Məhkəmə qərarları › İş №2(125)-2074/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2074/2024

22.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2074/2024 22.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz istifadənin qadağan edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Məmməd Xələfov küçəsində yerləşən 20,0 kv.m torpaq sahəsindən istifadə və hər hansı tikinti işlərinin aparılmasının Cavabdeh qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1979-cu il tarixdən Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 16, mənzil 57-də ailə üzvləri ilə birlikdə yaşayırlar. Onların mənzili 1-ci mərtəbədə yerləşir. Əlavə olaraq da, mənzillərinin zirzəmisində mülkiyyət hüququ ilə ona məxsus olan qeyri-yaşayış sahəsi vardır. Mənzillərinin və qeyri-yaşayış sahələri qarşısında olan ağaclar və güllər onların ailəsi tərəfindən əkilmişdir. Bu gün də həmin ağaclara və güllərə qulluq ailə üzvləri tərəfindən həyata keçirilir. Cavabdeh Maraqlı şəxs xx.xx.2021-ci il tarixli, 191 saylı sərəncamını əsas tutaraq orada tikinti işləri aparmaq istəyir. Əgər orada Cavabdeh tərəfindən hər hansı tikinti işləri aparılsa onun fəsadları pis olacaqdır. Belə ki, yaşıllıq örtüyü məhv olacaqdır. Binanın yanğın təhlükəsizliyi təmin edən qurğunun su təchizatı kəsiləcək, ağacların çıxarılması nəticəsində yeraltı su və kanalizasiya xətləri zədələnəcəkdir. Əlavə olaraq da, mənzilləri günəş işığından məhrum ediləcəkdir. Onların ailə üzvlərinin sayı 5 nəfərdir. Onlardan 3 nəfəri- atası, anası və o 2-ci qrup əlildirlər. Onların normal günəş işığına və təmiz havaya hər kəsdən çox ehtiyacları vardır. Bu gün Cavabdeh qeyd olunan yaşıllıq sahəsindən istifadə etmək üçün nə mənəvi, nə də ki hüquqi haqqı yoxdur. Əvvələr qaziliyindən istifadə edərək 2 illik icarə müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə torpaq sahəsindən istifadə hüququ almışdır. Qeyd olunan icarə müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmişdir. Hal-hazırda Cavabdeh nə müharibə veteranlığı, nə də ki müharibə əlilliyi vardır. Sadəcə olaraq ümumi əlildir. Ona görə də Gəncə şəhəri, Məmməd Xələfov küçəsində yerləşən 20,0 kv.m torpaq sahəsindən istifadə edilməsi və orada tikinti işlərinin aparılmasının qadağan edilməsinə dair Cavabdeh qarşı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavabdehin istifadə etdiyi torpaq sahəsi qapı ilə üzbəüzdür. Havanın və işıqların qarşısını kəsir. Giriş-çıxış yolları kəsilir. İddiaçının hüquqları pozulur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib məhkəməyə yazılı etirazını təqdim etdiyini bildirərək, izahatında göstərdi ki, onun qanuni istifadəsinə verilmiş torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Əraziyə baxış keçirilmişdir. Qeyri-qanuni heç nə yoxdur. Onun tikilisinin iddiaçının yaşayış sahəsi ilə heç bir əlaqəsi yoxdur, iddiaçının binasından xeyli aralıdır. Vaxtlı-vaxtında hər ay vergi ödəyir, 2023-cü ildən sonra da ödənişlər etməklə müqavilə müddəti uzadılmışdır. Həmin torpaq dövlət torpağıdır və qanuni əsasla istifadəsinə verilmiş və bu barədə icarə müqaviləsi rəsmi reyestrdə qeydə alınmışdır. İcarə müqaviləsi başa çatdıqdan sonra da hər ay icarə haqqını ödəməklə müqavilənin müddəti uzadılmışdır. İddiaçının həmin torpaq sahəsinə dair hər hansı hüququ yoxdur. İddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********89-05101-083001 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, 16 nömrəli binada yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 191 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, Məmməd Xələfov küçəsində yerləşən 20,0 kv.m torpaq sahəsinin 49 il müddətinə icarə əsasında Cavabdeh istifadəsinə verilməsi qərara alınmışdır. İcarəyə verən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini E.Yusubov ilə icarəçi Cavabdeh arasında bağlanılmış hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli, 868 nömrəli müqavilənin surətindən görünür ki, icarəyəverənin icarəyə verdiyi ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 20,0 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə verilmişdir. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli eletron çıxarışın surətindən görünür ki, ünvan 1ndə yerləşən 0,002 ha torpaq sahəsinin xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, 48 ay müddətinə Cavabdeh icarəsinə verilməsi rəsmi qeyestrdə qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, 15 fevral 2024cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Cavabdeh icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra da icarə müqaviləsi üzrə icarə haqlarını ödəmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi dövlət mülkiyyəti olmaqla icarə müqaviləsi üzrə cavabdehin istifadəsinə verilmiş və icarə hüququ rəsmi reyestrdə qeydiyyata alınmışdır. İddiaçı iddia etmişdir ki, cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 191 saylı sərəncamını əsas tutaraq orada tikinti işləri aparmaq istəyir. Cavabdeh tərəfindən hər hansı tikinti işləri aparılsa yaşıllıq örtüyü məhv olunacaq, binanın yanğın təhlükəsizliyi təmin edən qurğunun su təchizatı kəsiləcək, ağacların çıxarılması nəticəsində yeraltı su və kanalizasiya xətləri zədələnəcəkdir. Əlavə olaraq da mənzilləri günəş işığından məhrum ediləcəkdir. Cavabdeh iddia tələbinə qarşı etiraz edərək iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin dövlətə aid olduğunu, qanuni əsasla istifadəsinə verildiyini, bu barədə icarə müqaviləsinin rəsmi reyestrdə qeydə alındığını və icarə müqaviləsi başa çatdıqdan sonra da hər ay icarə haqqını ödəməklə müqavilənin müddətinin uzadıldığını və qanuni istifadəsinə verilmiş torpaq sahəsinin iddiaçıya heç bir aidiyyətinin olmadığını göstərərək iddia tələbinə etiraz etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM) 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlardır. (mad. 139-1.1.1) MM-in 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. MM-in 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar.(mad. 158.1.1. 158.1.2. 158.1.3. MM-in 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. MM-in 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. İddiaçının mülkiyyətində olan qeyri yaşayış sahəsi 4-cü mikrorayon 16 nömrəli binanın yarımzirzəmisindən ibarət olmaqla həmin binanın arxa tərəfindən girişçıxış qapısı Məmməd Xələfov küçəsinə açılır. Yerli baxış zamanı cavabdehin icarəsində olan torpaq sahəsində gələcəkdə hər hansı tikinti işləri aparılacağı təqdirdə iddiaçının mülkiyyətində olan qeyri yaşayış sahəsindən istifadə etməsinə hər hansı bir maneçilik törətmədiyi müəyyən olunmuşdur. Eyni zamanda yerli baxış zamanı cavabdehin icarəsində olan torpaq sahəsinin binanın arxa tərəfində yerləşdiyi, iddiaçının yaşadığı mənzilin pəncərələrinin isə binanın qarşı tərəfində, gündoğan tərəfə doğru olduğu müəyyən edildi. Bununla belə məhkəmə qeyd edir ki, binanın yanğın təhlükəsizliyini təmin edən qurğunun su təchizatının kəsilməsinə, ağacların çıxarılması nəticəsində yeraltı su və kanalizasiya xətlərinin zədələnməsinə nəzarət müvafiq dövlət orqanlarının səlahiyyətinə aid olmaqla iddiaçının bunu mübahisələndirməyə səlahiyyəti olmamışdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi "Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların "de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Lakin işin hazırki hallarından görünür ki, iddiaçının mülkiyyət hüququ olsa da, mülkiyyətindən dinc istifadə olunmasına cavabdeh tərəfindən hər hansı bir maneçilik törətməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri, Məmməd Xələfov küçəsində yerləşən 20,0 kvm torpaq sahəsindən istifadə və hər hansı tikinti işlərinin aparılmasının cavabdehə qadağan edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri, Məmməd Xələfov küçəsində yerləşən 20,0 kvm torpaq sahəsindən istifadə və hər hansı tikinti işlərinin aparılmasının cavabdehə qadağan edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar