Məhkəmə qərarları › İş №2(125)-20/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-20/2025

06.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-20/2025 06.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X26 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, X5, Cavabdeh, üçüncü şəxslər və X6 və X1 etibarnamə üzrə nümayəndəsi (oğlu) X17 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakın paylara mütənasib qaydada bölünüb ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakın paylara mütənasib qaydada bölünüb ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylara uyğun naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə məhrum anası X14 məxsus olmuşdur. Anasının vəfatından sonra həmin ünvanda yerləşən evin 6/10 hissəsi vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. Evin 4/10 hissəsi isə anasının adında qalmış və həmin hissədə hazırda cavabdeh olan qardaşı yaşayır. Miras qalmış mülkdən payların naturada ayrılması ilə bağlı cavabdehlə razılıq əldə edə bilmir. Odur ki, hazırki iddianı qaldırılması zərurəti yaranmışdır. İşə məhkəmədə baxılarkən X15, X9 və X7 üçüncü şəxslər kimi işdə iştiraka cəlb olunmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş sonda iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, vəkil X16 iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında həmin evdən istifadədə iddiaçıya heç bir maneçiliyin olmadığını bildirmiş və sonda iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X15 iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X1 etibarnamə üzrə nümayəndəsi (oğlu) X20 iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X7 məhkəməyə gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli cıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 0.0426 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 120,9 kv.metr olan yaşayış evindən ibarət **********94-10301 reyestr nömrəli daşınmaz əmlak tərəflərin ümumi paylı mülkiyyətində olmaqla, 6/10 hissəsi İddiaçı, 4/10 hissəsi X13 məxsusdur. İş materiallarından müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-153/2024 nömrəli 26 fevral 2024-cü il tarixli qətnaməsi ilə X10 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh, X6, X1 və X2 hər birinin 1/10 hissədə payları müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 may 2025-ci il tarixli 10/1382 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Mehrablı küçəsində inşa edilmiş 62A saylı fərdi yaşayış evinin paylara uyğun naturada ayrılmasının “AzDTN 2.7-3 “X25 Layihələndirmə Normaları”-nən 5.1 və 5.2 bəndlərinin, eləcə də Məhkəmə Tikinti-X12 metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Həmin rəyə əlavə edilmiş,ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 0.0426 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 120,9 kv.metr olan fərdi yaşayış evindən ibarət **********94-10301 reyestr nömrəli daşınmaz əmlak paylı mülkiyyət hüququ əsasında 6/10 hissə iddiaçıya, 1/10 hissə Cavabdeh, 1/10 hissə X11, 1/10 hissə X4 və 1/10 hissə X3 məxsusdur. Məhkəmə qeyd edir ki, iddiaçı paylı mülkiyyətdə olan payının naturada ayrılmasını tələb edir. Ümumi mülkiyyətdən payın ayrılması Mülki Məcəllənin 220-ci maddəsində göstərilmiş ardıcıllığa riayət etməklə mümkündür. İş üzrə ekspert rəyindən isə müəyyən olunur ki, daşınmaz əmlakın naturada, yəni əmlakın 6/10 hissəsinin qalan hissələrdən bölünüb ayrılması faktiki cəhətdən mümkün deyildir. Həmçinin, iddiaçının payının ayrılmasına dair paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh və üçüncü şəxslər razılıq verməmişlər. Buna görə də məhkəmə hesab edir ki, tərəflərin ümumi paylı mülkiyyətində olan sözügedən daşınmaz əmlakda iddiaçıların 6/10 hissədə paylarının real surətdə ayrılması mümkün deyil. Başqa sözlə, hazırkı vəziyyətdə iddiaçılara məxsus payların cavabdehlərin payından naturada ayrılması cavabdehlərin mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin göstərişinə görə hakim işdə iştirak şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. İddiaçı yalnız əmlakda olan payının naturada ayrılmasını tələb etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları bu iddianın təmin edilməsinə əsas vermir. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakın paylara mütənasib qaydada bölünüb ayrılması tələbinə dair iddia əsassız olduğundan təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı birgə qaydada tutularaq, (VÖEN **********, AZ34CTRE********************, X8, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar