Məhkəmə qərarları › İş №2(125)-2106/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2106/2022

20.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2106/2022 20.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə Ərizəçi qohumluq münasibətində olma və mirası qəbul etmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi qohumluq münasibətində olma və mirası qəbul etmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Ərizəçi mirasın qəbul edilməsi ilə bağlı ilk olaraq Notariat Ofisinə müraciət etməli olduğu halda, həmin orqana müraciət etmədən birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən ərizədə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən, Ərizəçi işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi üçün Notariat Ofisinə müraciət etmələrinə dair məhkəməyə heç bir sübut növü təqdim etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi mirası qəbul etmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar