Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1803/2025 09.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin etibarnamə üzrə nümayəndəsi X2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hüseyin qızının və Cavabdeh3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hüseyin qızına və Cavabdeh3 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hüseyin qızına və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 istifadəsinə verilmiş Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə, 12 saylı binada yerləşən 9 nömrəli mənzilə dair 07 aprel 2014-cü il tarixli 12/9 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hüseyin qızının və Cavabdeh3 əşyaları ilə birlikdə 12/9 nömrəli mənzildən çıxarılması, 12/9 nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” qaydası təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin 07 aprel 2014-cü il tarixli “12/9” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 1500 ailəlik Yeni qəsəbədə 12 saylı binada 9 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Sonradan Gəncə-Göygöl Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 12/9 nömrəli mənzildə yaşamadığı, mənzili qeyriqanuni olaraq Cavabdeh2 Hüseyin qızına və Cavabdeh3 satıldığı və həmin şəxslərin mənzildə qeyri-qanuni yaşadığı məlum olmuşdur. Sahə rəisi tərəfindən Cavabdeh1 mənzildə yaşamadığı, mənzilində müqavilədə adı keçməyən kənar şəxs Cavabdeh2 Hüseyin qızının və Cavabdeh3 yaşamasının qanunsuz olduğu bildirilmişdir. Komitənin Mənzil-İstismar Departamenti ilə Cavabdeh1 arasında Gəncə şəhəri, Yeni Qəsəbə, 12 saylı binada 9 nömrəli 2 otaqlı mənzilin ona verilməsi ilə bağlı 07 aprel 2014-cü il tarixli, 12/9 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmışdır. Cavabdeh1 ona verilmiş Gəncə şəhəri, Yeni Qəsəbə, 12 saylı binada yerləşən 9 nömrəli 2 otaqlı mənzildə yaşamadığı və mənzilin kənar şəxsə qeyri-qanuni verildiyi müəyyən edildiyindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli və mənzildən çıxmalıdır. Cavabdehlər Cavabdeh2 Hüseyin qızı və Cavabdeh3 da Gəncə şəhəri, Yeni Qəsəbə, 12 saylı binada yerləşən 9 nömrəli 2 otaqlı mənzildə müqavilədən kənar qeyri-qanuni yaşadığı üçün mənzildən çıxmalıdırlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun çıxış edib əlavə olaraq sözügedən evi Cavabdeh1 17000 manata satdığını göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərdi ki, Gəncə şəhəri, Yeni Qəsəbə, 12 saylı binada yerləşən 9 nömrəli ev həyat yoldaşı ilə ona müvəqqəti yaşamaları üçün kirayə müqaviləsi əsasında verilmişdir. Yoldaşı rəhmətə getdikdən sonra imkanı olmamış evi satmağa məcbur qalmışdır. Səhhətində problemlər vardır, dəfələrlə əməliyyat olunmuşdur. Bacısıqızı ögey qardaşı tərəfindən qətlə yetirilmiş, onun azyaşlı övladı da onun himayəsindədir. Əməliyyat xərclərini qarşılamaq üçün evi Cavabdeh2 Hüseyin qızına satmışdır. Onun da vəziyyəti pis olmuş, gəlini ilə yola gedə bilməmişdir. Öz razılığı ilə həmin evi Cavabdeh2 Hüseyin qızına həvalə etmiş, evin onun adına rəsmiləşdirilməsi üçün dəfələrlə departamentə müraciət etmişdir. İmkanı yoxdur, bankdan 6500 manat kredit götürmüş, ayda 255 manat kredit borcundan ödənişlər edir, əgər Kəlbəcərdən ona ev verilərsə getməyə hazırdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 Hüseyin qızı izahatında göstərdi ki, həmin binada 3 nömrəli mənzil oğlu və gəlini ilə birlikdə onlara müvəqqəti yaşamaq üçün kirayə müqaviləsi əsasında verilmişdir. Gəlini ilə yola gedə bilməmiş, gəlini özünü dəfələrlə binadan atmaq istəmiş, qonşular yığılıb gəlmişdir. Oğlunun ailəsinin dağılmaması üçün məcbur qalıb öz evlərini 25000 manata satmış, hazırki sözügedən evi 17000 manata Cavabdeh1 almışdır. Hazırda həmin evdə qızı Cavabdeh3 ilə birlikdə yaşayır, başqa yaşayacaq evi olmadığından iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 hazırki sözügedən evdə anası Cavabdeh2 Hüseyin qızı ilə birlikdə yaşadığını göstərərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2014-cü il tarixli, 12/9 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Gəncə şəhəri Yeni qəsəbə, bina 12, 9 nömrəli 2 otaqlı mənzil Cavabdeh1 və onun ailə üzvü həyat yoldaşı X1 müvəqqəti istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Gəncə-Göygöl MKİS-nin rəisi tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoruna verilmiş xx.xx.2024-cü il tarixli, 436 nömrəli xidməti məlumatdan görünür ki, xidməti ərazidə mənzillər yoxlanılarkən Cavabdeh1 müqavilə əsasında verilmiş 1500 ailəlik Yeni Qəsəbə, bina 12, mənzil 9-u qanunsuz olaraq alqı-satqı yolu ilə Cavabdeh2 verməsi, qeyd edilən mənzildə Cavabdeh2 və qızı Cavabdeh3 yaşadığı aşkar olunmuş, Cavabdeh1 mənzildə yaşayışın təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi (bundan sonra– Komitə) Gəncə şəhər Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, yoxlama aparılarkən aşkar olunmuşdur ki, 1500 ailəlik Yeni Qəsəbə, bina 12, mənzil 9 ünvanında Cavabdeh3 anası Cavabdeh2 birlikdə yaşayırlar, sorğu zamanı Cavabdeh3 bu mənzili 2019-cu il tarixdə aldıqlarını və həmin vaxtdan anası ilə birlikdə yaşadıqlarını göstərmişdir. Cavabdeh3 tərəfindən Gəncə şəhər MKİS-yə yazılmış xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, sonuncu izahatında 2014-cü ildə bina 3-də məskunlaşdıqlarını, lakin oranı satıb, 2019-cu ildə bina 12, 9 nömrəli mənzili aldıqlarını və hazırda da anası Cavabdeh2 Hüseyin qızı ilə birlikdə həmin mənzildə yaşadıqlarını göstərmişdir. Cavabdeh2 Hüseyin qızı tərəfindən Gəncə şəhər MKİS-yə yazılmış xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, sonuncu izahatında 2019-cu il tarixdə Kəlbəcər rayon sakini Cavabdeh1 razılığı ilə ona müqavilə əsasında verilmiş Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə, bina 12, mənzil 9-a köçdüklərini, bunun müqabilində Südabəyə 17000 manat pul verdiyini, həmin vaxtdan indiyə qədər də qeyd edilən mənzildə yaşadıqlarını göstərmişdir. Cavabdeh1 tərəfindən Gəncə şəhər MKİS-yə yazılmış xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, sonuncu izahatında 2014-cü ildə Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə, bina 12, mənzil 9-un müqavilə əsasında ona verildiyini, 2019-cu il tarixə qədər həmin evdə yaşadıqdan sonra səhhəti yol vermədiyi üçün həmin mənzili Kəlbəcər rayon sakini Cavabdeh2 Hüseyin qızına müvəqqəti yaşamaq üçün verdiyini, həmin vaxtdan indiyədək Firuzə və ailə üzvlərinin orada yaşadıqlarını, müqavilənin şərtlərini pozduğu ona məlum olduğundan yaxın vaxtlarda yaşayışını təmin edəcəyini göstərmişdir. Gəncə “ASAN xidmət” mərkəzi notariat ofisində 8İ-16968 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh1 ailəsi ilə birlikdə 2014-cü ildə ünvan 1 ünvanında yerləşən mənzildə məskunlaşdıqlarını, ancaq hal-hazırda səhhəti ilə əlaqədar olaraq orada yaşaya bilmədiyini, bununla bağlı onunla xx.xx.2014-cü il tarixdə 12/9 nömrə ilə qeyd olunmuş xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv olunmasına və həmin mənzilə Cavabdeh2 Hüseyin qızının köçməsinə və onunla kirayə müqaviləsinin bağlanmasına etiraz etmədiyini, razı olduğunu göstərmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutları araşdırıb hüquq normaları baxımından qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər» haqqında Qanunun 2-ci maddəsinə əsasən xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Həmin Qanunun 4-cü maddəsinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: Müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; məşğulluğun təmin edilməsi; sosial təminat; tibbi təminat; təhsil hüququnun təmin edilməsi; nəqliyyat, mənzil-kommunal və digər güzəştləri və s. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra- Mənzil Məcəlləsi) 50-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra - yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir. Sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar. Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»-nın 3.2-ci bəndində qeyd olunur ki, məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğün olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Həmin Qaydanın 3.3-cü bəndində qeyd olunur ki, məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasnı həmin evə köçürmək hüququ yoxdur. Həmin qaydaların 3.7-ci bəndində qeyd edilir ki, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 12/9 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.7.1-ci bəndindən görünür ki, Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 (üç) aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Göründüyü kimi, Cavabdeh1 yuxarıda qeyd olunan qaydanın və müqavilənin tələblərini pozaraq ona verilmiş yaşayış sahəsində faktiki olaraq yaşamamışdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin müəyyən olunmuş hallarını araşdıraraq tədqiq olunmuş sübutlara hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 07 aprel 2014-cü il tarixli 12/9 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hüseyin qızı və Cavabdeh3 Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə, bina 12, 9 nömrəli mənzildən çıxarılmalı və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. İş üzrə ödənilməmiş 100 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh1 istifadəsinə verilmiş, Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə 12 saylı binanın 9 nömrəli mənzilinə dair 07 aprel 2014-cü il tarixli 12/9 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hüseyin qızı və Cavabdeh3 Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə, 12 nömrəli binanın 9 nömrəli mənzilindən çıxarılsınlar və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hüseyin qızı və Cavabdeh3 müştərək qaydada dövlət rüsumu hesabına 100 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-1803/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1803/2025
09.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver