Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1788/2024 17.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, cavabdehlərin iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər mənzildən çıxarılmaqla mənzilin boşaldılıb təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsinə verilmiş ünvan 1rəli mənzilə dair 03 aprel 2014-cü il tarixli, “2/54” nömrəli, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlərin “2/54” nömrəli mənzildən çıxarılması və “2/54” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin (bundan sonra — Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirilir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 03 aprel 2014-cü il tarixli, “2/54” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 1500 ailəlik Yeni qəsəbədə 2 saylı küçədə, 54 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Müqavilədə adı keçən X6 vəfat etmişdir. Sonradan Gəncə-Göygöl Mənzil Kommunal İstismar Sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və ailə üzvünün həmin mənzildə yaşamadığı, mənzili qeyri-qanuni olaraq Cavabdeh3 satdığı və həmin şəxsin mənzildə qeyri-qanuni yaşadığı məlum olmuşdur. Sahə rəisi tərəfindən Cavabdeh1 mənzildə yaşamadığı, mənzilində müqavilədə adı keçməyən kənar şəxs - Cavabdeh3 yaşamasının qanunsuz olduğu bildirilmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə baxışında iddiaçının səlahiyyətli nümayəndəsi iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinin təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, o, 2014-cü ildə ünvan 1rəli mənzilə dair iddiaçı ilə kirayə müqaviləsi bağlamışlar. Qızı Şəhla 7 il bundan qabaq kəskin böyrək çatmamazlığı səbəbindən ölmüşdür. Cavabdeh3 6 ildir ki, ona məxsus mebel əşyaları, həmçinin vəfat etmiş qızının şəkilləri olan həmin mənzildə qanunsuz olaraq yaşayır. Qızı vəfat etdikdən sonra həmin mənzildə yaşaya bilmədiyi üçün çıxmağa məcbur olmuşdur. Cavabdeh3 çıxarıldıqdan sonra özünə qaytarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, 2018-ci ildən, yəni təxminən 6 ildir ki, digər Cavabdeh1 ilə birlikdə sözügedən mənzildən çıxmışlar, hazırda kirayədə yaşayırlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, Cavabdeh1 sözügedən mənzilin müqabilində 14000 manat məbləğində pul vermişdir, məhkəmə qətnaməsi ilə atası X3 Cavabdeh1 qarşı “14000 (on dörd min) manat pul tələbinə dair” iddiası təmin edilmiş, Cavabdeh1 14000 (on dörd min) manat məbləğində pul vəsaitinin alınaraq atası X7 verilməsi qət edilmişdir. Həmin pul özünə qaytarıldıqdan sonra mənzildən çıxacaqdır. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, xx.xx.2014-cü il tarixli, 2/54 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən kirayəyə verən – Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ünvan 1rəli mənzildə yerləşən, mənzil fonduna aid, ümumi sahəsi 65 kv.m-dən, yaşayış sahəsi 32 kv.m-dən ibarət olan 2 otaqlı yaşayış sahəsi haqqı ödənilməklə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla), müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçi Cavabdeh1 sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilədə kirayəçi Cavabdeh1 ailə üzvləri – qızı X6 və oğlu Cavabdeh2 göstərilmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli aktlardan müəyyən edilir ki, həmin tarixlərdə ünvan 1rəli mənzil ünvanına baxış keçirilmiş, aşkar olmuşdur ki, həmin mənzildə müqavilə əsasında yaşamalı olan kirayəçi Limon Əhəd qızı yaşamır, həmin ünvana aid kirayə müqaviləsi bağlanılmış kirayəçiyə kirayə müqaviləsinin şərtlərinin kobud qaydada pozulması barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Kirayəçiyə aid ***-***-**-** nömrəli mobil telefona dəfələrlə ***-***-**-** nömrəli mobil telefonla zəng edilmişdir. Lakin kirayəçi Mənzil Kommunal İstismar sahəsinə gəlməkdən imtina edilmişdir. Mənzildə qeyri-qanuni olaraq qeydiyyatı olmayan Cavabdeh3 2 (iki) azyaşlı uşaqla birlikdə yaşayırlar. Sorğu zamanı Cavabdeh3 bildirmişdir ki, hazırda yaşadığı ünvanı kirayəçi Limon Əhəd qızından 5 il əvvəl 14000 manat pul müqabilində almış və həmin vaxtdan indiyədək burada yaşayır. Cavabdeh3 orada qeyri-qanuni yaşaması izah edilmiş və mənzilin tez bir zamanda boşaldılması xəbərdar edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh3 Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar İdarəsinin Gəncə MKİS-nin rəisinə ünvanlanmış izahatında bildirmişdir ki, 2018-ci ildə onun mənzil şəraiti çox ağır olduğu üçün mənzilə ehtiyacı olmuşdur, ona görə də məcbur olmuşdur ki, Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə özü üçün mənzil almışdır. Beləliklə Limon adlı bir nəfərlə söhbət etmişdir. Söhbət əsnasında Limon ona demişdir ki, qəsəbədə iki otaqlı mənzili var, həmin mənzili satmaq istəyir. O isə valideynlərinə bildirmişdir. Bir neçə gün sonra atası X9 ilə Limonun yaşadığı mənzilə getmişlər. Həmin mənzil ünvan 1rəli mənzil idi. Beləliklə Limonla söhbət etmiş, razılaşmışlar ki, 14000 manat pul əsasında mənzili onlara versin. Belə də olmuşdur. Onlar Limona 14000 manat pu vermişlər. Limon həmin gün mənzili boşaltmışdır, səhəri gün onlar öz əşyaları ilə birlikdə həmin mənzilə köçmüşlər. Hətta Limonla birgə Gəncə “ASAN xidmət” mərkəzinə getmişlər, orada Limon notariusla mənzilin onun adına keçməsinə razılıq ərizəsi vermişdir. Həmin ərizə ondadır. Hazırda mənzildə o, iki azyaşlı övladı ilə birgə yaşayır. İş materiallarında olan, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Gəncə Şəhəri Mənzil Kommunal İstismar Sahəsinin 4 nömrəli, xx.xx.2023-cü il tarixli cavabdeh Limon Əhəd qızına ünvanlanmış məktubda qeyd edilmişdir ki, ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq kirayəşini mənzildən çıxartmadığına görə müqavilə pozulub şəhid ailəsinə və ya Qarabağ qazisinə verilməsi üçün sənədlər məhkəməyə göndəriləcəkdir. İş materiallarında olan, Gəncə Şəhəri Mənzil Kommunal X1 ünvanlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli 1,2,3 nömrəli xəbərdarlıqbildiriş məktublarından görünür ki, ünvan 1rəli mənzilə baxış keçirilən zaman həmin mənzildə kirayəçi aşkar olunmuşdur. Mənzilin boşaldılması ilə bağlı ona bildirişlər verilsə də, bildirişdə göstərilən tələbləri hazıra kimi yerinə yetirməmişdir. Odur ki, ona yenidən bildirilərək ondan 5 (beş) gün müddətində qanunsuz məskunlaşan kirayəşinin mənzildən çıxarılması tələb olunmuşdur. Əks təqdirdə göstərilən mənzilə aid olan bütün kommunal xidmətlərin (qaz, işıq və su) dayandırılacağı, onunla bağlanmış müqavilənin Mənzil İstismar Departamenti ləğv edilərək şəhid ailəsi və ya qazi ailəsinə veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-261/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X3 Cavabdeh1 qarşı “14000 (on dörd min) manat pul tələbinə dair” iddiası təmin edilmiş, Cavabdeh1 14000 (on dörd min) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı X7 verilməsi qət edilmişdir. İş materiallarında olan Kəlbəcər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İ seriyalı, 981999 nömrəli arayışdan görünür ki, X2 şəhərində xx.xx.2017-ci il tarixdə kəskin böyrək çatmamazlığı səbəbindən ölmüşdür, bu barədə xx.xx.2017-ci il tarixdə, kitabın 142-ci səhifəsində qeydiyyat aparılmışdır. Sorğuya əsasən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Şöbəsinin 3-43-32/2- 443/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Kəlbəcər rayon sakini Cavabdeh2 14 iyul 2023-cü il tarixdə SHXÇDX-nin Kəlbəcər Rayon Şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir, 2024-cü ilin iyul ayında ehtiyata buraxılacağı gözlənilir. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə İnformasiya” Sistemindən əldə edilmiş xidmət keçmə barədə məlumatdan görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı, dövlət proqramına uyğun olaraq bağlanmış kirayə müqaviləsi əsasında Cavabdeh1 ünvan 1rəli 2 otaqlı mənzil ilə təmin etmişdir. Kirayəçi onun ailə üzvləri olan qızı X6 və Cavabdeh2 ilə həmin mənzildə yaşamışdır. X6 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Kirayəçi və onun ailə üzvü olan oğlu Cavabdeh2 artıq 6 ildir ki, həmin mənzildə yaşamırlar. Uzun müddət orada yaşamayan kirayəçi Cavabdeh1 mənzili iddiaçıya təhvil verməli olmasına baxmayaraq, mənzili qeyri-qanuni olaraq digər Cavabdeh3 vermişdir. Hazırda həmin mənzildə Cavabdeh3 yaşaır. İddiaçı kirayə müqaviləsinin ləğv edilməsini, cavabdehlərin mübahisəli mənzildən çıxarılmasını və mənzilin boşaldılaraq təhvil verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Məcəllənin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Mənzil Məcəlləsinin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Məcəllənin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin, adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Məcəllənin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Məcəllənin 99.6-cı maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Həmin Məcəllənin 99.5-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair həmin Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 82.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.5-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri əsasında verilir. Həmin Qaydanın 2.7-ci bəndinə əsasən kirayə müqaviləsində müvəqqəti istifadəçinin ailə üzvləri də göstərilməklə müqavilənin predmeti, yaşayış sahəsindən müvəqqəti istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən yaşayış sahəsi məcburi köçkünlərin ailə tərkibinə uyğun olaraq müəyyənləşdirili və ailə tərkibi 1 nəfərdən ibarət olanlara 1 otaq, ailə tərkibi 2-3 nəfərdən ibarət olanlara 2 otaq verilir. Həmin Qaydanın “Məcburi köçkünlərə müvəqqəti yaşayış sahələrinin verilməsi” adlanan 2.11.2-ci bəndinə görə məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) köçürülmə zamanı yeni yaşayış sahəsi verilmir. Həmin qaydanın 3-cü hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov sovmaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Həmçinin, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə məcburi köçkün Cavabdeh1 arasında bağlanmış 03 aprel 2014cü il tarixli, “2/54” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.7.1-ci bəndinə əsasən kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıqmüddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin müqavilənin 5.7.2-ci bəndinə əsasən kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin müqavilənin 5.4.1 və 5.4.5-ci bəndlərinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr sinə yetirilmədikdə və yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Qanunvericiliyin qeyd olunan normalarının, habelə tərəflər arasında bağlanmış 03 aprel 2014-cü il tarixli, “2/54” nömrəli «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi»nin şərtlərindən göründüyü kimi kirayəçinin və ailə üzvlərinin müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamaması müqavilənin ləğv edilməsi üçün əsasdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından göründüyü kimi, mənzilin kirayəçisi və onun ailə üzvü olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında verdikləri izahatlarında özləri göstərirlər ki, artıq 6 ildir ki, həmin mənzildə yaşamırlar və mənzili digər Cavabdeh3 istifadəsinə vermişlər. Həmçinin, həmin mənzildə yaşamamaları halının üzrlü səbəblərlə əlaqədar olmasını təsdiq edən sübutlarını da həmin cavabdehlər məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti isə Mənzil Məcəlləsinin 99.4-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin, verilməsi» Qaydasının 3.7-ci bəndinə, habelə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi»nin 5.7-ci bəndinə əsasən Cavabdeh1 sözügedən «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi»nin ləğvinə dair bildirişlər ünvanlamışdır. Həmçinin, mülki işin məhkəmə tədqiqi zamanı digər Cavabdeh3 sözügedən mənzildə hər hansı qanuni əsaslar olmadan yaşamağa davam etdiyi müəyyən edilmişdir. Cavabdeh3 sözügedən mənzili digər Cavabdeh1 onlara satdığını iddia edir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən mənzili kirayəçinin nəinki satmaq, hər hansı digər şəxsin istifadəsinə və ya sahibliyinə vermək hüququ olmamışdır. Göründüyü kimi, hazırkı iş üzrə iddia tələbinin qanuni əsasını həm də Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçı ilk növbədə mübahisəli mənzilin mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu, işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Hazrıkı işdə mübahisəli mənzilin iddiaçının balansında olduğu işin mübahisəsiz halıdır. Eyni zamanda iddianın təmin olunması üçün mübahisəli mənzilin cavabdehlərin qanunsuz sahibliyində olduğunu sübut etmək yükü iddiaçının üzərindədir. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli mənzil cavabdehlərin qanunsuz sahibliyindədir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, məcburi köçkün Cavabdeh1 tərəfindən qanunvericiliyin tələbləri və müqavilə şərtləri pozulduğundan, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinə aid olan mübahisəli mənzillə bağlı digər Cavabdeh3 ilə hər hansı kirayə müqaviləsi bağlanılmadığından, cavabdehlərin evə daha çox ehtiyacı olan məcburi köçkün olması müəyyən edilmədiyindən və beləliklə də mübahisəli mənzil cavabdehlərin qanunsuz sahibliyində olduğundan iddia təmin edilməli, Cavabdeh1 ilə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 03 aprel 2014-cü il tarixli, “2/54” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, cavabdehlər ünvan 1rəli 2 otaqlı mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 03 aprel 2014-cü il tarixli, “2/54” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1rəli 2 otaqlı mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-1788/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1788/2024
17.09.2024 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver