Məhkəmə qərarları › İş №2(125)-1720/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1720/2024

02.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1720/2024 02.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, müstəqil tələb irəli sürməyən üçün şəxslər Gəncə şəhər Nizami Bələdiyyəsinin nümayəndəsi X2 və Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh Namiq oğluna qarşı «özbaşına dalana açılmış yolun (qapının) və kanalizasiya xətinin bağlanması» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Namiq oğluna qarşı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən evin dalanına Cavabdeh Namiq oğlu tərəfindən açılan yolun (qapının) və qonşularla birlikdə öz hesabına çəkdirdiyi kanalizasiya xəttinə qoşulan cavabdehə məxsus xəttinin bağlanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, ünvan 1 ünvanda yerləşən ev xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur və həmin ev dar dalanda yerləşir. Belə ki, evin alqı-satqısı zaman dalan qeyd edilməsə də, evin texniki sənədlərində dalan ona aid kimi göstərilmişdir. Həmin dalandan iki nəfər qonşusu ilə birlikdə istifadə edirlər. Gəncə şəhəri, Ozan küçəsi, ev 96 ünvanında yaşayan Cavabdeh Namiq oğlunun evinin həyətinin divarı sözügedən dalanın qonşuluğunda olsa da, yolu və çıxışı başqa küçəyə olan cavabdeh özü üçün həm həmin dalana ikinci darvaza açmış, həm də çirkab su xəttini yalnız 3 qonşuya aid olan kanalizasiya xəttinə qoşmuşdur. Halbuki, həmin kanalizasiya xəttini Cavabdeh istisna olmaqla, digər üç qonşu özləri çəkmişlər. Özgə hüququna məhəl qoymayan Cavabdeh yaxın qohumlarını tullantı sularını həyətində yerləşən kanalizasiyasına, özünün kanalizasiyasını isə onun və qonşularının hesablarına çəkilmiş kanalizasiya xəttinə qoşmuşdur. Cavabdehin ona aid olan dalana müdaxilə etməyə, ondan istifadə etməyə, həyətindən ora ikinci qapı və kanalizasiya xətti açmağa ixtiyarı yoxdur. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Namiq oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçün şəxs Gəncə şəhər Nizami Bələdiyyəsinin nümayəndəsi X3 bildirdi ki, sözügedən dalan bələdiyyənin mülkiyyətindədir və həmin dalana dair giriş-çıxışa məhdudiyyət qoyula bilməz. Sonda Ç.İ.Xıdırov iddianın təmin və ya rədd olunması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçün şəxs «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 bildirdi ki, Cavabdeh Namiq oğlunun yaşadığı fərdi yaşayış evinə suyun və tullantı sularının axıdılması xidmətlərini «Gəncə Sukanal» TSC həyata keçirir. Həmin fərdi yaşayış evinə aid tullantı sularının axıdılması üçün boru ümumi kanalizasiya xəttinə «Gəncə Sukanal» TSC-nin icazəsi əsasında qoşulmuşdur. Qeyd olunan xidmətin göstərilməsinə görə «Gəncə Sukanal» TSC-nə taarifə uyğun ödənişlər edilir. Cavabdeh yaşadığı fərdi yaşayış evinə yaxın başqa istiqamətdən hər hansı kanalizasiya quyusu yoxdur və hətta həmin fərdi yaşayış evinin yerləşdiyi həyətdəki digər evə aid tullantı suları həyətdə qazılmış quyuya axıdılır. Sonda A.C.Rəhimov iddianın təmin və ya rədd olunması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını, habelə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 457 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən ev İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 12324/2023 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanın giriş-çıxış dalan vasitəsi ilə ünvan 2 ünvanının giriş-çıxışı isə dalan vasitəsi ilə Gəncə şəhəri Ozan küçəsidir. İşdə olan xx.xx.2024-cü il tarixli yerində müayinə protokolundan görünür ki, Gəncə şəhəri, Firdovsi küçəsindən İddiaçı yaşadığı ünvan 4 ünvanına dalandan keçməklə çatmaq mümkündür. Həmin dalanın sonunda Cavabdeh Namiq oğlunun yaşadığı fərdi yaşayış evinə, onun sağ hissəsində İddiaçı yaşadığı fərdi yaşayış evinə və sonuncu fərdi yaşayış evi ilə qarşı-qarşıya digər qonşuya aid darvaza yerləşir. Dalana və dalanda yerləşən fərdi yaşayış evlərinin həyətlərinə giriş-çıxış üçün hər hansı maneə, yolun üzərində hər hansı tikili mövcud deyildir. Hər üç darvazanın mərkəzi hissəsində tullantı sularının axıdılması üçün kanalizasiya xətti mövcuddur. Cavabdeh yaşadığı fərdi yaşayış evindən və digər qonşularının yaşadığı evdən axıdılan tuulantı suları həmin xəttə qoşulur. Cavabdeh yaşadığı fərdi yaşayış evinin yerləşdiyi həyətdə başqa bir fərdi yaşayış evi də mövcuddur, həmin fərdi yaşayış evləri bir-birindən təcrid olunmuş şəkildədir, aralarında mərz nişanları mövcuddur, onların sanitar qovşaqları və təsərrüfat işlərini aparmaq üçün sahələri ayrıdır. Digər fərdi yaşayış evindən axıdılan tullantı suların tökülməsi üçün həyətdə quyu qazılmışdır və həmin quyudan hər hansı istiqamətə çirkab suyunun axıdılması üçün xətt yoxdur. Cavabdeh yaşadığı fərdi yaşayış evinin yerləşdiyi həyətdən Gəncə şəhəri, Ozon küçəsinə çıxışı olan dalana digər həyətdən ensiz, təxmini uzunluğu 15-20 metr olan torpaq sahədən keçməklə çatmaq mümkündür. Gəncə şəhəri, Ozon küçəsinə çıxan həmin dalanda hər hansı kanalizasiya xətti mövcud deyildir. Yerində müayinə zamanı İddiaçı ümumi istifadədə olan kanalizasiya xəttindən bəzi hallarda günün səhər və gecə vaxtlarında pis qoxunun gəldiyini bildirmiş, «Gəncə Sukanal» TSC əməkdaşları bunu İddiaçı qeyd etdiyi vaxtlarda tullantı suların axıdıldığı borunun boş qalması ilə əlaqədar qoxunun həmin boru ilə geri hərəkət etməsi ilə izah etmişlər. Yerində müayinəyə dair fotoşəkillər protokola maddi daşıyıcıda əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1 və 171.2-ci maddələrinə görə torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Firdovsi küçəsindən İddiaçı yaşadığı ünvan 4 ünvanına gedən dalan ümumi istifadədə olan yoldur və həmin yoldan istifadəyə hər hansı maneə mövcud deyildir. Həmçinin iddiaçının mübahisələndirdiyi kanalizasiya xətti «Gəncə Sukanal» TSC-nin balansındadır və Cavabdeh yaşadığı fərdi yaşayış evindən tullantı sularının axıdılması üçün başqa kanalizasiya xətti mövcud deyildir. İddiaçı öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmır və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Namiq oğluna qarşı «özbaşına dalana açılmış yolun (qapının) və kanalizasiya xətinin bağlanması» tələbi barədə iddiası rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar