Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2079/2023 18.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirmişdir ki, İİ qrup Çernobil əlili, Prezident təqaüdçüsüdür. Hazırda yuxarıda qeyd etdiyi və yaşadığı ünvanda yerləşən mənzil onun şəxsi mülkiyyətindədir. Kəpəz rayonu 4-cü mikrorayonda yerləşən 4 yaşayış otağı 60 kv.m-dən ibarət olan bina 23A, mənzil 23 saylı yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Kəpəz rayon XDS İcraiyyə Komitəsinin 16№ li 11 noyabr 1987-ci il tarixli qərarı əsasında ona verilmiş və mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsi verilmişdir. Reyestr kitabında №89-42 nömrə ilə qeyd olunmuşdur. 1982-ci ildə X2 ilə ailə qurmuşdur. Bu evlilikdən 2 oğlu, 1 qız övladı dünyaya gəlmişdir. Həyat yoldaşı X2 2015-ci ildə rəhmətə getmişdir. Onun qara günləri də, bundan sonra başlamışdır. Böyük oğlu Cavabdeh1 öz baldızı qızı ilə evləndirmişdir. İkinci oğlu və qızı ailə qurub kənarda yaşayırlar. Həyat yoldaşı artıq 7 ildir ki, vəfat etmişdir. Bu müddət ərzində demək olar ki, öz şəxsi evində qonaq kimi, yad bir insan kimi yaşamağa məcbur olmuşdur. Şəxsi evində eninə-boyuna yaşayan, dövlətdən aldığı pensiyanı belə yeyən nankor oğlu və gəlini ona qənim kəsilmişlər. Öz baldızı qızı Cavabdeh2 evinə gəlin gətirmişdir ki, ona yəqin pis baxmaz. Sən demə evinə gəlin yox əfi ilan gətirmişdir. Nankor və qeyrətsiz oğlun zəifliyindən istifadə edən Günay xanım, oğlu və hətta nəvələri belə onu ələ salıb, ona qulluq edib hörmət göstərmək əvəzinə, onu 70 yaşlı evin ağsaqqalını ələ salıb, hər cür alçaqlığa əl atırlar. Qızı nə vaxta qədər ona paltar yuyub, yemək hazırlayacaq. Biçarə qızı daima ona təsəlli verib, sakitləşdirsə də, artıq bıçaq sümüyə dirənmişdir. Evində baş verən münaqişə ilə əlaqədar olaraq Gəncə şəhəri Mediasiya Şurasının 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Onun ərizəsi Mediasiya reyestrində Qeydiyyat nömrəsi M-00382 saylı mediator X6 baxaraq oğlu Cavabdeh1 və gəlini Cavabdeh2 Mediasiya Şurasının prosesinə dəvət etmişdir. Ancaq oğlu Səfərov X3 şurasının birinci prosesinə gəlmiş, lakin gəlini Cavabdeh2 ümumiyyətlə heç bir prosesə gəlməmişdir. Oğlu da, birinci prosesə gəlsə də, növbəti proseslərə gəlməmişdir. Halbuki, Mediasiya Şurasının prosesinin yeri və saatı dəqiq göstərilsə də, bu cənablar saymayıb gəlməmişlər. Bu hal da, onların doğurdan da, necə insan olmalarını bir daha təsdiq və sübut etmişdir. Oğlu Cavabdeh1 icra başçısının sərəncamı ilə fərdi ev tikdirmək üçün torpaq sahəsi almış və özləri üçün ev tikdirmişlər. Ona görə də, o, artıq dözə bilmir və onların yaşlı, xəstə olmağına belə hörmət qoymayaraq həm evdə yaşamaları bir yana qalsın, dövlətin ona verdiyi pensiyanı yeyərək harınlaşmaları artıq dözülməz həddə çatmışdır. Bu qeyrətsiz oğlunun və gəlinin onun konstitusion haqqını belə pozmalarına dözə bilməyib ədalətin işığına sığınmaq qərarına gəlmişdir. Öz şəxsi mülkündə qulluqçu tutacaq, yaxud da, ailə quracaq, bu onun hüququdur. Bu səbəbdən də, Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 onun mənzilindən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, o, iddiaçının doğma oğlu olmaqla göstərilən ünvanda doğulmuş, orada böyüyüb, boya-başa çatmış, evlənmişdir. Həyat yoldaşı da, həmin ünvana gəlin gəlmişdir. İki övladları var. Hazırda da, həmin ünvanda yaşayırlar, başqa yerdə yaşayış yerləri yoxdur. Ona görə də, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, o, iddiaçının gəlinidir. 2007-ci ildə həmin mülkə gəlin gəlmişdir. 2009-cu ildə qayınatası İddiaçı özü rəsmi ərizə yazaraq onu evinə qeydiyyata salmışdır. İki azyaşlı övladı da, həmin evdə dünyaya gəlmişlər. Ancaq iddiaçı nə uşaqlara, nə də onlara dinc yaşamağa imkan vermir, uşaqları və onu nəlayiq sözlərlə səbəbsiz yerə təhqir edir, deyir ki, evdən çıxarıb çölə tökəcəkdir. İddiasında göstərir ki, guya o, iddiaçıya baxmır, qulluq etmir. Bu sözlər həqiqətə uyğun deyil. Gəlin gələndən hal-hazıra qədər də iddiaçıya qulluq edir, gücü çatan qədər də, baxır. Ona görə də, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işdə olan materialları nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümuimi sahəsi 89.2 kv.m olan mənzil **********003-05101-093002 reyestr nömrəsi və ********** qydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən ümuimi sahəsi 89.2 kv.m olan mənzil **********003-05101-093002 reyestr nömrəsi və ********** qydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. Cavabdeh1 İddiaçı oğlu olmaqla anadan olduğu vaxtdan həmin mənzildə yaşayır. Cavabdeh2 2007-ci ildə iddiaçının razılığı ilə mübahisəli mənzilə gəlin gəlmiş və həmin vaxtdan orada yaşayır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərin müabhisəli mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə əlaqədar qeyd etməyi vacib hesab edir ki, iddiaçının tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində hüququna xitam verilməsi ilə bağlı olduğundan tərəflərin arasında yaranan münasibətlərə mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə ilə bağlı normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənjam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları və X4 X1 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüququları, mülkiyyətçi olmasa da bu Məcəllədə göstərilən əsaslarla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin məcəlləin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İşin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh1 anadan olduğu vaxtdan mübahisəli evdə yaşamış, digər Cavabdeh2 isə 2007-ci ildə iddiaçının razılığı ilə mübahisəli mənzilə gəlin köçmüş və onun istifadə hüququ 2007-ci ildən əmələ gəlmişdir. Həmin vaxt 1982-ci il redaksiyalı Mənzil Məcəlləsi qüvvədə olmuşdur və həmin münasibətlərə həmin məcəllənin müddəaları şamil edilməlidir. Azərbaycan Respublikasının 08 iyul 1982-ci il tarixli qanunu ilə təsdiq edilmiş və 01 oktyabrın 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən mənzil fonduna dövlət mənzil fondu, ictimai mənzil fondu, mənzil-tikinti kooperativləri fondu və fərdi mənzil fondu daxildir. Fərdi yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri 1982-ci il redaksiyalı Azərbaycan Respublikasının Mənzil Məcəllənin 123-cü maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Мənzil Мəcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir. Bu məcəllənin 53-cü maddəsinə göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarının köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmçinin Azərbaycan Respublikası Мənzil Мəcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri, icarədarın arvadı(əri), onların uşaqları və valideynləri, həmçinin icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsindən yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmçinin Azərbaycan Respublikası Мənzil Мəcəlləsinin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Göründüyü kimi, tərəflərin izahatlarından, həmçinin iş materiallarından məlum olur ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 89.2 kv.m olan mənzil **********003-05101- 093002 reyestr nömrəsi və ********** qydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. Cavabdeh1 İddiaçı oğlu olmaqla anadan olduğu vaxtdan həmin mənzildə yaşayır. Cavabdeh2 2007-ci ildə iddiaçınn razılığı ilə mübahisəli mənzilə gəlin gəlmiş və həmin vaxtdan orada yaşayır. İddiaçının mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydə alındığından və cavabdehlər mübahisəli mənzildə 2009-cu idən əvvəl yaşadıqlarından həmin vaxtı qüvvədə olan 1982-ci il redaksiyalı Azərbaycan Respublikasının Mənzil Məcəllənin tələblərnə uyğun olaraq onların mübahisəli mənzildən istifadə hüquqları yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə istifadə hüququ olduğundan və onların istifadə hüququna xitam verilməsi üçün əsaslar olmadığından və bu baxımdan iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-2079/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2079/2023
18.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver