Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1990/2025 08.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilin boşaldılıb təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xidməti mənzili boşaldıb balans saxlayıcısı olan Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil- İstismar hissəsinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri ərazisində yerləşən hərbi şəhərciklər Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Mənzil fondunun balansındadır və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələrinə, Müdafiə Nazirinin müvafiq əmr, qərar və sərəncamlarına əsasən Gəncə rayon Mənzil-İstismar hissəsi şəhərciklərin qorunub saxlanılmasına və təyinatı üzrə istifadəsinə cavabdehdir. Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinin 1 saylı Mənzil-İstismar sahəsinin rəisi hissə rəhbərliyinə raportla müraciət edərək ünvan 2 ünvanında yerləşən xidməti mənzildə yaşayan, əvvəllər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş kiçik çavuş Cavabdeh1 Azərbaycan Respublikasının Silahlı Qüvvələri ilə xidməti münasibətlərinin bitdiyini və xidməti mənzili təhvil vermədiyini bildirmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, ordu sıralarında xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Həsənov X5 Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinin xx.xx.2019-cu il tarixli 08 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ailə üzvləri ilə birlikdə xidməti mənzillə təmin olunmuşdur. Sonradan Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət xidmətinin Gəncə şəhəri, Kəpəz rayonu şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-4318/2-2043/2024 nömrəli cavab məktubuna əsasən Cavabdeh1 Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmə haqqında Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən təxris olunub qeydiyyata alınması məlum olmuşdur. Qanunla müəyyən olunmuş qaydada, kiçik çavuş Cavabdeh1 Silahlı Qüvvələrlə xidməti münasibətləri bitdiyi üçün ailə üzvləri ilə birlikdə xidməti mənzili boşaltması tələb olunmuş, lakin Cavabdeh1 mənzili boşaltmaqdan imtina etmişdir. Bununla əlaqədar olaraq ona dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmuş mənzilin boşaldılması xahiş olunmuşdur. Buna baxmayaraq vətəndaş Cavabdeh1 ailə üzvləri ilə birlikdə xidməti mənzildə yaşamağa davam edir və bu günə kimi xidməti mənzili boşaltmaqdan imtina edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iddia tələbini qəbul etmir, oğlu hazırda Bakı şəhərindədir, bu il əsgər gedəcək. Qızı ilə birgə yaşayır, həmin xidməti mənzildən başqa yaşayış yeri yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddia tələbini qəbul etmir, 14 il müddətdən artıq həqiqi hərbi xidmətdə hərbi qulluqçu kimi xidmət etmişdir. Xidmətinə görə mükafatlandırılmış, medal almış və xx.xx.2020-ci ildən təxris olmuşdur. ünvan 1 ünvanında yerləşən mənzil xidməti ev kimi ona verilmişdir. Hazırda başqa yaşayış yeri yoxdur, o və ailəsi həmin evdə qeydiyyatdadır. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlı olmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən Cavabdeh1nın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, xx.xx.2019-cu il tarixli, 08 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən kirayəyə verən – Gəncə rayon Mənzil- İstismar hissəsi Gəncə şəhəri, 38/83 nömrəli hərbi şəhərcikdə yerləşən 396 nömrəli binada, 39 nömrəli mənzildə yerləşən, Müdafiə Nazirliyinin mənzil fonduna aid, ümumi sahəsi 25,30 kv.m-dən ibarət olan 1 otaqlı yaşayış sahəsi kirayə haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə, xidmət müddətinə kirayəçi Cavabdeh1 sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Kirayəçinin ailə üzvləri həyat yoldaşı Cavabdeh2, oğlu X6 və qızı X3 müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, Cavabdeh1 N nömrəli hərbi hissəyə verdiyi N may 2019-cu il tarixli yazılı iltizamda ona 08 nömrəli, xx.xx.2019-cu il tarixli kirayə müqaviləsi əsasında ünvan 3 ünvanında verilən 1 otaqlı, sahəsi 25,3 kv.m olan xüsusi təyinatlı yaşayış sahəsini xidməti yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə şərtsiz olaraq Gəncə rayon Mənzil-İstismar hissəsinin N nömrəli hərbi hissəsinə yararlı vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli, 185 nömrəli, xx.xx.2024-cü il tarixli, 218 nömrəli, xx.xx.2024-cü il tarixli, 314 nömrəli və xx.xx.2025-ci il tarixli, 32 nömrəli xəbərdarlıqlardan görünür ki, Silahlı Qüvvələr ilə xidməti münasibətləri bitdiyi və xidməti uyğunsuzluqla təxris olunduğu üçün ünvan 4 ünvanında yerləşən xidməti mənzilin Gəncə rayon Mənzil-İstismar hissəsinə təhvil verilməsi Cavabdeh1 tələb olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin 1 nömrəli Mənzil-İstismar sahəsinin rəisi tərəfindən Gəncə rayon Mənzil-İstismar hissəsinin rəisinə ünvanlanmış raportda qeyd edilmişdir ki, Gəncə şəhəri 38/83 nömrəli hərbi şəhərciyin ərazisində yerləşən 1 nömrəli Mənzil-İstismar sahəsinin balansında olan bina 396, mənzil 39-da kirayə müqaviləsi ilə yaşayan Cavabdeh1 Silahlı Qüvvələrlə münasibət bitdiyi üçün, xidməti uyğunsuzluqla ordu sıralarından təxris olunduğuna görə dəfələrlə mənzili təhvil verməsi üçün xəbərdar edilsə də, mənzildən çıxmamışdır. Bu barədə tədbir görülməsi üçün köməklik göstərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin rəisi tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Gəncə şəhər şöbəsinin rəisinə ünvanlanmış raportda qeyd edilmişdir ki, yaranmış xidməti zərurətlə əlaqədar olaraq N nömrəli hərbi hissədə xidmət etmiş və hazırda ordu sıralarından təxris olunmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçikçavuş Cavabdeh1 xidmət etməsi və təxris olunması səbəbi barədə məlumatın ünvana göndərilməsinə sərəncam verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz Rayon Şöbəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin rəisinə ünvanlanmış 3-43-18/2- 2043/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz Rayon Şöbəsində ehtiyatda olan müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş 1984-cü il təvəllüdlü Cavabdeh1 şəxsi işinə əsasən xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək AO X8 kursant, xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir və “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxıldığı üçün hərbi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş, Gəncə qarnizonu mənzil komissiyasının 8 nömrəli, xx.xx.2019-cu il tarixli protokolundan və Gəncə qarnizonu üzrə yaşayış sahəsinin bölüşdürülməsinə dair xx.xx.2019-cu il tarixli siyahıdan görünür ki, mənzil komissiyasının sədri mayor X1 çavuş Cavabdeh1 yaşayış sahəsinin ayrılması barədə məlumatı dinlənilmiş, mənzilsiz hərbi qulluqçuların (mülki işçilərin) siyahısına baxılmış, yaşayış sahəsinin alınması üçün təqdim olunan sənədlər öyrənilmiş, komissiyaya dəvət olunan ərizəçi dinlənilmiş, fikir mübadiləsi aparılaraq komissiya N nömrəli hərbi hissədə xidmət edən kiçik çavuş Cavabdeh1 ailə tərkibi 4 nəfər, 1 otaqlı, yaşayış sahəsi 25,30 kv.m olan Gəncə şəhəri, 38/83 №-li hərbi şəhərcik ünvanında yerləşən 396 nömrəli binanın 39 nömrəli mənzilinin verilməsi qərara alınmışdır. Mənzilin əvvəlki kirayəçisi hərbi qulluqçudur, kiçik çavuş Cavabdeh1 ailəsi ilə hazırda Gəncə şəhərində kirayədə yaşayır. Ailə tərkibi özü - kiçik çavuş Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, oğlu X6 və qızı X2 ibarətdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanlanmış 22m nömrəli, xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Gəncə şəhəri ərazisində Müdafiə Nazirliyinin istifadəsində olan hərbi şəhərcikdə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamlara əsasən hərbi şəhərciklərin ərazilərində xüsusi təyinatlı torpaqlarda yaşayış sahələrinin tikilməsi, tikinti işlərinin aparılması, həmçinin həmin ərazilərin Müdafiə Nazirliyinin balansında olub-olmamasın təsdiq edən yerquruluşu sənədlərinin ünvan üzrə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsindən daxil olmuş 24 sentyabr 2020-ci il tarixli 929 nömrəli məktuba Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Gəncə rayon Mənzil- İstismar hissəsindən daxil olmuş məktubun qoşmasında göndərilmiş arxiv arayışının kserosurəti əsasında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" MMC-nin arxivində araşdırma zamanı 38 nömrəli hərbi şəhərciyin torpaq sahəsinə aid olan torpaqdan istifadə hüququna aid akt aşkarlanmışdır. Həmin aktın kserosurəti Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ünvanına göndərilmişdir. İşin müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, Azərbaycan Respublikasının ordu sıralarında xidmət etmiş, kiçik çavuş Həsənov X5 Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsi tərəfindən xx.xx.2019-cu il tarixli, 08 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında ailə üzvləri ilə birlikdə xidməti mənzillə - Müdafiə Nazirliyinin mənzil fonduna aid, Gəncə şəhəri, 38/83 nömrəli hərbi şəhərcikdə yerləşən 396 nömrəli binanın, ümumi sahəsi 25,30 kv.m-dən ibarət olan 1 otaqlı 39 nömrəli mənzili ilə təmin olunmuşdur. Cavabdeh1 “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən Cavabdeh1 ailə üzvləri ilə birlikdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əlavə olunmuş öhdəliyinə əsasən xidməti mənzili boşaldılması tələb olunmuş, lakin Cavabdeh1 Müdafiə Nazirliyinin balansında olan xidməti mənzili boşaltmaqdan imtina etmişdir. İddiaçı cavabdehlərin sözügedən xidməti mənzili boşaldıb təhvil vermələrini xahiş edir. Cavabdeh1 ailə üzvləri ilə birlikdə xidməti mənzildə yaşamağa davam edir və xidməti mənzili boşaltmaqdan imtina edir, cavabdehlər etirazlarını onunla əsaslandırırlar ki, onların başqa yaşayış sahəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinə əsasən Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsaəsn xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin məcəllənin 99.1-99.2-ci maddələrinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Həmin Məcəllənin 101.1-ci maddəsinə görə, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. 101.2-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci bəndinə əsasən, Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin qanunun 3-cü bəndinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası “Hərbi qulluqçuların statusu" haqqında qanunun 12-ci maddəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdə olan generallar, admirallar, zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (mülki işçilər) və onlarla birlikdə yaşayan ailə üzvləri (əri və ya arvadı, uşaqları, valideynləri, eyni zamanda hərbi qulluqçuların (mülki işçilərin) himayəsində olan digər şəxslər) bu əsasnamənin 1.6-cı bəndinə əsasən, göstərilmiş hallardan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar. Həmin əsasnamənin 1.13-cü bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xidməti münasibəti olmayan şəxslərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fondu hesabına yaşayış sahəsinin verilməsi qadağandır. Həmin əsasnamənin 5.2ci bəndinə əsasən, bir qarnizonda yerləşən tabeli hərbi hissələr arasında yaşayış sahələrinin bölüşdürülməsi planı qarnizon mənzil komissiyası tərəfindən tərtib edilir, müvafiq rayon, MİH, HDQ-nin Dəniz Mühəndis Xidməti, Müdafiə Nazirliyinin MİŞ rəisi ilə razılaşdırılır, qarnizon mənzil komissiyası sədri tərəfindən imzalanır və həmin qarnizonun rəisi tərəfindən təstiq edilir. Həmin əsasnamənin 5.7- 5.11-ci bəndlərinə əsasən, yaşayış sahəsinin bölüşdürülməsi üçün hərbi hissənin mənzil komissiyasının iclası keçirilir və protokol tərtib olunur. Hərbi hissənin mənzil komissiyasının tərtib etdiyi hərbi hissə üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısını komissiyanın sədri və üzvləri imzaladıqdan sonra hərbi hissə komandiri təstiq edir. Yaşayış sahəsinin bölüşdürülməsi siyahısı və hərbi hissənin mənzil komissiyasının protokolundan çıxarış ryonun MİH rəisinə təqdim olunmalı, digər sənədlər isə hərbi hissənin mənzil komissiyasında saxlanılmalıdır. Təqdim olunan sənədlər əsasında tərtib olunan qarnizon üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısı rayon MİH-nin rəisi ilə razılaşdırılır, qarnizon üzrə mənzil komissiyasında baxılır, protokollaşdırılır və təstiq edilməsi üçün qarnizon rəisinə təqdim olunur. Qarnizon rəisi tərəfindən təstiq edilmiş siyahı xüsusi təyinatlı yaşayış sahəsinə kirayə müqaviləsi bağlanması üçün hüquqi əsasdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və onlarla birlikdə yaşayan ailə üzvlərinin xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunması, yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınması qaydalarını müəyyən edir. İşin mübahisəsiz halıdır ki, Cavabdeh1 hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göründüyü kimi, Cavabdeh1 hərbi xidmətdən tərxis olunduğundan və bununla da hərbi qulluqçu statusunu itirdiyindən onunla Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil- İstismar hissəsi arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 08 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 may 2010-cu il tarixli 866 nömrəli qərarı ilə təsdiq edilmiş "Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası"nın 3.5-ci bəndinə əsasən, aşağıdakılar kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır: 3.5.1. bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı; 3.5.2. xidməti yaşayış sahəsinin məhv olması; 3.5.3. xidməti yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi (bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xidməti yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir). 3.6. Xidməti mənzil sahəsindən çıxarılma halları və qaydası Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə tənzimlənir. Məhkəmə bir daha qeyd edir ki, Cavabdeh1 ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasındakı xidməti kirayə müqaviləsinə Mənzil Məcəlləsinin 103.3-cü maddəsinə əsasən xitam verilmişdir, məhkəmə qaydasında sözügedən müqavilənin yenidən xitam və ya ləğv edilməsinə bir zərurət qalmamışdır. Məhkəmə göstərilənləri, Cavabdeh1 ilə olan qulluq münasibətlərinə və bu əsasla da, “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə xitam verilməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh1 ailə üzvü olan digər Cavabdeh2 ilə birlikdə mübahisəli mənzili boşaldıb balans saxlayıcısı olan Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinə təhvil verməlidirlər. Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Həmin Məcəllənin 102.2ci maddəsinə əsasən Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1-ci maddəsinə görə hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2-ci maddəsinə görə yaşa görə pensiyaçılar; 102.2.3-cü maddəsinə görə xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4-cü maddəsinə görə işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. Həmin məcəllənin 103.3-cü maddəsinə əsasən Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilir ki, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan cavabdehlərdən müştərək qaydada 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə şəhəri, 38/83 nömrəli hərbi şəhərcik, 396 nömrəli binada yerləşən 39 nömrəli, 1 otaqlı mənzil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılaraq iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinə təhvil verilsin. Cavabdeh1 və Cavabdeh2 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-1990/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1990/2025
08.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver