Məhkəmə qərarları › İş №2(125)-2214/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2214/2024

20.06.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2214/2024 20.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin ölmüş elan edilməsi» barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1964cü il təvəllüdlü X6 ölmüş elan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 və anası X8 23 dekabr 1988-ci il tarixdə Kirovabad şəhər (Gəncə) Kəpəz rayon Qeydiyyat Şöbəsində vətəndaşlıq vəziyyəti aktları kitabında 750 nömrə ilə nikahları qeydə alınmışdır. Onların birgə nikahı dövründə xx.xx.1989-cu il təvəllüdlü Həsənova (Əhmədova) Zeynəb Vaqif qızı və xx.xx.1992-ci il təvəllüdlü X17 doğulmuşdur. X3 23 yanvar 1993-cü il tarixdə Moldova Respublikasının Kişinyov şəhərinə getmişdir. Getdikdən sonra onlarla daim telefon əlaqəsi saxlamışdır. Anasının dediyinə görə atası Moldovada, xüsusən Dnestryanı ərazilərdə ictimai-siyasi vəziyyətin çox acınacaqlı olduğunu qeyd edib, tezliklə qayıdacağını bildirmişdir. Atası sonuncu dəfə 29 avqust 1997-ci il tarixdə onlarla əlaqə saxlamış, sonra ondan heç bir xəbər almamışdır. Qardaşı Eşqin və o, analarının himayəsində çətinliklə böyümüşlər. Anası atasının tapılması istiqamətində onu tanıyan insanlara müraciətlər edib. Atası rəsmi olaraq heç bir yerdə əmək fəaliyyətində olmamışdır. Ancaq Gəncə şəhərində Musayevin qarajı deyilən avtomobil nəqliyyatı müəssisəsində qeyri-rəsmi olaraq çilingər kimi bir müddət işləmişdir. 1998-ci ildə anası bir sıra hüquqi əhəmiyyətli əməliyyatları həyata keçirmək istədikdə atası ilə nikahda olması səbəbindən onunda razılıq ərizəsi tələb olunmuşdur. Atası barəsində heç bir məlumat əldə edə bilməyən anası aralarında bağlanmış nikahın pozulmasına dair ərizə vermişdir. Bu barədə Gəncə şəhəri Kəpəz rayonu VVAQ şöbəsi tərəfindən 07 sentyabr 1998-ci il tarixdə boşanma haqqında şəhadətnamə verilmişdir. Anası ikinci Qarabağ döyüşləri zamanı tibb bacısı kimi yaralı əsgər və zabitlərin müalicəsində fəal iştirak etmişdir. O, ailə həyatı qurmuş, X2 27 sentyabr 2020-ci il tarixdə başlanmış əks-hücum əməliyyatlarında xüsusi təyinatlı qrupun tərkibində düşmənə qarşı vuruşmuşdur. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli 2370 saylı Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. Döyüş əməliyyatlarında qardaşı ağır dərəcəli travmalar almış və səhhətində problemlər yaranmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən qardaşımın xəstəliyi "Uzun müddətli posttravmatik stres pozuntusu" diaqnozu kimi müəyyən edilmişdir. Səhhətində olan ağırlaşmalar nəticəsində qardaşı yüksək dozada ağrıkəsici və sakitləşdirici dərman preparatları qəbul etmək məcburiyyətində qalırdı. X2 21 dekabr 2023-cü il tarixdə qəbul etdiyi dərmanların toksit təsirindən vəfat etmişdir. Atalarının xəbərsiz itkin düşməsi onu və qardaşını daim narahat etmişdir. Bu müddət ərzində ata qohumları onlarla ünsiyyətdə olmasalar da, atası ilə əlaqədar olan məsələlərdə digər şəxslərin vasitəsi ilə xəbər almağa cəhd etmişlər. Ata qohumları da, onun harada olması barədə xəbərlərinin olmadığını bildirmişlər. Müəyyən hüquqi məsələlərin həll olunmasında ailə tərkibi haqqında arayış üçün müraciət etdikdə atasının adı qeyd edilir və hüquqi əhəmiyyətli məsələyə atasının da münasibət bildirməyi zəruri olduğu halda, ondan xəbəri olmaması bir çox işlərdə ona məhdudiyyətlər yaratmaqdadır. Ona görə də o, atasının ölmüş elan olunması hesab edilməsinə dair məhkəməyə müraciət edir. Atasından qalmış olan müəyyən əmlaka dair vərəsəlik hüququnun tanınması üçün vacibdir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, təmin olunmasını xaihş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 457695 nömrəli, xx.xx.1988-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X8 arasında xx.xx.1988-ci il tarixdə, 750 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. İş materiallarında olan 441256 nömrəli, xx.xx.1989-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1989-cu ildə Kirovabadda doğulmuşdur. X1 ilə X4r. İş materiallarında olan 437322 nömrəli, xx.xx.1992-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1992-ci ildə Gəncə şəhərində doğulmuşdur. X1 ilə X4r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, X13 xx.xx.1964-cü ildə Gəncə şəhərində doğulmuşdur. Valideynləri ilə X14 ilə X7r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü tarixli məktubdan görünür ki, X6 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, 03 aprel 2024-cü il tarixli 2(125)-2214/2024 nömrəli Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə ünvanlanmış sorğuya cavab olaraq bildirilir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”nin sənədləri rayonlar üzrə 1934-1948-ci illərədək mühafizə olunması səbəbindən sorğunun icrası imkanımız xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X6 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X6 ölümü haqqında akt qeydi barədə məlumatın istənilməsinə dair müraciətə baxılmışdır. Qeyd edirik ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Vaqif Əhmədovun ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, Zeynəb qonşularıdır və münasibətləri yaxşıdır. Onlar 30 ilə yaxındır ki, qonşudular. Zeynəbin anası Səkinə, atası Vaqifdir. Vaqifi axırıncı dəfə 1992-ci ildə görmüşdür və Rusiya Federasiyasına getmişdir. Hazırda sağ olub-olmaması barədə heç kimin məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Zeynəb onun qızıdır. Zeynəbin atasının adı X9r və 32 ildir ondan xəbər yoxdur. Vaqif 1992-ci ildə Rusiya Federasiyasına getmişdir. 1993-cü ilin yanvar ayında gəlib, sonra yenə qayıtmışdır. 1995- 1996-cı ilə kimi telefonla əlaqə saxlayırdı, lakin sonra ondan heç bir xəbər olmamışdır. Qaynanası harada olduğunu bilmirdi, lakin gələcəyini ümid etdiyi üçün axtarışa verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirdi ki, Zeynəb Səkinənin qızıdır. O, Səkinə ilə uzun illərdir xəstəxanada birgə işləyir və münasibətləri yaxşıdır. Zeynəbin atası Vaqif 1992-ci ildən gedib lakin sonradan geri qayıtmayıb. Sağ olub-olmaması barədə heç kimin məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o, Zeynəbin anası Səkinənin xalasıdır. Zeynəb ilə münasibətləri yaxşıdır. Zeynəbin atasının adı Vaqifdir. Vaqif 1992-ci ildə Rusiya Federasiyasına getmişdir, sonra ondan heç bir xəbər olmamışdır. Sağ olub-olmaması barədə heç bir məlumatı yoxdur. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və şahid ifadələrinin izahatını və işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi atası 23 mart 1964-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X13 1992-ci il tarixdə Rusiya Federasiyasına getmiş və həmin vaxtdan keçən 32 ilə yaxın müddət ərzində onun harada olmasına və ya sağ olmasına dair heç bir məlumat yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X6 harada olması barədə 32 il ərzində heç bir məlumat olmadığından və aparılmış araşdırmalara əsasən onun sağ olması ilə bağlı heç bir məlumat əldə olunmadığından, ərizə təmin edilməli, 23 mart 1964cü il tarixdə Gəncə şəhərində anadan olmuş X13 ölmüş elan edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.; 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 23 mart 1964-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X13 ölmüş elan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar