Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-19/2024 16.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlk İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair ilkin iddia ərizəsi ilə xx.xx.2021-ci ildə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Hüseyn Hüseynov küçəsi, 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Hüseyn Hüseynov küçəsi, 1 ünvanında ona məxsus 0.06 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Lakin Cavabdeh bu torpaq sahəsini tamamilə qanunsuz olaraq zəbt edərək oranı hasarlamışdır. Bununla bağlı o, cavabdehə dəfələrlə müraciət etmişdir ki, ona məxsus qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxsın. Lakin cavabdeh onun sözlərimə məhəl qoymayaraq torpaq sahəsini tərk etmir. Ona görə də əlacsız qalaraq mübahisənin həllini məhkəmədə axtarmaq qərarına gəlmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlk iddia üzrə cavabdeh olan Cavabdeh ilk İddiaçı, Gəncə şəhəri 1 saylı dövlət Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsi və ünvan 1 ünvanda yerləşən 0.06. ha torpaq sahəsinə dair Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsinə, DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsinə və ödənilmiş 30.4 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin iş üzrə 16 iyul 2024-cü il tarixli qərardadı ilə Cavabdeh ilk İddiaçı, Gəncə şəhəri 1 saylı dövlət Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X2 təmsil etdiyi iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh iddiaçıya məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Hüseyn Hüseynov küçəsi, 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək, işin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır. Məhkəmə İddiaçı nümayəndəsi, vəkil X1 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixdə **********96 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Mülki işin materiallarında olan, torpağın mülkiyyətə verilməsinə Dair İN-231 A saylı Şəhadətnamənin surətindən görünür ki, Daşkəsən Rayon İcra hakimiyyəti Başçısının 22 iyul 1998-ci il tarixli 219 saylı sərəncamı ilə Cavabdeh 0,06 ha torpaq sahəsi ayrılmışdır (torpaq sahəsinin hansı ərazidən ayrılması göstərilməyib). İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mülki iş materiallarında olan ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı məxsus 0.06 ha torpaq sahəsinin faktiki olaraq onun özü tərəfindən istifadə edilmədiyi müəyyən olundu. Belə ki, həmin 0.06 ha (600.0 kv.m) torpaq sahəsinin 220.0 kv.m hissəsi faktiki olaraq ərazidə mövcud olan istifadəsiz sahə, 380.0 kv.m hissəsi isə Cavabdeh faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh faktiki istifadə sahəsi, ********** qeydiyyat nömrəli və xx.xx.2021 -ci il qeydiyyat tarixli Çıxarışın 14949 inventar nömrəli texniki pasportla eynidir. Belə ki, texniki pasportda göstərildiyi kimi, Cavabdeh faktiki istifadəsində olan 0.132 ha torpaq sahəsinin 0.06 ha hissəsi xüsusi mülkiyyətindədir. Lakin faktiki istifadəsində olan 0.132 ha torpaq sahəsinin 0.072 ha hissəsi mülkiyyətindən əlavə istifadə sahəsidir. İddiaçı məxsus 0.06 ha torpaq sahəsinin faktiki olaraq 220.0 kv.m hissəsi ərazidə yerləşən boş sahə ilə, 380.0 kv.m hissəsi isə, cavabdehin mülkiyyətindən əlavə istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 05 avqust 2022-ci il tarixli, 10/4325 nömrəli mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Cavabdeh faktiki istifadə sahəsinin, ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın 14949 inventar nömrəli texniki pasportla eynilik təşkil etdiyi müəyyən olundu. Belə ki, texniki pasportda göstərildiyi kimi, Cavabdeh faktiki istifadəsində ola 0.132 ha torpaq sahəsinin 0.06 ha hissəsi xüsusi mülkiyyətindədir. Lakin faktiki istifadəsində olan 0.132 ha torpaq sahəsinin 0.072 ha hissəsi mülkiyyətindən əlavə istifadə sahəsidir. 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus 0.06 ha torpaq sahəsinin faktiki olaraq 220 m2 hissəsinin ərazidə yerləşən boş sahə ilə, 380 m2 hissəsinin isə, cavabdehin mülkiyyətindən əlavə istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur.Həmin ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğini təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə qeyd edir ki, hər hansı bir iddia tələbi üzrə hüquqi qiymətləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülən iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 05 avqust 2022-ci il tarixli, 10/4325 nömrəli mühəndis-texniki ekspertizasının rəyi ilə işin faktiki halları kimi müəyyən olunmuşdur ki, ünvan 2 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixdə **********96 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Həmin torpaq sahəsinin 380 m2 hissəsi cavabdeh tərəfindən istifadə olunur və nəticədə iddiaçı öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Cavabdehin həmin torpaq sahəsi barəsində hər hansı hüququ qeydə alınmamışdır. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin qanunla qorunun hüquqları müdafiə edilməlidir. İrəli sürülən hazırki iddianın təmin edilməsi üçün qanuni əsaslar yuxarıda sadalanmış maddi hüquq normalarında nəzərdə tutulmuşdir.Ona görə də məhkəmə bu qənaətdədir ki, irəli sürülən iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iddia xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin vaxt qüvvədə olan Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən, ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilmiş və şəhid ailələri bu rüsumun ödənilməsindən azad edilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Daşkəsən rayon Bölməsinin 17 iyun 2021-ci il tarixli 403 nömrəli arayışdan görünür ki, İddiaçı oğlu xx.xx.1975-ci il təvəllüdlü əsgər-X3 xx.xx.1994cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, xx.xx.1994cü il tarixdən X3 “Şəhid”, onun ailəsi “Şəhid ailəsi” hesab edilir. Yəni, hazırki işdə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 05 avqust 2022-ci il tarixli, 10/4325 nömrəli ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğini təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd edilənlərə əsasən, məhkəmə qərara gəlir ki, iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu və aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul cavabdehdən alınıb, müvafiq olaraq dövlət büdcəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabina ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357,358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin zəbt edilmiş 380.0 kv.m hissəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-19/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-19/2024
16.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver