Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-219/2023 17.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi, mənzildən çıxarılma, mənzilin boşaldılaraq, iddiaçının sahiblik və istifadəsinə qaytarılması» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Abbas Səhhət küçəsində yerləşən 23 nömrəli binanın 2 nömrəli mənzilindən çıxarılmaları və həmin şəxslərin əşyalarının mənzildən boşaldılaraq, həmin mənzilin iddiaçının sahibliyinə və istifadəsinə qaytarılması barədə məhkəmədə iddia qaldırmışdır. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Abbas Səhhət küçəsində yerləşən 23 nömrəli binanın 2 nömrəli mənzilində istifadə hüququna 7.000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi, cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Abbas Səhhət küçəsində yerləşən 23 nömrəli binanın 2 nömrəli mənzilindən çıxarılmaları və həmin mənzilin boşaldılaraq, iddiaçının sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək bildirdi ki, Gəncə şəhəri, Abbas Səhhət küçəsində yerləşən 23 nömrəli binanın 2 nömrəli mənzili tam mülkiyyət hüququ ilə ona məxsusdur və 21 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən həmin daşınmaz əmlaka dair çıxarış verilmişdir. O, həmin mənzili 2003-cü ildə əldə etmiş və həmin tarixdən də ailə üzvləri ilə birlikdə orada yaşamağa başlamışdır. Cavabdehlərdən Cavabdeh1 onun oğlu, Cavabdeh2 onun gəlinidir və 2017-ci ildə Cavabdeh1la nikaha girməklə, onun mülkiyyətində olan mənzildə yaşamağa başlamışdır. Həmin şəxslərin birgə nikahlarından Ruslan və Zeynəb adlı övladları vardır. Onunla cavabdehlər arasındakı münasibətlər əvvəllər normal olmuş, sonradan heç bir əsas olmadan cavabdehlər ona qarşı aqressiv hərəkətlər etmiş, birlikdə yaşadıqları mənzildə mütəmadi olaraq, münaqişə baş vermişdir. Qeyd olunan səbəbdən də artıq onların eyni mənzildə yaşamaqları mümkünsüz olmuşdur. Buna görə də o, mülkiyyətində olan Gəncə şəhəri, Abbas Səhhət küçəsində yerləşən 23 nömrəli binanın 2 nömrəli mənzilindən cavabdehlərin istifadə hüququna 7.000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi, cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə onun mülkiyyətində olan Gəncə şəhəri, Abbas Səhhət küçəsində yerləşən 23 nömrəli binanın 2 nömrəli mənzilindən çıxarılmaları və həmin mənzilin boşaldılaraq, onun sahibliyinə və istifadəsinə qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən verilmiş 15 sentyabr 2022-ci il tarixli arayışa görə də Gəncə şəhəri, Abbas Səhhət küçəsində yerləşən 23 nömrəli binanın 2 nömrəli mənzilinin yerləşdiyi ərazidə oxşar kommunal şəraitli 1 yaşayış otağından ibarət mənzillərin aylıq kirayə haqqının orta məbləği hazırda 80-90 manat təşkil edir. Həmçinin məhkəmə tədqiqi zamanı da məhkəməqiymətləndirmə ekspertizası təyin edilmiş, verilmiş rəydə mübahisəli mənzilin likvid dəyərinin 42.000 manat, kirayə qiymətinin isə 100-130 manat olduğu müəyyən edilmişdir. Hazırda isə o, hər iki rəydə qeyd olunan məbləğlərlə müqayisədə kompensasiya üçün kifayət qədər yüksək məbləğ təşkil edir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) A.Z.Qasımov məhkəmədə iddiaçının izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmədə iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı onun atasıdır. İddiaçı Gəncə şəhəri, Abbas Səhhət küçəsi, 23 nömrəli binanın 2 nömrəli mənzili 2003-cü ildə əldə etmiş, o, 2004-cü ildə hərbi xidmətə getmiş və 2005-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra həmin mənzildə yaşamağa başlamışdır. Cavabdeh2 isə onun arvadıdır və o, Cavabdeh2 2017-ci ildə nikaha girmiş, 2017-ci ildən də Cavabdeh2 Gəncə şəhəri, Abbas Səhhət küçəsi, 23 nömrəli binanın 2 nömrəli mənzilinə gəlin köçmüşdür. Hazırda onunla İ.C.Cəfərov arasında münasibətlər yaxşı olmadığına görə İ.Z.Cəfərov mülkiyyətində olan mənzildən onun və digər ailə üzvlərinin çıxarılmasını tələb edir. Lakin onun yaşamaq üçün başqa yerdə yaşayış yeri yoxdur. İddiaçının təklif etdiyi 7.000 manat məbləğinə pul vəsaitinə isə başqa yaşayış yerinin alınması mümkün deyildir. Buna görə də o, iddia tələbini qəbul etmir. Sonda Cavabdeh1 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını, onun nümayəndəsini və Cavabdeh1 dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsi, 23 saylı binanın 2 saylı mənzilinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Gəncə şəhəri, Abbas Səhhət küçəsi, 23 saylı binanın 2 saylı mənzilin yerləşdiyi ərazidə oxşar kommunal şəraitli 1 yaşayış otağından ibarət mənzillərin aylıq kirayə haqqının ora məbləği hazırda təxminən 80-90 manat təşkil edir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli LP-178/2022 saylı rəydən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsində yerləşən 23 saylı binanın 2 saylı mənzilinin hazırki bazar qiyməti 47.000 manat, likvid qiyməti 42.000 manat, orta aylıq kirayə qiyməti 100-130 manat təşkil edir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisələndirilməyən hallarından görünür ki, Gəncə şəhəri, Abbas Səhhət küçəsində yerləşən 23 nömrəli binanın 2 nömrəli mənzili İddiaçı mülkiyyətindədir və həmin mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İddiaçı həmin mənzili 2003-cü ildə əldə etmişdir. Cavabdeh1 İddiaçı oğlu, digər Cavabdeh2 isə gəlinidir. Gəncə şəhəri, Abbas Səhhət küçəsində yerləşən 23 nömrəli binanın 2 nömrəli mənzilində Cavabdeh1 2003-cü ildən, Cavabdeh2 isə 2017-ci ildən yaşamağa başlamışdır. Məhkəmə mövcud olmayan hüquqa xitam verilməsinin mümkün olmamasını və hüquqa xitam verilməsi üçün əvvəlcə hüququn əmələ gəlməsinin zəruriliyini nəzərə alaraq, qeyd edir ki, cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi məsələsi həll edilərkən, cavabdehlərin həmin evdən istifadə hüququnun yaranıbyaranmaması araşdırılmalıdır. Buna görə də məhkəmə mübahisəli hüquq münasibətinə hansı hüquq normasının tətbiq olunması məsələsini araşdırarkən Cavabdeh1la həmin hüquq münasibətlərinin 2003-cü ildə, digər Cavabdeh2 ilə 2017-ci ildə yarandığını, yəni Cavabdeh1 qeyd olunan mənzildə 2003-cü ildən, Cavabdeh2 isə 2017-ci ildən yaşadığını nəzərə alaraq hesab edir ki, Cavabdeh1 münasibətdə hazırki mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, Cavabdeh2 münasibətdə isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçisinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı ilə birgə yaşadığına görə Gəncə şəhəri, Abbas Səhhət küçəsində yerləşən 23 nömrəli binanın 2 nömrəli mənzilindən istifadə hüququna malik olsa da, digər Cavabdeh2 qeyd olunan mənzildən istifadə hüququ yoxdur. Belə ki, Cavabdeh2 iddiaçının Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulan ailə üzvləri sırasına daxil olan şəxs deyildir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladlarının öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir. (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan, Cavabdeh1 isə mübahisəli evdə istifadə hüququna malik olduğundan, iddiaçı mübahisəli evin mülkiyyətçisi kimi, kompensasiya ödənilməklə həmin evdən istifadə hüququna malik olan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu baxımdan yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot İsveçə qarşı» işdə isə həmin Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin (iddiaçının) iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının həmin evə olan mülkiyyət hüququnu «şərti və qeyri-sabit» xarakterli edir. Məhkəmə istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu yaşayış sahəsinin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarında göstərilir ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxslərin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 təklif olunan kompensasiya məbləği onun davamlı surətdə və müəyyən müddət daxilində həmin yaşayış sahəsinə oxşar digər yaşayış sahəsində yaşamağa imkan verməlidir. Yuxarıda qeyd olunan mütəxəssis rəylərinə əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzillə eyni şəraitli və eyni ərazidə yerləşən evlərin aylıq kirayə haqqı orta hesabla 100-130 manat hesablandıqda təklif olunan kompensasiya məbləği Cavabdeh1 təxminən 4 il 05 ay ərzində başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir. Məhkəmə, həmçinin nəzərə alır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə Cavabdeh1 təxminən 4 il 05 ay ərzində başqa yerdə mübahisəli yaşayış sahəsində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamağa imkan verdiyindən, İddiaçı tərəfindən 7.000 manat kompensasiya verilməklə Cavabdeh1 Gəncə şəhəri, Abbas Səhhət küçəsində yerləşən 23 nömrəli binanın 2 nömrəli mənzilindən istifadə hüququna xitam verilməli, Cavabdeh2 həmin mənzildən istifadə hüququ olmadığından iddia tələbi həmin cavabdehin istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi tələbinə dair hissədə rədd edilməli, cavabdehlər azyaşlı uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Abbas Səhhət küçəsində yerləşən 23 nömrəli binanın 2 nömrəli mənzilindən çıxarılmalı və həmin mənzil boşaldılaraq, iddiaçının sahibliyinə və istifadəsinə qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı tərəfindən 7.000 (yeddi min) manat məbləğində kompensasiya verilməklə Cavabdeh1 Gəncə şəhəri, Abbas Səhhət küçəsində yerləşən 23 nömrəli binanın 2 nömrəli mənzildən istifadə hüququna xitam verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları ilə birlikdə Gəncə şəhəri, Abbas Səhhət küçəsində yerləşən 23 nömrəli binanın 2 nömrəli mənzilindən çıxarılsın və həmin mənzil boşaldılaraq, İddiaçı sahiblik və istifadəsinə qaytarılsın. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə Cavabdeh1 istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması hissəsində kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-219/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-219/2023
17.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver