Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1889/2025 14.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək “X1” adlı şəxsin “X2” ilə eyni şəxs olması faktının və X3 ilə bağlanmış nikah haqqında şəhadətnamədə nikahın qeydə alınması tarixinin xx.xx.2012-ci il olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, əri X3 ilə xx.xx.2012-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində nikahları qeydə alınaraq ailə qurmuşlar. Lakin nikah haqqında şəhadətnamədə qeydiyyat tarixi xx.xx.2012-ci il göstərilmiş və bundan əlavə soyadı “Bayramova” olduğu halda, “Bairamova” kimi göstərilmişdir. Bu səhvin düzəldilməsi ilə bağlı o müvafiq olaraq Maraqlı şəxsnə müraciət etmiş və sonuncu şöbədən də sənədlər arasında olan anlaşılmazlığa görə düzəliş apara bilməyəcəklərini rəsmi məktubla ona bildirmişlər. Soyadının “Bayramova” olmağı onda mövcud olan bir sıra sənədlərlə təsdiq edilir. Eyni zamanda nikah haqqında şəhadətnamədə nikahın qeydi tarixi xx.xx.2012-ci il qeyd edilmişdir, halbuki nikah qeydə alınan vaxtın xx.xx.2012-ci il olması faktı toy mərasiminin keçirilməsi tarixi və toy şənliyində nikahın qeydə alınması görüntüləri, toy mərasimi ilə təsdiq olunur. Soyadının Bayramova olması ilə bağlı sənədi o, başqa cür əldə edə bilmədiyindən məcbur olub hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizənin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizənin məzmunundan da göründüyü kimi, ərizəçi onun nikah haqqında şəhadətnaməsində qeydiyyat tarixinin səhvən xx.xx.2012-ci il, soyadı “Bayramova” olduğu halda, “Bairamova” kimi göstərildiyini qeyd edir və bu səhvlərin düzəldilərək “X1” adlı şəxsin “X2” ilə eyni şəxs olması faktının və X3 ilə bağlanmış nikah haqqında şəhadətnamədə nikahın qeydə alınması tarixinin xx.xx.2012-ci il olması faktının müəyyən edilməsini xahiş edir, yəni tələb müvafiq akt qeydində dəyişiklik edilməsi ilə bağlıdır. Bundan ötrü ərizəçi tələbini MPM-nin 307.2.5-ci maddəsi ilə əsaslandırmışdır. MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd edilən müddəadan da görünür ki, məhkəmə həmin norma əsasında hüquq müəyyənedici sənədlərlə şəxsiyyəti təsdiq edən sənəddə onun adı, ata adı və soyadı arasında uyğunsuzluq olduqda, məhz hüquq müəyyənedici sənədlərin eyni şəxsə məxsus olması barədə hüquqi faktı müəyyən edə bilər. Şəxsin adı, soyadı, ata adındakı yanlışlıqların, o cümlədən müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdə hər hansı yanlışlığın hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi isə MPM-in 307-ci maddəsində nəzərdə tutulmamışdır. MPM-in 307.1-ci maddəsi tələb edir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçinin soyadının və ya nikahın qeydə alınması tarixinin inzibati orqan tərəfindən verilən sənədlərdə düzgün yazılmaması isə onun hər hansı əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsindən asılı olan faktlarla bağlı olmamaqla, əslində akt qeydindəki yanlışlıqların aradan qaldırılması ilə əlaqədardır ki, bundan ötrü ərizəçi yanlışlıqların aradan qaldırılması ilə bağlı müvafiq inzibati orqana, onların hərəkətlərindən (hərəkətsizliyindən) isə inzibati məhkəməyə müraciət etməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 6-cı bəndində də qeyd edilir ki Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi sözügedən sənədlərə düzəliş edilməsi ilə bağlı ilk öncə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbəsinə müraciət etməli, sonuncu tərəfindən imtina ilə bağlı hərəkətlərindən isə inzibati məhkəməyə müraciət etməlidir. “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində isə göstərilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, ərizənin yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə aidiyyəti üzrə inzibati qaydaya riayət etməklə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsaslanaraq və MPM-in 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-1889/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1889/2025
14.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver