Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-197/2024 24.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehin nümayəndələri (vəkilləri) Vəkil2 və Vəkil3, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə Cavabdeh2, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbi barədə ilk iddiasına, Cavabdeh1 İddiaçı və Gəncə «ASAN xidmət» mərkəzinin notariat ofisinə qarşı «miras payın bağışlanması müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, miras əmlakda payın müəyyən edilməsi» tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin, onların uşaqları X8 və X10, habelə cavabdehlərin ev əşyalarının Gəncə şəhəri, Hərbi şəhərcik 83, xətt-11, bina 8, mənzil 2 ünvanında yerləşən, ümumi sahəsi 52,1 kvadrat metr olan mənzildən çıxarılmaları tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı Cavabdeh1 İddiaçı və Gəncə «ASAN xidmət» mərkəzinin notariat ofisinə qarşı Gəncə «ASAN xidmət» mərkəzinin notariat ofisində xx.xx.2015-ci il tarixdə bağlanmış «miras payın bağışlama müqaviləsi»nin və həmin müqavilə əsasında Gəncə şəhəri, Hərbi şəhərcik 83, xətt 11-də yerləşən 8 nömrəli evin 2 nömrəlinin mənzilinə dair aparılmış qeydin ləğv edilməsi, xx.xx.2015-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» əsasında Gəncə şəhəri, Hərbi şəhərcik 83, xətt 11-də yerləşən 8 nömrəli evin 2 nömrəlinin mənzildən miras payının müəyyən edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin İddiaçı onun xeyrinə tutulmasına tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə, qarşılıqlı iddianı isə qəbul etməyərək, bildirdi ki, onun atası X15 1997-ci ildə ünvan 1 ünvanda yerləşən mənzili almışıdır. Həmin vaxt onun 9, qadaşı Cavabdeh1 isə 11 yaşı olmuş və həmin evdə yaşamışlar. Qardaşı Emin 2013-cü ildə Aynurə ilə nikaha girmiş, bundan 1 il sonra isə Aynurə Rusiya Federasiyası vətəndaşı olduğu üçün Rusiya Federasiyasına getmişdir. Cavabdeh1 Azərbaycan Respublikasında evi yoxdur. ünvan 1 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin mənzilə dair Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdehlər qardaşı Cavabdeh1, Cavabdeh1 arvadı Cavabdeh2 və həmin şəxslərin qeyri-rəsmi birgə nikahlarından anadan olmuş X17, X21 adlı iki uşaqğı hazırda ünvan 1 ünvanda yerləşən mənzildə müvəqqəti olaraq yaşayırlar. Cavabdehlər 2019-cu ilin yay aylarında Rusiya Federasiyasından gələn zaman onların qeyd etdiyi ünvanda 3-4 aylıq gedənə kimi müvəqqəti olaraq onlara sığınacaq vermişdir. İddiaçı və Cavabdeh2 məlum «Covid-19» Pandemiyası ilə əlaqədar sərhəd keçid məntəqələrində giriş-çıxışın qadağan edildiyindən Rusiya Federasiyasına geri dönə bilməmişdir. Cavabdeh2 Rusiya Federasiyasının vətəndaşı olsa da, onun qardaşı Cavabdeh1 əlil olmağından sui-istifadə edərək ailələrinə yad olan kişilərlə görüşür və dai m həmin şəxslərlə ünsiyyətdə olur. Buna görə də qohumları və qonşuları İddiaçı və Cavabdeh2 mübahisə predmeti olan əmlakda yaşamaqlarına etiraz edirlər. O, İddiaçı və Cavabdeh2 ona məxsus əmlakdan çıxmalarını dəfələrlə tələb etsə də, həmin şəxslər hər dəfə müxtəlif bəhanələr gətirərək onun mülkiyyətindən çıxmamışlar. Bu isə onun mülkiyyət hüquqlarını pozur. Gəncə şəhəri, Hərbi şəhərcik 83, xətt-11, bina 8, mənzil 2 ünvanında yerləşən, ümumi sahəsi 52,1 kvadrat metr olan mənzilin onun vəsaiti hesabına tikilməsinə, eləcə də mal-materialın alınmasına, podrat xərclərinə və digər xərclərə dair onda hər hansı sübut yoxdur və bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilmir. Bundan başqa, Cavabdeh1 öz iradəsinə uyğun olaraq, miras payın bağışlanması müqaviləsi bağılamışdır və həmin müqavilənin etibarsız hesab edilməsinə hər hansı əsas yoxdur. Sonda İddiaçı ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehin nümayəndələri (vəkilləri) Vəkil2 və Vəkil3 ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh1 və ilk iddia üzrə Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə qarşılıqlı iddianı müdafiə, ilk iddianı isə qəbul etməyərək bildirdi ki, ünvan 2 ünvanında yerləşən mənzil Gəncə şəhəri 2 saylı dövlət notariat kontorunun xx.xx.1999-cu il tarixli, 3M-1-132 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 atası X15 tərəfindən satın alınmış, X15 2010-cu ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra Cavabdeh1 sözügedən mənzildə yaşamağa davam etməklə ondan qalan mirası qəbul etmişdir. Gəncə «ASAN xidmət» mərkəzinin notariat kontorunun xx.xx.2015-ci il tarixli 2V-592 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqqmda şəhadətnaməsinə əsasən Cavabdeh1 X7 qanun üzrə vərəsəsi olmağı müəyyən edilmişdir. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2011-ci ildə nikaha daxil olmuşlar və ünvan 2 ünvanında yerləşən mənzildə yaşamışdırlar. Daha sonra anası Cavabdeh1n bildirmişdir ki, «qardaşın Ruslan da ailə quracaq, iki ailə bir evdə yaşaya bilməz, evin torpaq sahəsini sənə veririk, evi tikdir orada yaşa, bu evdə isə Ruslan qalsın». Belə ki, onlar həmin mənzili alan zaman mənzilə bitişik torpaq sahəsi olmuşdur və həmin torpaq sahəsində Eminə ev tikilməyə başlamışdır. 2015-ci ilin avqust ayında anası ona bildirmişdir ki, torpağı onun, evi isə Ruslanın adına keçirmək üçün etibarnamə verməlidir. Belə ki, Cavabdeh1 nitq-eşitmə qüsurlu və savadsızdır. O, mirasdan payının torpaq sahəsi hesabına ona verildiyi barədə anasının sözünə inanıb, xx.xx.2015-ci il tarixdə Gəncə şəhəri 5 saylı notariat kontorunda ona etibarnamə vermişdir. X4 Cavabdeh1 lal-kar və savadsız olmağından istifadə edərək, atasının miras payından məhrum edərək, yəni aldatma yolu ilə ondan etibarnamə alaraq, miras mülkdəki payını bağışlayaraq mülkün bütövlükdə Cavabdeh1 qardaşı İddiaçı adına rəsmiləşdirilməsinə nail olmuşdur. Bununla əlaqədar xx.xx.2015-ci il tarixdə Gəncə «ASAN Xidmət» mərkəzinin notariat kontorunda «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə tərtib edilmiş, xx.xx.2015-ci il tarixdə Cavabdeh1 anası N.Ə.Fərəməzova Cavabdeh1 Gəncə şəhəri 5 saylı notariat kontoruna apararaq etibarnamə almışdır. xx.xx.2015-ci il tarixdə N.Ə.Fərəməzova Cavabdeh1 aldığı etibarnamədən istifadə edərək, Gəncə «ASAN Xidmət” Mərkəzinin notariat ofisində miras payını qardaşı Ruslana bağışlamışdır. Mirasdan payımın qardaşım Ruslana bağışlanılması barədə müqavilə mənim iradə ifadəmi əks etdirmir, mənim heç vaxt mirasdan payımı qardaşım Ruslana bağışlamaq niyyətim olmayıb. Belə ki, Cavabdeh1 miras payını qardaşına bağışlamaq istəsə, birbaşa bağışlama müqaviləsinin bağlanmasında iştirak edərdi. Buradan da məlum olur ki, o, aldadılmışdır. Buna görə də tərtib olunan pay bağışlama müqaviləsi və onun əsasına verilən çıxarış etibarsız hesab olunmalıdır. Sonda Nümayəndə qarşılıqlı iddianın təmin, ilk iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh1 və ilk iddia üzrə Cavabdeh2 qarşılıqlı iddianın təmin, ilk iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 bildirdi ki, İddiaçı və Cavabdeh1 onun övladlarıdır. ünvan 2 ünvanında yerləşən mənzil mərhum əri X9 məxsus olmuşdur. X15 2010-cu il tarixdə vəfat etdikdən sonra həmin mənzilin evin İddiaçı verilməsi barədə o və övladları arasında razılıq əldə olunmuşdur. Həmin mənzilin qonşuluğundakı torpaq sahəsində isə digər oğlu Cavabdeh1 ev tikilmişdir. Hazırda Cavabdeh1 ailəsi ilə birlikdə həmin torpaq sahəsində ona tikilən evdə yaşayır. Cavabdeh1 miras qalmış əmlakın İddiaçı adına rəsmiləşdirilməsini tamamlamaq üçün surdotərcüməçi Anjela adlı xanımın iştirakı ilə, hər şey ona izah olunduqdan sonra vermişdir. ünvan 2 ünvanında yerləşən mənzilin İddiaçı adına rəsmiləşdirilməsindən Cavabdeh1 xəbəri olmuş və ötən müddət ərzində buna etiraz etməmiş, həmin halı mübahisələndirməmişdir. Qeyd olunan etibarnamə və bağışlama müqaviləsi qanuni şəkildə notariat orqanında rəsmiləşdirilmişdir. Sonda N.Ə.Fərəməzova ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. Qarşılıqı iddia üzrə cavabdeh Gəncə «ASAN xidmət» mərkəzinin notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesytrindən xx.xx.2016-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Hərbi şəhərcik 83, xətt-11, bina 8, mənzil 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı ona məxsusdur. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, Gəncə şəhəri, Hərbi şəhərcik 83, xətt-11, bina 8, mənzil 2 ünvanında yerləşən mənzildə İddiaçı, X5,X4, X11 və X12 qeydiyyatdadırlar. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar sahəsinin xx.xx.2023-cü il tarixli, 302 nömrəli arayışdan görünür ki, İddiaçı ailə üzvləri X5, X11 və X12 ilə birgə Gəncə şəhəri, Hərbi şəhərcik 83, xətt-11, bina 8, mənzil 2 ünvanında yerləşən mənzildə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-0025/2023 nömrəli arayışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 2 saylı mənzil Gəncə şəhər 3 saylı Dövlət notariat kontorunda xx.xx.1994-cü il tarixli, 2-15 reyestr nömrəsi ilə təsdiq olunmuş “Dövlət mənzilinin şəxsi mülkiyyətə verilməsi haqqında” müqaviləyə əsasən, X18 adına qeydiyyata alınaraq xx.xx.1993-cü il tarixli, 11321 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər Kəpəz Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli, 2-165/97 nömrəli qətnaməsinə əsasən, bu əmlak X20, X22 və X19 adlarına xx.xx.1997-ci il tarixli, 11321 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 2 saylı Dövlət notariat kontorunun xx.xx.1999-cu il tarixli, 3M-1-132 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə mənzil X20, X22 və X25 tərəfindən X1. Həmin müqaviləyə uyğun X7 adına xx.xx.1999-cu il tarixli, 11321 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat kontorunun xx.xx.2015-ci il tarixli, 2V-592 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməsi və xx.xx.2015-ci il tarixli, 3M-880 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinə əsasən, sözügedən mənzilə dair İddiaçı adına xx.xx.2015-ci il tarixli, **********82-05101- 093002 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2015-ci il tarixli, 7E-14255 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 bütün əmlakına dair X3 etibarnamə vermişdir. Həmin etibarnaməni lal və kar olduğu səbəbindən Cavabdeh1 tapşırığı ilə X6 notariusun iştirakı ilə imzalamışdır. Sözügedən etibarnamə xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 2V-592 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X7 vərəsələri arvadı X4, oğlu X16, oğlu Cavabdeh1 və oğlu İddiaçı miras əmlakdan bərabər payda irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak xx.xx.1999-cu il tarixli, 11321 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən X9 məxsus olmuş Gəncə şəhəri, Hərbi şəhərcik 83, xətt-11, bina 8, mənzil 2 ünvanında yerləşən mənzildən ibarətdir. İşdə olan xx.xx.2015-ci il tarixli, 3M-880 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, X4, X16 və Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 2V-592 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Gəncə şəhəri, Hərbi şəhərcik 83, xətt-11, bina 8, mənzil 2 ünvanında yerləşən mənzilə dair miras paylarını İddiaçı bağışlamışdırlar. Həmin müqaviləyə Cavabdeh1 əvəzinə Gəncə şəhəri 5 saylı Notariat Ofisinin xx.xx.2015-ci il tarixli, 7E-14255 reyestr nömrəli etibarnamə əsasında X4 imza etmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6136 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı faktiki istifadəsində olan daşınmaz əmlakın ölçüləri, **********82-05101-093002 reyestr nömrəli Çıxarışa və həmin Çıxarışın texniki pasport sənədində göstərilən ölçülərə uyğun deyildir. Belə ki, **********82-05101-093002 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olar mənzilin ölçüsü 52.1 kv/m olduğu halda, İddiaçı faktiki istifadəsində olan mənzil sahəsinin 107.0 kv.m təşkil etdiyi müəyyən olundu. Bundan əlavə İddiaçı faktiki istifadəsində 200.0 kv.m-dək torpaq sahəsinin olduğu müəyyən olundu. Cavabdeh1 və Cavabdeh2 hazırda faktiki yaşadıqları mənzilin yerləşdiyi torpaq sahəsi ilə, **********82- 05101-093002 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan mənzilin yerləşdiyi torpaq sahəsi, ayrı-ayrı torpaq sahələridir. Gəncə şəhəri Kəpəz rayonu, Hərbi şəhərcik 83, xətt 11-də yerləşən İddiaçı onun mülkiyyətində olduğunu bildirdiyi, Cavabdeh1 və Cavabdeh2 hazırda faktiki yaşadıqları mənzilə dair hüquqmüəyyənedici (Çıxarış) sənəd mövcud olmadığından, həmin daşınmaz əmlakın hüquqi ünvanı olması aşkarlanmadı. Gəncə şəhəri Kəpəz rayonu, Hərbi şəhərcik 83, xətt 11-də yerləşən İddiaçı onun mülkiyyətində olduğunu bildirdiyi, Cavabdeh1 və Cavabdeh2 hazırda faktiki yaşadıqları mənzil və həmin mənzilin yerləşdiyi torpaq sahəsinə dair, elektron kadastr bazası məlumatlarına istinadən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən hüquqmüəyyənedici (çıxarış) sənəd qeydə alınmadığı aşkarlandı. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Hərbi şəhərcik 83, xətt-11, bina 8, mənzil 2 ünvanında yerləşən mənzil X7 mülkiyyətində olmuş, sonuncu xx.xx.2010-cü il tarixdə vəfat etdikdən sonra həmin mənzil xx.xx.2015-ci il tarixli, 2V-592 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2015-ci il tarixli, 3M-880 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi əsasında X7 qanun üzrə vərəsəsi İddiaçı xüsusi mülkiyyətinə çevrilmişdir. Bununla bağlı İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. İlk iddia üzrə İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birgə xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan mənzildən çıxarılmalıdırlar. Lakin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024cü il tarixli, 3-16-16/2-10/6136 nömrəli ekspert rəyində Cavabdeh1 və Fərəməzova Aynurə Oktay qızının hazırda faktiki yaşadıqları mənzilin yerləşdiyi torpaq sahəsi ilə, **********82-05101-093002 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan mənzilin yerləşdiyi torpaq sahəsinin ayrı-ayrı torpaq sahələri olduğu, Cavabdeh1 və Cavabdeh2 hazırda faktiki yaşadıqları mənzilə dair hüquqmüəyyənedici (Çıxarış) sənəd mövcud olmadığından, həmin daşınmaz əmlakın hüquqi ünvanının aşkarlanmadığı, Gəncə şəhəri Kəpəz rayonu, Hərbi şəhərcik 83, xətt 11-də yerləşən İddiaçı onun mülkiyyətində olduğunu bildirdiyi, Cavabdeh1 və Cavabdeh2 hazırda faktiki yaşadıqları mənzil və həmin mənzilin yerləşdiyi torpaq sahəsinə dair, elektron kadastr bazası məlumatlarına istinadən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən hüquqmüəyyənedici (çıxarış) sənəd qeydə alınmadığı göstərilmişdir. Məhkəmə tərəflər arasında hazırki mübahisənin həlli üçün ilk növbədə iddiaçının iddiaya subyektiv hüququnun olmasına dair xüsusatların araşdırılmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin yuxarıda öyrənilən normalarının tələbindən göründüyü kimi mənzildən çıxarılma tələbinə dair ilk iddia ərizəsinə məhkəmədə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı və cavabdehin həmin mənzildən istifadə hüququnun yaranıb-yaranmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması, eləcə də cavabdehin həmin mənzildən istifadə hüququnun olmaması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Bu baxımdan ilk öncə subyektiv hüququn üç elementinin mövcudluğu, yəni öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ yoxlanılmalıdır. İddiaçının öz hərəkətlərinə hüquqi ixtiyarı olmadığı halda subyektiv hüququnun digər elementləri yoxlanılmadan iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən ilk İddiaçı hazırki ilk iddia tələbi üzrə subyektiv hüququnun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə görə müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.4-cü maddəsinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 673.1-ci maddəsinə görə hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Həmin Məcəllənin 673.3-cü maddəsinə görə imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1159.1.3-cü maddələrinə görə birinci növbədə ölənin uşaqları miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideynlərinə çatası paydan bərabər miras alırlar. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarında izah olunmuşdur ki, MM-in 673.1-ci maddəsində qeyd edilən «bağışlamaqdan imtina» müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda isə bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir. Lakin mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 3M-880 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin ləğv edilməsini xahiş etsə də həmin müqavilənin ləğv edilməsinə dair əsasları, habelə onları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, öz iddia tələbini yalnız həmin müqavilə bağlanarkən aldadılması ilə əsaslandırmağa çalışmışdır. Buna görə də iddiaya iddia tələbi həcmində baxılmışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı Cavabdeh1 qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbi barədə ilk iddiası, Cavabdeh1 İddiaçı və Gəncə «ASAN xidmət» mərkəzinin notariat ofisinə qarşı «miras payın bağışlanması müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, miras əmlakda payın müəyyən edilməsi» tələbi barədə qarşılıqlı iddiası təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iş üzrə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 100 manat məbləğində pul vəsaiti İddiaçı aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbi barədə ilk təmin edilməsin. Cavabdeh1 İddiaçı və Gəncə «ASAN xidmət» mərkəzinin notariat ofisinə qarşı «miras payın bağışlanması müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, miras əmlakda payın müəyyən edilməsi» tələbi barədə qarşılıqlı iddiası təmin edilməsin. İddiaçı tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-197/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-197/2024
24.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver