Məhkəmə qərarları › İş №2(125)-1786/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1786/2024

30.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1786/2024 30.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X27 Şakir oğlunun sədrliyi, X9 iclas katibliyi, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 Şəxsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 Şəxsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı) “qayınanaya qulluq etmə barədə hüquqi əhəmiyyəti olan faktın təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri; Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 Şəxsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı) “qayınanaya qulluq etmə barədə hüquqi əhəmiyyəti olan faktın təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, vəfat etmiş X1 (70 yaşı tamam olduğu 1985-ci ildən vəfat etdiyi xx.xx.2010-cu ilədək) 25 il qulluq etməsi barədə hüquqi əhəmiyyəti olan faktın təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Qərbi Azərbaycanda doğulmuşdur. Daha sonra məlum hadisələrlə bağlı 1988-ci il tarixdən Gəncə şəhərində məskunlaşaraq, yaşayır. Evlidir, 3 uşağı vardır. Rəsmi nikahları xx.xx.1979-cu il tarixdə Ermənistanda baş tutmuşdur. Həyat yoldaşı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı evin kiçik oğlu olduğundan qayınanası və qayınatası onlarla birlikdə yaşamışdır. X2 1915-ci il təvəllüdlü olmaqla, xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. O, gəlin gəldiyi vaxtdan qayınanasının vəfat etdiyi tarixədək birgə təsərrüfatları olmuş, birgə yaşamışlar. Azərbaycan Respublikası “Sosial müavinətlər haqqında” Qanununa əsasən 57 yaşı tamam olduğu 2017-ci ilin iyul ayının 1-dən yaşa görə sosial müavinət alır. Gəlin gəldiyi xx.xx.1979-cu il tarixdən X2nın vəfat etdiyi xx.xx.2010-cu il tarixinədək onunla birgə yaşamış, qayınanasına qulluq etmişdir. Ona qulluq etdiyi müddət (1985-2010-cu illər) qəbul olunsa, onun yaşa görə əmək pensiyası hüququ yaranır. Bu isə onun maddi durumunun yaxşılaşmasına səbəb olar. Maraqlı şəxs ƏƏSMN-nin tabeliyində DSMF X26 yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı müraciəti olmuşdur. Cavabında ümumi sığorta stajını təsdiq edən zəruri sənədlərlə müraciət etdiyi təqdirdə yaşa görə əmək pensiyası hüququna baxılacağı bildirilmişdir. Ermənistandan Gəncə şəhərinə qaçqın gələnədək əmək fəaliyyəti olmuşdur. X1 qulluq etdiyi (1985-2010-cu illər üzrə) təsdiqlənsə, yaşa görə əmək pensiyası hüququ yaranır. İddia tələbinə qarşı etirazın dəlilləri: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 Şəxsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı məhkəməyə etiraz ərizəsi ünvanlayaraq Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Ərizəçi məhkəməyə müraciət edərək, mərhum X1 1985-ci il tarixdən xx.xx.2010-cu il tarixədək qulluq etdiyi dövrün hüquqi fakt qismində müəyyən edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.3-cü bəndinə görə məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Qərarın 1.2-ci maddəsinə əsasən Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmçinin qeyd olunan plenum qərarının 13.2-ci maddəsinə görə əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. 13.3-cü maddəyə əsasən əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Həmin Qərarın 14-cü bəndinə görə məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Eyni zamanda 310.1-ci maddədə qeyd olunur ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Burada iddiaçı tərəfindən qulluq aktı tərtib olunması imkanı olduğundan sosial sığorta stajının hüquqi əhəmiyyəti olan fakt qaydasında təsdiq edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Lakin, Ərizəçi mərhum X1 qulluq etdiyi 1985-ci il tarixdən xx.xx.2010-cu il (25 il) olan dövr üzrə qulluq etmə faktının təsdiq edilməsini iddia edir. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il sığorta stajı tələb olunur. Məhkəmə qaydasında təsdiq olunmuş illər yaşa görə əmək pensiyası üçün tələb olunan sığorta stajının yarısından (12 il 6 aydan) çox ola bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSR-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti; işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. Digər tərəfdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.10cu bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər sosial sığorta stajına şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən) olduqda daxil edilir. Beləliklə, ərizəçi xeyrinə sığorta fəaliyyəti həyata keçirilən olmadığından 70 yaşdan yuxarı olan ahıl şəxsə qulluq etdiyi dövrün sığorta stajı kimi nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək, ərizəni müdafiə edərək, əlavə olaraq bildirdi ki, özü 3 uşağı olduğuna görə sosial müavinət alır. Böyüklərə qulluq etməyin haqqı yoxdur. Lakin, qanunda nəzərdə tutulduğu üçün belə bir hüququndan istifadə etmək qərarına gəlmişdir. Hansı ki, ərizəsi təmin olunarsa, bu onun maddi vəziyyətinin yaxşılaşmasına səbəb olacaqdır. Belə ki, gəlin gəldiyi xx.xx.1979cu il tarixdən X2nın vəfat etdiyi xx.xx.2010-cu il tarixinədək onunla birgə yaşamış və birgə təsərrüfat idarə etmişlər. Qayınanasına qulluq etdiyi 25 il, yəni 1985-2010-cu illər təsdiq olunarsa, onun yaşa görə əmək pensiyası hüququ yaranır. Odur ki, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 Şəxsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının nümayəndəsi X15 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X14 izahatında bildirdi ki, Ərizəçi onun eltisidir. X11 əvvəllər yaxşı olsa da, sonradan vəziyyəti pisləşmiş və 6 il yataq xəstəsi olmuşdur. X11 özü-özünə baxa bilməmiş, ona gəlini Ərizəçi baxmış, qayınanasının qulluğunda həmişə Əlvan durmuşdur. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, Ərizəçi onun X21un arvadıdır. Ailədə 5 oğlan, 6 qız olmaqla, 11 uşaq olmuşlar. X21 30 aprel 2021-ci il tarixində vəfat etmişdir. X18 həmişə ərizəçi baxmışdır. Belə ki, onlarda olan adətə əsasən ana və ata kiçik uşağın yanında, yəni X21la qalmış, ona görə də atası və anasına Ərizəçi baxmışdır. X22 qoca olduğu üçün özü-özünə baxa bilməmiş və 90 yaşı olanda omba sümüyü qırılmışdır. Anasının qulluğunda həmişə Ərizəçi durmuşdur. İşin halları: Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; X16 surətindən görünür ki, X13 1915-ci il tarixində doğulmuşdur. ZJ seriyalı, 759732 nömrəli doğum haqqında şəhadətnamənin nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.1955-ci il tarixində doğulmuşdur. Atası: Qurbanov Məmmədvəli, anası: X8r. İ-SL seriyalı, 257100 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 ilə Ərizəçi arasında nikah 21 avqust 1979-cu il tarixində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 avqust 1979-cu il tarixində 8 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Qurbanov”, arvada “İsmayılova” soyadı verilmişdir. AZ-İ seriyalı, 393680 nömrəli, 04 mart 2010-cu il tarixli, Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 04 mart 2010-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 04 mart 2010-cu il tarixində 183 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi Ü.İ.X-ateresklerotik-kardio-skleroz qeyd edilmişdir. AZ-İİ seriyalı, 158580 nömrəli, 04 may 2021-ci il tarixli, Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 30 aprel 2021-ci il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 03 may 2021-ci il tarixində 401 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi COVİD-19, virus təyin olunduğu qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli qərarının 4.1-ci bəndinə görə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 1. patronajın təyin edilməsi barədə qərara əsasən;

2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;

3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən;

Məhkəmənin mövqeyi:

Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, X4 04 mart 2010cu il tarixdə ölməsi tam sübuta yetirilir. Lakin işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən Ərizəçi X7 1985ci il tarixindən xx.xx.2010-cu il tarixinədək baxması öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X14 və X3 ifadələrində Ərizəçi X2 ilə birlikdə yaşamasını və ona qulluq etməsini bildirsələr də, bu hal iş materialları ilə, habelə heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə iclasında mərhum X4 1985-ci ildən 2010-cu il tarixədək qulluğa ehtiyacının olması müəyyən olunmadı. Beləliklə məhkəmə, Ərizəçi 1985-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək X1 baxmasını təsdiq edilməsinin mümkünlüyü barədə tutarlı sübutların məhkəməyə təqdim edilməməsi barədə nəticəyə gəlmişdir. Ona görə də Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 Şəxsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı) “qayınanaya qulluq etmə barədə hüquqi əhəmiyyəti olan faktın təsdiq edilməsi” barədə ərizəsi rədd edilməli və ərizənin məhkəməyə verilməsinə görə dövlət rüsumu kimi hökumət ödəniş portalına ödənilmiş 100 (bir yüz) manat Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 Şəxsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı) “qayınanaya qulluq etmə barədə hüquqi əhəmiyyəti olan faktın təsdiq edilməsi” barədə ərizəsi rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar