Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1837/2024 21.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsindən çıxarılma” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 19-cu küçədəki 4 sot olan torpaq sahəsini zəbt etmək istəyən Gədəbəy rayonu, İnəkboğan kənd sakini Cavabdeh torpağından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 19-cu küçədə yerləşən 4 sot torpaq sahəsini “Farforist” bağçılıq yoldaşlığının qərarına əsasən almışdır. 4 sot torpaq sahəsində çiy kərpicdən sarı torpaqdan 5 x 5 birotaqlı ev üstü açıq yarımtikili tikmişdir. O, neçə illərdir ki, çini qablar zavodunda xx.xx.1979-cu ildən əmək fəaliyyətinə başlamış, xx.xx.2016-cı ilə kimi işləmiş, əmək kitabçası da dediklərini təsdiq edir. Bundan başqa, Məhsəti qəsəbəsi, 19-cu küçədə yerləşən 4 sot torpaq sahəsinin yanında olan qonşular da həmin torpaq sahəsinin ona məxsus olmasını çiy sarı torpaq kərpicdən bir otaq 5 x 5 tikdirdiyini təsdiq edə bilərlər. Məhsəti qəsəbəsi, 19-cu küçədəki 4 sot torpaq sahəsinin ona aid olmasına dair əmək kitabçası, bağçılıq “Farforist” sxematik planı, arxiv arayışı, bundan başqa, 2023-cü il tarixli 2-ci Polis şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı İslam Əhmədovun təhqiqatının qərarı da var. Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 19-cu küçədə yerləşən 4 sot ələ keçirmək məqsədi ilə Cavabdeh adlı şəxs saxta sənədlərlə torpağına sahib çıxmaq istəyir. Başqasının əmlakını saxta sənədlərlə onun olduğunu sübut etmək istəyir. Gəncə şəhər 2-ci Polis Şöbəsinin təhqiqatın qərarına əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunur. Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 19-cu küçədəki 4 sot torpaq sahəsini bağçılıq “Farforist” sxematik planı, arxiv arayışı, əmək kitabçası, təhqiqatın qərarı əsasında qorunur ki, onun mülkiyyətindədir. Ancaq Gədəbəy rayonu, İnəkboğan kəndində yaşayan Cavabdeh adına “Farforist” bağçılıq əmək kitabçası yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Lakin, Cavabdeh məhkəməyə ərizə təqdim edərək, İddiaçı məhkəmə baxış iclasına gəlmədiyini, lakin, hazırki məhkəmə iclasının mahiyyəti üzrə araşdırılmasını, iddiaçının iştirakı olmadan baxılaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəf işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli torpaq sahəsi qardaşı X3 adınadır. Lakin, torpaq onundur. X5 1993-cü ildə Gəncə şəhəri, Gəc zavodu ərazisində bağçılıq üçün nəzərdə tutulmuş 4 sot torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində ona məxsus tikili olmuşdur. 2023-cü ildə ona məxsus tikilinin dağıdıldığını görmüşdür. Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 19-cu küçədəki 4 sot torpaq sahəsi İddiaçı mülkiyyətində olmamaqla, iddiaçının sözügedən torpaq sahəsinin mülkiyyətində olması barədə hər hansı rəsmi sənədi yoxdur. Odur ki, iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə cavabdehi dinləyib işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 20 fevral 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda X1 barəsində cinayət işinin başlanmasının rədd edilməsi və sonuncunun barəsində heç bir inzibati tədbir görülməməsi, X4 ilə X1 arasında yaranmış mülkü məsələ məhkəmədə mübahisələndirilməli olduğundan, X3 məhkəmə orqanlarına müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində istinad etdiyi hallara dair, eyni zamanda mülkiyyətində hər hansı torpaq sahəsinin olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdə məhkəmə iclasında iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olması müəyyən olunmadı. Məhkəmə mübahisənin həlli ilə bağlı gəldiyi nəticəni aşağıdakı qanunvericiliyin müvafiq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyasının 71ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyət toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsidir. (Mülki Məcəllənin 6-cı maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirilənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4.-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” işi üzrə qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Torpaq məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki tələblə ilk növbədə çıxış edib-etməməsi hüququ, yəni onun mübahisəli torpaq sahəsində çıxarılma tələbinə dair iddia qaldırmaq hüquqlarının mövcud olub-olmaması yoxlanılmalıdır. İş materiallarına əsasən mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair sənəd (DƏDRX-dən çıxarış) işə əlavə edilməmiş və ya məhkəməyə təqdim edilməmişdir. Yəni mübahisəli torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair iş materiallarında heç bir sənəd yoxdur. Bu baxımdan məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi mübahisəli torpaq sahəsinə olan mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb onun hazırki tələblə çıxış etmək hüququ da yaranmamış və bu baxımdan o, subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neqanti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından gələ bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2-ci və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də tərəflərin üzərinə düşür. İddiaçı iddia ərizəsində mübahisələndirdiyi halın məhz cavabdeh tərəfindən baş verdiyini sübut etməlidir. İddiaçı tərəfindən isə tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə etdiyi arxiv arayışına da hüquqi qiymət verərək hesab edir ki, həmin arayışda iddiaçıya hər hansı torpaq sahəsinin verilməsinə dair qeyd olmadığından qanunvericiliyin normaları baxımından həmin sənəd sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı öz iddiasının əsasını təşkil edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşıdığından yəni sübutetmə vəzifəsi bilavasitə onun üzərinə düşməsinə buna baxmayaraq iddianın xeyli müddət məhkəmənin icraatında olmasına baxmayaraq, məhkəməyə mötəbər sübut təqdim edə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Başqa sözlə iddiaçı iddiasında cavabdehin ona məxsus torpaq sahəsini sahiblik etmək istədiyini bildirsə də ümumiyyətlə onun mülkiyyətində hər hansı torpaq olmasını sübut edə bilməmişdir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsindən çıxarılma” tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1837/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1837/2024
21.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver