Məhkəmə qərarları › İş №2(125)-1985/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1985/2025

17.04.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1985/2025 17.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 Kamil qızının iştirakı ilə, İddiaçı Cavabdeh1 Kamil qızına qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Kamil qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlər Cavabdeh2 və onun nümayəndəsi olan Cavabdeh1 Kamil qızı ilə Gəncə şəhəri, Rövşən Məmmədov 26 ünvanında yerləşən torpaq sahəsinə dair alqı-satqı əqdinin bağlanmış hesab edilməsi barədə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh2 vəfat etdiyindən onun cavabdeh qismindən çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 mülk xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********247 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən cavabdeh Şaban- zadə Qalib Hüseyn oğlunun adınadır. Sənəd üzrə 600,0 kv.m olan torpaq sahəsindən ibarətdir. Faktiki isə Cavabdeh1 Kamil qızı Cavabdeh2 sözügedən torpaq sahəsini 2000 manata aldıqdan sonra onun üzərində müvafiq dövlət qeydiyyatına alınmamış yarımçıq fərdi yaşayış evi inşa etdirmişdir. Təxminən 2018-ci ilin axırlarında əvvəllər tanıdığı Cavabdeh1 Kamil qızı ilə görüşdükdə, o, inşa etdiyi fərdi yaşayış evini satmaq niyyəti olduğunu bildirmişdir. Onun da fərdi yaşayış evi almaq niyyəti olmuşdur. Söhbət əsasında cavabdehlə vədələşərək ünvan 2 ünvanda yerləşən mülkə getmişdirlər. Baxış zamanı ev onun xoşuna gəlmiş və o, həmin an sözügedən mülkü almaq qərarına gəlmişdir. Belə ki, onun maddi imkanına görə həmin ev yarımçıq tikili olsa da, onu tam qane etmişdir. Cavabdeh1 Kamil qızı ilə danışıqlar zamanı müəyyən olunmuşdur ki, mülkün hüquqmüəyyənedici sənədləri yalnız sərəncamdan, sərəncamda adı qeyd olunan şəxsin etibarnaməsindən və tərtib olunmuş aktdan ibarətdir. Həmçinin cavabdeh onlara kommunal xərclərin ödənilməsi haqqında bir sıra qəbzlər təqdim etmişdir. Cavabdeh bildirmişdir ki, əlində olan ilə qısa müddətdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alaraq, onunla rəsmi alqı-satqı müqaviləsi bağlayacaqdır. Cavabdeh1 bildirmişdir ki, təxminən 2009-cu ilin əvvəllərində digər cavabdeh X2 həmin bu torpaq sahəsini 2000 manat məbləğində pula almış, bir neçə şahidin iştirakı ilə akt tərtib etmiş, notariat qaydasında cavabdeh ona baş etibarnamə vermiş və həmin vaxtdan o, qeyd olunan torpaq sahəsində hissə-hissə fərdi yaşayış evi inşa etdirməyə başlamış, ödəniləcək bütün kommunal ödəmələri öz adına ödəməyə başlamışdır. Hal-hazırda evdə tikinti işlərini davam etdirməyə imkanı çatmadığından satmaq qərarına gəlmişdir. Uzun sürən danışıqlardan sonra Cavabdeh1 Kamil qızı sözügedən torpaq sahəsində inşa etmiş yarımçıq tikilini 15000 manat məbləğində pula faktiki satmağa razılıq vermişdir. Razılaşmaları belə olmuşdur ki, mülkün hüquqmüəyyənedici sənədlərini Cavabdeh1 Kamil qızı düzəldəndən sonra bütün rüsumları ödəmk şərtilə onunla rəsmi alqı-satqı edərək onun adına rəsmiləşdirəcək və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alacaq. Həmçinin cavabdeh torpaq sahibi olan Cavabdeh2 ilə onları görüşdürmüş və həmin şəxs həqiqətən torpaq sahəsini ona 2000 manata satdığını, ona həmin torpaq sahəsinin satılmasına heç bir etirazının olmamasını və nə vaxt nə köməklik lazım olsa, öz köməyini əsirgəməyəcəyini bildirmişdir. Ürəyində tam əminlik yarandıqdan sonra qeyd olunan işləri görmək üçün razılaşdıqları məbləğin bir hissəsini, yəni 5000 manat məbləğində pulu beh şəklində Cavabdeh1 Kamil qızına verərək, yerdə qalan hissəni isə cavabdeh tərəfindən adına rəsmiləşdirilən zaman ödənilməsinə razılaşmışdırlar. Dərhal öz öhdəsinə götürdüyü öhdəliyi yerinə yetirmək məqsədilə cavabdehə 5000 manat məbləğində pulu ödəmişdir. Cavabdeh isə iltizam verərək pulu qəbul etdiyini yazılı şəkildə təsdiqləmişdir. Bu minvalla həmin yarımçıq evdə tikinti işlərini yavaş-yavaş davam etməyə başlamışdır. Cavabdeh biriki həftədən sonra onunla görüşərək, yerdə qalan pulun təcili verilməsini xahiş etmişdir ki, özünə ev tapıb və bu səbəbdən həmin evin pulunu verməli olduğunu bildirmişdir. Çoxlu təkidlərdən sonra o, yerdə qalan 10000 manat məbləği cavabdehə vermiş və beləliklə öhdəsinə düşən öhdəliyi faktiki olaraq birtərəfli tam şəkildə yerinə yetirmişdir. Bir müddət sonra Cavabdeh1 Kamil qızını şəhərdə təsadüfən görmüş və uzun söhbətdən sonra o bildirmişdir ki, ilin sonunadək torpaq sahəsinin sənədlərini tam həll edib verəcəkdir. Həqiqətən də cavabdeh təxminən ay yarımdan sonra X3 adına olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışını və torpaq sahəsinin texniki pasportunu ona təqdim etmiş və bildirmişdir ki, tikinti işlərini başa çatdırandan sonra rəsmi alqı-satqı edərək fərdi yaşayış evi kimi sənədi onun adına rəsmiləşdirəcəkdir. Bundan sonra cavabdehi bir neçə ay tapa bilməmişdir. Həm də koronovirusla bağlı şəhərə çıxmaq məhdudiyyəti olmuşdur. Mülkü faktiki alsa da, mülkün hüquqverici sənədlərini halhazıradək ala bilməmişdir. Bir müddət keçəndən sonra cavabdehlə görüşmüşdür. Dəfələrlə cavabdehə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini xahiş etsə də, müxtəlif bəhanələrlə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən faktiki boyun qaçırmış, sonralar əlaqələr tamamilə kəsilmişdir. Məcburiyyətdə qalıb X3 qeydiyyatda olduğu Məhrəsə Bağında yerləşən mənzilinə getmiş, orada qonşular, onun həmin ünvanda faktiki olaraq uzun müddətdir ki, yaşamadığını bildirmişdirlər. Beləliklə, cavabdehlə əlaqə saxlamaq mümkün olmamışdır. Cavabdeh götürdüyü öhdəliyin bir hissəsini, yəni 2018-ci ildən yarımçıq inşa edilmiş tikilinin onun istifadəsinə verilməsini təmin etmiş, razılaşdıqları kimi daşınmaz əmlakın adına rəsmiləşdirilməsini təmin etməmişdir. Göründüyü kimi, cavabdehin hərəkətləri yalnız aralarında bağlanmış əqddən irəli gələn öhdəliklərin lazımi qaydada icra edilməməsindən və hüquqlarının dövlət qeydiyyatına alınmasından boyun qaçırılmasından ibarət olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, evi Cavabdeh1 Kamil qızından almış, 15000 manat pul vermişdir. Həmin vaxt cavabdehin adına etibarnaməsi olmuşdur. Pandemiya düşmüş, daha sonra isə imkan olmamış, məsuliyyətsiz yanaşmış, nəticədə alqı-satqı edə bilməmişdir. Hazırda evi rəsmi olaraq adına sənədləşdirmək istəyir. Ölən şəxslə aralarında alqı-satqı olmamışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Kamil qızı izahatında göstərdi ki, X5 ilə aralarında alqı-satqı olmamış, sadəcə ona 50 illik etibarnamə vermiş, öldüyünə görə qüvvədən düşmüşdür. X3 adına torpaq sahəsinə dair çıxarışı da o almış, imkanı olmadığından öz adına keçirə bilməmişdir. İddiaçı ilə bir-birlərinə etibar etmişdirlər. X3 iki övladı vardır, Rusiyada yaşayırlar. Mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edimiş:- xx.xx.2018-ci il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh1 Kamil qızı qəbz vermişdir ona görə ki, baş etibarnamə əsasında Şabanzadə Qalibin nümayəndəsi kimi ünvan 3 sayda yerləşən torpaq sahəsini və onun üstündə inşa etdiyi yarımçıq tikilini İddiaçı 15000 manata satmış və həmin məbləği İddiaçı almış, yarımçıq tikilinin tikinti işləri tam başa çatandan sonra onun adına mülkün sənədləşdirilməsini öz üzərinə götürmüş, bununla bağlı gələcəkdə heç bir iddiası və ya etirazının olmayacağını göstərmişdir. xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Kəlbəcər rayon dövlət notariat kontorunda 7E-1-350 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2009-cu il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 X4 Xanlar RXDSRH-nin xx.xx.1993-cü il tarixli, 07 nömrəli qərarına əsasən ona məxsus olan Xanlar rayonu, (indiki adı Göygöl rayonu) Qızıl-qaya qəsəbəsində, 7-ci küçədə yerləşən 0,06 hektardan ibarət olan 154 nömrəli torpaq sahəsinə dair bütün sənədləri Azərbaycan Respublikası DT və XK-nin Gəncə şəhər şöbəsinə təqdim edərək torpağın kadastr planını və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsindən çıxarışı almağı, aldıqdan sonra onun üzərində sərəncam verməyi, satmağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bütün inzibati idarə və müəssisələrdə səlahiyyətli nümayəndəsi olmağı və digər hərəkətləri etməyi etibar etmiş, etibarnamə xx.xx.2059-cu il müddətinə verilmişdir. 2009-cu ilin iyul ayında tərtib edilmiş aktın surətindən görünür ki, Gəncə şəhəri, Qızılqaya qəsəbəsi yaşayış massivində Cavabdeh2 məxsus 0,06 ha torpaq sahəsini 2000 manata X1, X6 2000 manatı Cavabdeh2 vermiş, Cavabdeh2 isə torpaq sahəsinin sənədlərini X4 vermişdir. Kommunal xərclərin ödənilməsinə dair qəbzlərdən görünür ki, işıq, su, qaz, telefon üçün abunə haqqı kimi kommunal xərclər Cavabdeh1 Kamil qızı tərəfindən ödənilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını və işdə olan sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, mübahisələndirilən torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, həmin torpaq sahəsinin cavabdeh tərəfindən aralarında olan razılaşmaya görə iddiaçıya satmaqda hüquqi əsası olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında şifahi razılaşma üzrə bağlanmış əqd qanunla müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlandığından etibarsız əqd olduğu üçün həmin əqdin bağlanmış hesab edilməsi barədə iddia tələbinin hüquqi əsası olmadığından iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh1 Kamil qızına qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh1 Kamil qızına qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar