Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-231/2024 16.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Əİəstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən (bundan sonra – mübahisəli ev) istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə mübahisəli evə - ünvan 1 ünvanda 0,015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 71,2 kv.metr olan fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bu barədə iddiaçının adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Fərdi yaşayış evi hazırda tam olaraq iddiaçının mülkiyyətindədir. Cavabdehlər hazırda mübahisəli evdə pasport qeydiyyatındadırlar. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlərdən Cavabdeh1 onun qardaşının keçmiş arvadı, digər cavabdeh isə Gülnarənin qızıdır. Cavabdehlər 1994-cü ildə köçüb, Türkiyə Respublikasına getmiş, elə, o müddətdən orada yaşayırlar. Cavabdehlər ona məxsus evdən köçüb getsələr də, iddiaçı onların əvəzinə əlavə kommunal ödəyir. Artıq bu şəxslərin iddiaçı ilə heç bir bağlılığı yoxdur. Qardaşı hələ ölməmişdən qabaq Cavabdeh1 ondan boşanıb Türkiyə Respublikasına köçmüşdür. Ona görə də onların istifadə hüququ məhkəmə qaydası ilə itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdehlər qeydiyyatda olduqları ünvanda yaşamadıqlarından onlara bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehlərin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehlərə təqdim etməsi üçün bildiriş göndərərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki baxış iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 20 ildir ki, iddiaçının qonşuluğunda yaşayır, sözügedən evdə iddiaçının qardaşı Vidadi, onun arvadı Şəhla və iki uşağından başqa heç kimi görməmişdir. Məhkəmənin əvvəlki baxış iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, iddiaçının qardaşı Vidadi onun iş yoldaşıdır, 2000-ci ildən bəri ailəvi dostdurlar, mübahisəli evdə Vidadi, arvadı və uşaqlarının yaşadığını görmüşdür. İddiaçı Vidadinin bacısıdır, iddiaçının qardaşı Şahin isə ölmüşdür. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını və şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. İş materiallarına əlavə edilmiş, 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində iddiaçıya aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ailə tərkibinə dair məlumatlara əsasən əri - X9, qızları - X2, X5, X6 və oğlu - X10 müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, ******* nömrəli, xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2, X7 və X1 şəhəri, Gəncəvi küçəsi, döngə 1, ev 33 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş, evlər üçlüyü tərəfindən X3 verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, həqiqətən onun ölmüş qardaşı X4 həyat yoldaşı Cavabdeh1 və qızı Cavabdeh2 1994-cü ildən ünvan 1 ünvanda yaşamırlar. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi, mübahisəli ev xx.xx.2023-cü ildən iddiaçının mülkiyyətindədir. Məhkəmə iclasında araşdırılmış sübutlardan, iddiaçının izahatından və şahid ifadələrindən məlum olur ki, cavabdehlərdən Cavabdeh1 (iddiaçının qardaşının arvadı) və Cavabdeh2 (iddiaçının qardaşı qızı) həmin evdə yaşamış və qeydiyyata alınmışdır, lakin onlar qeyd olunan yaşayış sahəsindən 2009-cu ildən əvvəl, yəni 1994-cü ildə köçmüşdür. Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisəyə həmin cavabdehlərə münasibətdə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmçinin, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarının yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. İşin yuxarıda qeyd edilən halları ilə müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli evdə əvvəllər uzun müddət yaşadıqlarından onların istifadə hüquqları yaranmışdır. Lakin Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsində qeyd edilmişdir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Eləcə də, həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin yuxarıda qeyd edilən hallarından da görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uzun müddətdir, ən azından 2009-cu ildən əvvəldən mübahisəli evdə yaşamırlar. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə cavabdehlərin mübahisəli evdə yaşamama səbəblərini araşdıraraq hesab edir ki, onların uzun bir müddət ərzində mübahisəli evdə yaşamamaları Cavabdeh1 iddiaçının qardaşı ilə nikahları pozulduqdan sonra qızı, digər Cavabdeh2 ilə birlikdə daimi olaraq başqa yaşayış sahəsinə - Türkiyə Respublikasına köçmələri ilə bağlı olmuşdur. Cavabdehlər mübahisəli evdə qeydiyyatda olsalar da, orada yaşamamaqla və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli evlə əlaqələrini daimi olaraq kəsmişlər. Həmin cavabdehlərin uzun bir müddət ərzində mübahisəli evdə yaşamamaları isə hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Beləliklə, cavabdehlərin sözügedən evdə uzun müddət yaşamamaları, o cümlədən həmin yaşayış sahəsindən köçərək özlərinə başqa yaşayış yeri seçmələri iddiaçının nümayəndəsi və vəkilinin izahatı, şahid ifadələri ilə yanaşı işin digər halları ilə sübuta yetirilir. Bu müddət ərzində onlar, mübahisəli yaşayış sahəsində yaşamağa cəhd göstərməmişlər. Cavabdehlər yaşayış sahəsində pasport qeydiyyatında formal olaraq qalmışlar və cavabdehlərin iddiaçıya məxsus evdə formal istifadə hüquqlarının saxlanılması iddiaçının həmin yaşayış sahəsi ilə bağlı hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin uzun müddət ərzində mübahisəli evdə yaşamamaqla evlə bağlı bütün əlaqələrini daimi olaraq kəsmələri onların istifadə hüquqlarının qanunla müəyyən edilmiş müddətdən, yəni 6 aydan artıq saxlanılmasına yol vermir. Odur ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin həmin evə dair istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-231/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-231/2024
16.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver