Məhkəmə qərarları › İş №2(125)-207/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-207/2024

08.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-207/2024 08.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Gülüstan yaşayış ərazisindəki 28 nömrəli binanın cənub tərəfində ünvan 1 ünvanda yerləşən 0,0271 ha torpaq sahəsinin üzərində inşa edilmiş dəmir hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək boşaldılmasına və cavabdehin də həmin sahədən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Gülüstan yaşayış ərazisindəki 28 nömrəli binanın cənub tərəfində yerləşən 00271 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışla tam mülkiyyət hüquq əsasında Gəncə şəhəri Nizami rayon Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi Gəncə şəhəri 5 saylı notariat kontorunda onunla Gəncə şəhər Nizami rayon bələdiyyəsinin adından X1 arasında xx.xx.2021-ci il tarixli, AN-İ 093271 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bunun müqabilində o, müxtəlif vaxtlarda ümumilikdə Nizami rayon Bələdiyyəsinin hesabına 1801 manat pul köçürmüşdür və bu barədə əlində qəbzlər vardır. Həmin alqı-satqı müqaviləsi ilə o, mülkiyətə dair çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin işçiləri torpaq sahəsinin koordinatlarını müəyyən etmək üçün ərazidə olmuşlar. Lakin aldığı torpaq sahəsi daşınmaz əmlakın nümayəndələri tərəfindən ölçülüb dəqiq yeri müəyyən olunarkən məlum oldu ki, bələdiyyədən alqı-satqı yolu ilə aldığı torpaq sahəsində sonradan adı ona məlum olan Cavabdeh adlı şəxs yaşamaq üçün yarım tikili aparmaqla müxtəlif üsullarla torpağın bir hissəsini hasara alaraq zəbt etmişdir. Həmin şəxsə dəfələrlə ona məxsus zəbt etdiyi torpaq sahəsini boşaltmasını tələb etsə də, o bundan imtina edərək həmin torpaq sahəsini bələdiyyədən aldığını bildirmişdir. Lakin həmin torpaq sahəsinin alınması ilə bağlı heç bir hüquqi sənədi yoxdur. O isə torpağı aldığı müddətdən bəri həmin ərazidən istifadə edə bilmir. Buna görə də ona məxsus zəbt edilmiş torpaq sahəsinin boşaldılması və cavabdehin həmin sahədən çıxarılması ilə bağlı qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddiaçı ilə eyni məzmunda çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, bundan əvvəl də iddiaçının həmin torpaq sahəsini mübahisələndirdiyini lakin məhkəmə qətnaməsi ilə iddianın təmin olunmadığını, iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyini göstərərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə şəhəri 5 saylı notariat ofisində 4Ə-644 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,0271 ha torpaq sahəsi satıcı Gəncə Şəhəri Nizami Rayon Bələdiyyəsi tərəfindən alqısatqı qiyməti 1365 manat müəyyən edilməklə alıcı İddiaçı satılmışdır. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,0271 ha torpaq sahəsi İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. Gəncə şəhəri 6 saylı notariat ofisində 4Ə-632 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0,0365 ha torpaq sahəsi satıcı Gəncə Şəhəri Nizami Rayon Bələdiyyəsi tərəfindən alqı-satqı qiyməti 2409 manat müəyyən edilməklə alıcı Cavabdeh satılmışdır. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0,0365 ha torpaq sahəsi Cavabdeh adına rəsmi reyestrdə qeydə alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/6167 nömrəli ekspert rəyindən görünür ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********58 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən 0,0271 ha torpaq sahəsinin Cavabdeh faktiki istifadə sahəsi ilə üst-üstə düşmədiyi, yəni cavabdehin faktiki istifadəsində olmadığı müəyyən olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi iddiaçının iddia etdiyi Gəncə şəhəri, Gülüstan yaşayış ərazisindəki 28 nömrəli binanın cənub tərəfində ünvan 1 ünvanda yerləşən 0,0271 ha torpaq sahəsi ona məxsus olmaqla rəsmi reyestrdə onun adına qeydə alınmışdır. Lakin işin hazırki hallarından görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi onun mülkiyyətində olsa da, cavabdeh tərəfindən zəbt edildiyi məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı alınaraq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar