında olan mübahisədən sonra çardağı təmir etdirmiş, sonra ondan əlavə faiz tələb edərək ona böhtan atmışdır. O, Fazilə telefon vasitəsi ilə 4 sot torpağı və sanitar qovşağın təmirini tələb etdikdə onu və övladlarını şantaj edərək DİN-in 102 xidmətinə şikayət edərək vaxtını alır. O və oğlanları heçvaxt Fazili ölümlə hədələməmişlər, sadəcə olaraq öz tələblərini irəli sürmüşlər. Bundan qabaq görüləsi işləri tələb etdikdə oğlanlarından şikayət etmişdir, lakin şikayət öz əksini tapmamışdır. Bundan Fazilə 2000 manat faiz ödəmişdir.Cəmi faizdən əlavə ona 80.400 manat ödədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1). Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir... (144.1). Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir... (144.2). Notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır... (144.3). Əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur (144.4). Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (146.1). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (146.2). Mülki Məcəlləyə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1). Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (152.2). İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (152.3). Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (152.4). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5). Mülki Məcəlləyə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4). Mülki Məcəlləyə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır (570). Alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Əgər alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. Alıcı alğı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər (596). Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir (646). Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir (648.1). Mülki Məcəlləyə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (337.4). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (337.5). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Həmin Qərarda göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmin Qərarda göstərilmişdir ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Hazırkı iş üzrə iddiaçı özünə məxsus olduğunu bildirdiyi mübahisəli evin cavabdehlər tərəfindən ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddaçı tələbini tərəflər arasında bağlanmış şifahi alğı-satqı müqaviləsi üzrə cavabdehlərin öhdəliklərini lazımınca yerinə yetirməməsi, qarşılıqlı razılaşdıqları dəyəri tam ödəməməsi ilə əsaslandırmışdır. Halbuki, mübahisəli evin və ya iddiaçının ona mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məhkəmə tədqiqatı zamanı müəyyən edilməmişdir. Belə ki, iddiaçının sərəncam hüququna malik olması və ya daşınmaz əmlakın qeydiyyata alınması dövlət reyestrinə əsasən təsdiqlənməmişdir. Halbuki, mülkiyyət hüququnun elementi olan sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. Belə olan halda, iddiaçı ona məxsus olmayan daşınmaz əşyaya mülkiyyət hüququnu başqa şəxsə keçirə bilməz, əmlakın hüquqi müqəddəratını həll edən sərəncam verə bilməzdi. Bundan başqa, tərəflər şifahi razılığa əsasən, mübahisəli evin alğı-satqısına dair öz aralarında razılığa gəldiklərini bildirsələr də, qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin obyekti olduğu üçün fərdi yaşayış evinə dair sərəncam verilməsi haqqında müqavilə notariat qaydasında təsdiqlənməli idi, həmin müqavilədən mülkiyyət və digər əşya hüquqları irəli gələcəyi halda dövlət qeydiyyatına alınmalı idi. Beləliklə, tərəflər arasında daşınmaz əmlaka dair müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığınıdan etibarsızdır. Belə ki, iddiaçının dövlət qeydiyyatına alınmamış və mülkiyyətində olmayan evə sərəncam verməsi barədə şifahi alğı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə əhəmiyyətsiz olan etibarsız əqddir. Bu səbəbdən, əqd etibarsız olduğundan və Mülki Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığından, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, yəni mübahisəli evin dəyəri qismində iddiaçının alması tərəflərin izahatıyla təsdiqlənmiş 80400 manat pulu iddiaçının qaytarılmasıyla eyni anda mübahisəli ev cavabdehlər tərəfindən iddiaçıya təhvil verilməli, əqdin etibarsızlığının nəticələri tətbiq edilərək daşınmaz əmlakın təhvil verilməsi barədə iddia təmin edilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı tətbiq edilərək tərəflərin hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olduğundan, 65000 manatın qaytarılması şərtiylə evin təhvil verilməsi əsassız varlanmaya səbəb olur, həmin tələb əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı 80400 (səksən min dörd yüz) manat pulu müştərək qaydada cavabdehər Cavabdeh və X3 təhvil verilməsiylə eyni anda, cavabdehlər Cavabdeh və X4 çıxarılaraq Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Gülçülük yaşayış sahəsindəki ev İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar