Məhkəmə qərarları › İş №2(125)-175/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-175/2022

20.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-175/2022 20.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hazırkı mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3177/2021 saylı, 23 avqust 2021-cı il tarixli qətnaməsi ilə "xxxx"ASC ilə cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızı arasında bağlanmış 30 dekabr 2015-ci il tarixli 640 saylı kredit müqaviləsinin ləğv edilməsi; cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızından 41130.29 manat əsas borc, 3354.03 manat faiz borcu, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0.40 manat məbləğində bank xidməti haqqı olmaqla, cəmi 44514.72 manat pul vəsaitinin iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması; cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızından tutulmalı olan cəmi 44514.72 manat pulun iddiaçı “Bank "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və mülkiyyət hüququ ilə cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızına məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.0292 ha torpaq sahəsinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılaraq, iddiaçıya olan borcun ödənilməsi, həmin əmlak satıldıqdan 1 ay sonra torpaq sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; həmin fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiymətinin 20.000 manat müəyyən edilməsi; ipoteka predmetinin satışından əldə olunacaq vəsaitin iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızından tutularaq “Bank "xxxx" ASCyə ödənilməsi qət edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 659/21 nömrəli, “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə” protokola əsasən X2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzil Bank "xxxx" ASC-nin balansına keçmişdir. Hərracın yekunları üzrə "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdən "xxxx" ASC-nin mülkiyyətindədir. İddiaçı "xxxx" ASC (bundan sonra – Bank) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən (bundan sonra – mübahisəli ev) cavabdehlərin istifadə hüququna xitam verilməsinə və ödənilmiş 100 manat 40 qəpik dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda Bankın mülkiyyətində olan mübahisəli evdə cavabdehlərin qeydiyyatda olması Bankın hüquqlarını pozur, əmlakdan istifadə etmək və ona dair sərəncam vermək hüququnu məhdudlaşdırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, cavabdehlər həmin mənzildə sadəcə qeydiyyatdadırlar və cavabdehlərin həmin mənzildən istifadə hüququnun yaranmasına dair hər hansı sübut təqdim edə bilmirlər. Hesab edirlər ki, cavabdehlərin mübahisəli evdə olması sonuncuların həmin əmlakdan istifadə hüququnun yaranmasına dair qənaətə gəlmək üçün kifayətdir. Cavabdehlərin mübahisəli evdən qeydiyyatdan çıxarılması tələbi ilə müvafiq inzibati orqana müraciət etməmişdirlər. İddiaçının nümayəndəsi iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatının dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (Konstitusiya. mad. 29.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mülki Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Məhkəmənin Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında çıxarılır. Məhkəmə hesab edir ki, cavabdehlərin mənzildən istifadə hüququ olmadığı üçün həmin hüquqa xitam verilməsi mümkün deyildir. Belə ki, iddiaçı cavabdehlərin mübahisəli evdən istifadə hüququna malik olduğunu və həmin hüquqa xitam verilməli olduğunu bildirsə də, bu halı və tələbi təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı hazırkı iddiasının əsası kimi cavabdehlərin onun mənzilində pasport qeydiyyatında olmaqla onun öz əmlakdan istifadəsini və həmin əmlak üzərində sərbəst surətdə sərəncam vermək hüququnu məhdudlaşdırdığını göstərmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, cavabdehlərin onun mənzilində qeydiyyatda olması cavabdehlərə onun mənzilindən istifadə hüququ vermir. İddiaçının diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Hazırkı mülki iş üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat 40(qırx) dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar