Məhkəmə qərarları › İş №2(125)-1925/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1925/2024

07.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1925/2024 07.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 Saylı Gəncə Ərazi İdarəsi) qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən zəbt edilmiş və ona məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bank BTB ASC-nin mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 0,067 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 151.1 kv/m olan fərdi yaşayış evini Bank BTB ASC-dən 64.000 manat məbləğinə 17 oktyabr 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən almışdır. O, Bank BTB ASC-nin mülkiyyətində olmuş ünvan 1 ünvanı aldıqdan sonra 35000 min manat məbləğində təmir işləri görmüş, evin dam örtüyünü, eləcə də evin daxilində digər təmir işləri aparmışdır. O, 17 oktyabr 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaq üçün müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi mənə xx.xx.2023-cü il tarixli, **********54-10301 nömrəli çıxarış vermişdir. Lakin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair “Torpaq sahəsinin planı və ölçüsü” verməmişdir. O, “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi barədə ərizə ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin idarə ona daşınmaz əmlakın texniki pasportunun hazırlanmasında imtina edilməsi barədə bildiriş vermişdir və bildirişdə qeyd olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində faktiki torpaq sahəsi 0.0557 ha, sənəd üzrə torpaq sahəsinin isə 0.067 ha olduğu müəyyən edilmişdir. Belə olan halda görünür ki, Bank BTB ASC əvvəlcədən bilərək və onu aldadaraq mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 0,067 ha torpaq sahəsi kimi satmışdır və 17 oktyabr 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində qeyd etmişdir. Bundan sonra məlum olmuşdur ki, Gəncə Şəhəri, Nizami Rayonu, Puşkin küçəsi, ev 73 hazırda Bank BTB ASC-nin mülkiyyətindədir. Ona görə hesab edir ki, ona məxsus torpaq sahəsindən çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbi müdafiə edərək bildirdi ki, mülkiyyətinə verilmiş torpaq sahəsini faktiki zəbt edən şəxs "xxxx" ASC yox, qonşuluqda yaşayan şəxsdir. Belə ki, həmin qonşunun mülkiyyətinə verilmiş torpaq sahəsi də əvvəllər "xxxx" ASC-yə məxsus olmuş və sonradan hazırkı qonşuya özgəninkiləşdirmişdir, buna görə "xxxx" ASC-yə qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 Saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli “daşınmaz əmlakın texniki pasportunun hazırlanmasından imtina edilməsi” barədə bildirişindən görünür ki, Gəncə şəhəri, Puşkin 75 küçəsində yerləşən fərdi yaşayış evinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədində düzəliş edilməsi barədə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Bildirilir ki, aparılan araşdırma zamanı, faktiki torpaq sahəsinin 0.0557 ha, sənəd üzrə torpaq sahəsinin isə 0.067 ha olduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Puşkin küçəsi, ev 75 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 0.067 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 151.1 kv.m olan daşınmaz əmlak İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4). Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür (646.1). Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir (646.2). Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir (648.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı iş üzrə iddiaçı mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılmasını xahiş etmişdir. Lakin xüsusi bilik tətbiq edilməsinə zəzurət qalmadan iddiaçı tərəf bildirir ki, mülkiyyətində olan torpaq sahəsi cavabdehin deyil, digər şəxsin faktiki sahiblik və istifadəsindədir. Belə olan "xxxx" ASC hazırkı tələbin yönələ biləcəyi və tələbə cavab verməli şəxs deyil. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı iş üzrə cavabdeh tələbin yönəlməli və ona cavab verməli şəxs olmadığından, ona qarşı torpaq sahəsindən çıxarılma barədə iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 Saylı Gəncə Ərazi İdarəsi) qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin olunmasın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar