Məhkəmə qərarları › İş №2(125)-214/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-214/2025

06.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-214/2025 06.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X10) paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən mülkün paylarına uyğun olaraq 2/3 və 1/3 hissə ilə iki hissəyə bölünməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək paylarının real olaraq bölgüsünün aparılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə, ünvan 2 ünvanda yerləşən 0,0153 ha torpaq sahəsindən və ümumi sahəsi 87,20 kv.m olan fərdi yaşayış evindən ibarət **********38-10301 reyestr nömrəli daşınmaz əmlak paylı xüsusi mülkiyyətdə olmaqla, İddiaçı1 3/9 hissə (qeydiyyat nömrəsi və tarixi: **********, xx.xx.2014), İddiaçı2 3/9 hissə, Cavabdeh 1/9 hissə (qeydiyyat nömrəsi və tarixi: **********, xx.xx.2021), X2 1/9 hissə və X4 1/9 hissədə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddia ərizəsində göstərilmişdir ki, ünvan 1 ünvanda yerləşən mülk 1/3 hissə ilə iddiaçılara, 1/3 hissə ilə mərhum oğlu X9 məxsusdur. İddiaçı1, oğlunun yoldaşının xeyrinə oğluna məxsus 1/3 hissə miras paydan imtina etmişdir. Bu mülkü satıb pulunu aralarında bölmək istəsə də, cavabdeh, yəni oğlunun yoldaşı buna razı olmur. Ona görə də mübahisəli mülkdə bölgü aparılmalı, əgər bu mümkün olmadıqda isə mülk hərracdan satılmalı, satış pulu onların arasında bölünməlidir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, onun mərhum həyat yoldaşı H.Məmmədov 2012-ci ildən Azərbaycan Ordusunun sıralarında xidmət edərək, 2016-cı ildə Aprel döyüşlərinin, 44 günlük Vətən müharibəsinin iştirakçısı olaraq şəhidlik zirvəsinə ucalmışdır. Həyat yoldaşının vəfatından sonra onun cavabdehə əmanətləri olan iki azyaşlı övladı 2015-ci il təvəllüdlü Hüseyn Məmmədov və 2014-cü il təvəllüdlü Zeynəb Məmmədova onun himayəsində, onunla birgə yaşayırlar. Hazırkı iddia üzrə mübahisələndirilən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzrə onun adına verilmiş **********38-10301 nömrəli çıxarışdan görünür ki, həmin çıxarış üzrə həmin fərdi yaşayış evinin 3/9 payçısı iddiaçı olan qayınanası İddiaçı1, 3/9 payçısı iddiaçı qaynı İddiaçı2, digər 3/9 hissəsi isə hər birinə 1/9 hissə olmaqla onun və qəyyumu olduğu yetkinlik yaşına çatmayan iki övladının hüquqi sahibliyindədir. Odur ki, qeyd edilən halların nəzərə alınmasını, mülki iş üzrə ədalətli və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişində iddiaçıların birgə ərizəsi əsasında mübahisəli əmlakın digər paylı mülkiyyətçiləri X8 və X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin əlavə etdi ki, hazırda həmin əmlakı satmaq fikri yoxdur. Cavabdehin özünəməxsus üçotaqlı evi var, orada yaşayır. Bundan başqa, ekspert rəyi ilə tanış olmuşdur. Cavabdeh özbaşına formada özünə yeni çıxarış çıxartmışdır. Əmlakın naturada bölgüsünü tələb edir, bölgü mümkün olmadığı təqdirdə əmlakın açıq hərracda satılmasına, ona və ya cavabdehə kompensasiya verilməsinə razı deyil. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, cavabdeh onun şəhid qardaşı X6 həyat yoldaşıdır. Hazırda əmlakda faktiki bölgü yoxdur. Cavabdeh əsas mülkiyyətçi olan İddiaçı1 xəbərsiz formada özünə yeni çıxarış çıxartmışdır. Ekspert rəyi ilə tanış olmuşdur. Əmlakın naturada bölgüsünü tələb edir, bu mümkün olmadığı təqdirdə əmlakın açıq hərracda satılmasına, ona və ya cavabdehə kompensasiya verilməsinə razı deyil. Məhkəmə iclasında iştirak edən cavabdeh, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X4 qanuni nümayəndəsi Cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, həyat yoldaşı şəhid olanda dövlətdən 11000 manat məbləğində pulu almaq üçün qayınanası, yəni İddiaçı1 oğluna məxsus əmlaka dair miras payından onun xeyrinə imtina etmişdir. Həmin imtinanın əsasında mərhum həyat yoldaşının adına olan əmlakı özünün və uşaqlarının adına keçirərək müvafiq çıxarış almışdır. Hazırda həmin fərdi yaşayış evinin naturada bölünməsi mümkün deyil. Əgər iddiaçı tərəf ona pul müqabilində payından imtina etməsini xahiş etsəydi, o buna razı olar, uşaqlarına heç olmasa birotaqlı ev alardı. Odur ki, həmin əmlakın açıq hərracdan satılaraq ona düşən pulun ona verilməsinə razıdır. Bundan başqa, ekspert rəyi ilə tanış olmuşdur, rəyə heç bir etirazı yoxdur. Məhkəmə, iddiaçıların və cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş üzrə mübahisənin həlli üçün məhkəmə tərəfindən ünvan 2 ünvanda yerləşən 0,0153 ha torpaq sahəsindən və ümumi sahəsi 87,20 kv.m olan fərdi yaşayış evindən ibarət **********38-10301 reyestr nömrəli daşınmaz əmlakın naturda bölgüsünun mümkünlüyünün müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 29 may 2025-ci il tarixli, 10/894 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Gəncə şəhəri, Rüzigar Qasımov küçəsi, 2-ci döngədə inşa edilmiş 22 saylı fərdi yaşayış evinin paylara uyğun naturada ayrılması “AzDTN 2.7-3 “X14 Layihələndirmə Normaları”-nın 5.1 və 5.2. bəndlərinin, eləcə də Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq oalraq texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 213.1 və 213.2-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən 0,0153 ha torpaq sahəsindən və ümumi sahəsi 87,20 kv.m olan fərdi yaşayış evindən ibarət **********38-10301 reyestr nömrəli daşınmaz əmlak paylı xüsusi mülkiyyət hüququ əsasında 3/9 hissədə İddiaçı1, 3/9 hissədə İddiaçı2, 1/9 hissədə Cavabdeh, 1/9 hissədə üçüncü şəxs X5 və 1/9 hissədə üçüncü şəxs X7 məxsusdur. Məhkəmə qeyd edir ki, iddiaçılar paylı mülkiyyətlərində olan paylarının naturada ayrılmasını tələb edirlər. İddiaçıların bu tələbi qanunidir. Belə ki, qüvvədə olan qanunvericilikdə heç bir məhdudiyyət qoyulmadan paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakdan öz payının ayrılmasını tələb etmək hüququ təsbit edilmişdir. Ümumi mülkiyyətdən payın ayrılması Mülki Məcəllənin 220-ci maddəsində göstərilmiş ardıcıllığa riayət etməklə mümkündür. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 220.3-cü maddəsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, ...Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir. Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmişdir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə xx.xx.2024-cü il tarixli Qərardadında qeyd edilmişdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221ci maddəsi ilə tənzimlənir (17-ci bənd). Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur (20-ci bənd). Həmin qərardadda qeyd edilmişdir ki, Mülki Məcəllənin 220-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarındakı izahlardan müəyyən olunur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; 2) kompensasiya (payın dəyəri) ödənilməsi; 3) əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi (39-cu bənd). Bu tələblər üzrə hər növbəti mərhələnin yoxlanılmasına özündən əvvəlki mərhələnin tətbiqi mümkün olmadığı halda yol verilir. Yəni əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bu qaydalara əsasən əvvəlki iki mərhələnin tətbiqi mümkün olmadığı halda isə əşya məhkəmə qərarı ilə açıq hərracdan satıla və əldə olunan vəsait paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülə bilər (40-cı bənd). Qərardadda göstərilmişdir ki, birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçid etməlidir (42-ci bənd). Naturada ayrılma mümkün olmadıqda ikinci mərhələnin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 4 aprel tarixli qərarında göstərilmişdir ki, ...mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil (47-ci bənd). Göründüyü kimi, payın naturada ayrılması mümkün olmadıqda ikinci mərhələ üzrə məhkəmə araşdırmasının aparılması iddiaçının iradəsindən asılı olmaqla, yalnız o, digər mülkiyyətçilərdən payının dəyəri kimi ona kompensasiyanın ödənilməsini tələb etdiyi halda mümkündür. İddiaçı payının dəyəri kimi kompensasiya ödənilməsini tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla ümumi mülkiyyətdən payın naturada ayrılması barədə iddiası rədd olunmalı və ona gələcəkdə ikinci mərhələdən başlanmaqla müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququ izah edilməlidir (48-ci bənd). Məhkəmə bir daha qeyd edir ki, ünvan 2 ünvanda yerləşən 0,0153 ha torpaq sahəsindən və ümumi sahəsi 87,20 kv.m olan fərdi yaşayış evindən ibarət **********38- 10301 reyestr nömrəli daşınmaz əmlak paylı xüsusi mülkiyyət hüququ əsasında 3/9 hissədə İddiaçı1, 3/9 hissədə İddiaçı2, 1/9 hissədə Cavabdeh, 1/9 hissədə üçüncü şəxs X5 və 1/9 hissədə üçüncü şəxs X7 məxsusdur. İddiaçılar isə paylı mülkiyyətlərində olan əşyadan paylarının natura formasında ayrılmasını tələb edirlər. Lakin aparılmış ekspertiza tədqiqatlarının nəticəsindən görünür ki, sözügedən daşınmaz əmlakın naturada bölünməsi faktiki cəhətdən mümkün deyil. Məhkəmə yuxarıda sadalanan digər mərhələləri iddiaçılara təklif etsə də, iddiaçılar yalnız paylı mülkiyyətlərində olan əşyadan paylarının natura formasında ayrılmasını tələb etmişlər. Odur ki, hazırkı halda payın naturada ayrılması mümkün olmadığından və iddiaçıların digər mülkiyyətçilərdən paylarının dəyəri kimi onlara kompensasiya ödənilməsi barədə tələblri olmadığından məhkəmə hesab edir ki, məhkəmə araşdırması yekunlaşdırılmaqla ümumi mülkiyyətdən payın naturada ayrılması barədə iddia rədd olunmalıdır. Bütün bunlarla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, belə halda Mülki Məcəllənin 220-ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarındakı mövqeyinə əsasən iddiaçıların hüququ vardır ki, onların paylarına kompensasiya ödənilməsi ilə xitam verilməsini, yaxud paylı mülkiyyətində olan əmlakın açıq hərracdan satılmasını və satışdan əldə olunan vəsaitin paylı mülkiyyətçilərin paylarına uyğun olaraq aralarında bölüşdürülməsini tələb etsin. Məhkəmə bir daha qeyd edir ki, hazırki iş üzrə iddiaçılar bu barədə tələb irəli sürməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin göstərişinə görə hakim işdə iştirak şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. İddiaçılar yalnız əmlakda olan paylarının naturada ayrılmasını tələb etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunur ki, bu tələbi təmin etmək mümkün deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul iddiaçılardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X10) paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı1 və İddiaçı2 tutulsun və (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar