Məhkəmə qərarları › İş №2(125)-1719/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1719/2024

03.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1719/2024 03.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 İsa oğlunun sədrliyi, X5 Eldar oğlunun katibliyi ilə, İddiaçı3 və iddiaçıların nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı evə çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin Gəncə şəhər Ərazi İdarəsi tərəfindən X1 verilmiş reyestr nömrəsi **********54-05101-093001 olan xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın texniki pasportundan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 83.4 m2, 3 yaşayış otağından ibarət olan mənzil X1 məxsus olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin Gəncə şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh və X3 verilmiş reyestr nömrəsi **********54-05101-093001 olan xx.xx.2010-cu il tarixli daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Gəncə ş., 7 saylı DNK-nın xx.xx.2010-cu il tarixli 4Ə-1-191 reyestr saylı bağışlama müqaviləsinə əsasən Tik”A”-da 18.5 kv.m, 23.2 kv.m, iki yaşayış otağı(38.1 kv.m, 18.0 kv.m icazəsiz olan köməkçi sahələr) Cavabdeh, Tik”A”-da 18.5 kv.m, 23.2 kv.m mətbəx (38.1 kv.m yaşayış otağı, 12.2 kv.m mətbəx, 26.8 kv.m çardaq icazəsiz olan) X3 məxsusdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin 2 otaq 41.7 kv.m hissəsi Cavabdeh, 1 otaq 18.5 kv.m, köməkçi sahə 23.2 kv.m hissəsi X2 xüsusi mülkiyyətinə verilmişdir. Həmin Çıxarışdan mənzil mülkiyyətçilərinin mülkiyyətində torpaq sahəsinin olması müəyyən edilmir. İddia tələbi barədə məlumatlar; İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı evə çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanda yerləşən evin tikintisi üçün çəkilmiş 50 000 manat pulun cavabdehdən alınaraq onlara ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh X4 iddiaçıların atasıdır. Onlar ünvan 5 ünvanda yeni tikili olaraq öz hesablarına fərdi yaşayış evi inşa etmişlər. Həmin evi öz hesablarına yəni, aldıqları əmək haqqı hesabına inşa etmişlər. Həmin evə 50.000 manat xərc çəkilmişdir. Hazırda cavabdeh həmin evdə onların yaşamalarına imkan vermir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət mənzil fonduna aiddir. Cavabdeh onları həmin evdən qovmuşdur və evə buraxmır, bu baxımdan məcburiyyət qarşısında qalaraq cavabdeh onları evə buraxmadığına görə cavabdehə evin tikintisi üçün verdikləri 50.000 manat pulu tələb etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Tərəflərin izahatları; Məhkəmədə İddiaçı3 iştirak etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onların xərc çəkərək inşa etdirdikləri ev cavabdehin adına verilən mülkiyyət sənədində və Texniki Pasportda öz əksini tapmamışdır. Sonda iddiaçı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi, vəkili Nümayəndə iştirak etmiş və iddia ərizəsinin məzmununa və İddiaçı3 izahatında qeyd edilən xüsusatlara uyğun izahat verərək, sonda iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh iştirak etmiş və iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, qardaşı ilə paylı mülkiyyətlərində olan evin yanında əlavə bir tikilinin fundamentini tökdürmüş olsa da, daha sonra həmin fundament üzərində tikinti işləri onun qardaşının vəsaiti hesabına aparılmışdır. Həmin tikilinin ona aidiyyəti yoxdur və iddaçılar da həmin tikiliyə heç bir xərc çəkməmişlər. Sonda cavabdeh ona qarşı irəıli sürülən ddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə, İddiaçı3, iddiaçıların nümayəndəsi olan vəkili və cavabdehi dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçıların iddia tələbinin mahiyyətinə görə, iddiaçılar cavabdehin əmlak hüquqları əldə etdiyi, yeni yaradılmış daşınmaz əmlaka çəkmiş olduqları xərclərin əvəzinin cavabdehdən alınıb onlara ödənilməsini tələb edirlər. Məhkəmə qeyd edir ki, hər hansı bir iddia tələbi üzrə hüquqi qiymətləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülən iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa bu halda iddia haqlı sayıla bilməz və iş üzrə sonrakı araşdırmaların aparılmasına zərurət qalmır. Çünki, bunun iş üçün əhəmiyyəti olmayacaqdır. Məhkəmənin qənaətincə hazırki halda ilkin olaraq araşdırılmalı olan məsələ, cavabdehin həmin daşınmaz əmlak barəsində hər hansı bir hüquq əldə edib-etməməsinin müəyyən edilməsi məsələsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlakın anlayışının verildiyi 135.4-cü maddəsinə görə, torpaq sahələri, yer təki sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-si maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.3-сü maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarına əlavə edilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışın və xx.xx.2010-cu il tarixli Daşınmaz əmlakın Texniki pasportundan müəyyən olunmuşdur ki, mövcudluğu iddia edilən tikililərin və həmin tikililərin aparıldığı iddia edilən torpaq sahəsinin cavabdehin mülkiyyətində olması barədə heç bir rəsmi qeydiyyat yoxdur. Yəni, iddia edilən əmlak faktiki olaraq mövcud olsa da belə, cavabdehin həmin əmlak barəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsi ilə nəzərdə tutulan qaydada hər hansı bir hüquq əldə etməsi müəyyən edilmir. Məhkəmənin qənaətincə, cavabdehin həmin əmlak barəsində gələcəkdə hər hansı bir hüquq əldə etməsinin real gözləntisi də yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Artıq yuxarıda qeyd edildiyi kimi, mövcudluğu iddia edilən həmin tikililərin aparıldığı torpaq sahəsinin cavabdehin mülkiyyətində olması barədə heç bir rəsmi qeydiyyat yoxdur. Göründüyü kimi, hazırki işdə irəli sürülən iddianın təmin olunmasına əsas verə bilən zəruru şərt-cavabdehin həmin əmlak barəsində qanunun tələb etdiyi qaydada qeydə alınmış hər hansı bir hüququnun olması halı müəyyən edilmir, həmçinin, cavabdehin həmin əmlak barəsində gələcəkdə hər hansı bir hüquq əldə etməsinin real gözləntisi də yoxdur. Belə olan halda iddiaçıların iddia tələbinin qanuniliyindən söhbət gedə bilməz. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi üzrə sonrakı araşdırmaların (tikintiyə çəkilmiş xərclərin məbləği, həmin xərclərin kim tərəfindən çəkilməsi və s.) aparılmasına zərurət qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti olmayacaqdır. Beləliklə də, baxılan işdə məhkəmənin gəldiyi nəticəyə görə, iddia tələbi qanuni və əsaslı olmadığından təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı yeni yaradılmış tikili üçün çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair iddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərərfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar