Məhkəmə qərarları › İş №2(125)-2314/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2314/2025

21.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2314/2025 21.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X29 İsa oğlunun sədrliyi, Həsənov Arif Ariz oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 və X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən mülkdən çıxarılması və mülkiyyətçi kimi onun icazəsi olmadan kənar şəxslərin həmin mülkə daxil olmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Gəncə şəhəri 7 saylı notariat kontorunun xx.xx.2004-cü il tarixli 4Ə-2-326 saylı alqı-satqı müqaviləsinə əsasən 220.0 kv.m torpaq sahəsində yerləşən bu mülk (tikili “A"-da 48.2 kv.m iki yaşayış otaqları, 24.1 kv.m köməkçi sahə, tikili “B”-də 5.8 kv.m hamam, tikili “V”-də 12.0 kv.m əl damı, tikili “Q”-də 15.6 kv.m olan tövlə) atası X1. Alıcı olan atasının adına xx.xx.2004-cü il tarixli 1073 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Atasından sonra həmin fərdi yaşayış evi mərhum X4nın adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publiki Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. X6 11 oktyabr 2010-cu il tarixdə vəfat etmiş, X4 12 yanvar 2018-ci il tarixdə vəfat etmişdir. X3 X4 ilə birgə nikahından 4 övladı olmuş, onlardan X17 2006-cı il tarixdə vəfat etmişdir. Məmmədova (Xəlilova) Sevil Köçəri qızı, Abbasova (Xəlilova) Səlyan Köçəri qızı və X18 ailəlidir. X2 miras qalmış əmlaka dair vərəsəlik hüququnun tanınmasına dair 06 oktyabr 2022-ci il tarixdə Gəncə şəhər Notariat Kontoruna müraciət etmişlər. Lakin Notariat Kontoru qanunla müəyyən olunmuş müddəti ötürdükləri üçün imtina etmişdir. İddiaçı və bacısı Məmmədova (Xəlilova) Sevil Köçəri qızı qardaşı X12 (üçüncü şəxs Gəncə 1 saylı Notariat Ofisi) qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, anaları X10 qanun üzrə birinci növbəli vərəsəsi tanınmalarını məhkəmədən xahiş etmişdir. X4 rəhmətə gedəndən sonra həmin ünvanda yaşamışlar və ev əşyaları ilə birlikdə şəxsi əşyaları da həmin ünvanda olmuşdur. Lakin, qardaşı X18 onları hədələyərək analarından miras qalmış mülkə onu və bacısını yaxın buraxmır, iddiaçı olaraq onun xəbəri və icazəsi olmadan kənar şəxs qismində cavabdehi kirayəçi olaraq paylı mülkiyyətlərində və istifadələrində olan fərdi yaşayış evində saxlamaqla onun konstitusion hüquqlarını pozur. Bundan əlavə olaraq ona və bacısı X8 məxsus ev və şəxsi əşyaları həmin mülkdən çıxarılaraq mənimsənilmişdir. Sonuncu dəfə 23 yanvar 2025-ci il tarixdə ¼ hissədə pay mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ata mülkünə bacısı ilə gedən zaman bildiklərinə görə Rusiya Federasiyasının vətəndaşı olan kirayəçi cavabdeh X15 onlara məxsus mülkə buraxmamışdır. Bu barədə o, DİN-nin "102 Çağırış Mərkəzi”-nə müraciət etmişdir. Cavabdeh, o və bacısı Gəncə şəhər 4 saylı Polis İdarəsinə aparılmış və şikayətləri əsasında onlara izah olunmuşdur ki, pay mülkiyyətlərində olan fərdi yaşayış evindən cavabdehin çıxarılması və kənar şəxslərin həmin mülkdən istifadəsinin qadağan edilməsinə dair aidiyyatı üzrə məhkəməyə müraciət etməlidirlər. Hal-hazırda cavabdehin paylı mülkiyyətində olan evdə müvəqqəti olaraq məskunlaşması onun konstitusion hüquqlarını pozmaqla əmlakını talan etməkdə davam edir. Məhkəmədə İddiaçı iştirak etmiş, irəli sürdüyü iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununda izahat vermiş, sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək, bildirmişdir ki, ona evdən istifadə etməyə iddiaçının qardaşı X18 icazə vermişdir. Onun həmin evdən daşınası xeyli əşyaları var. Bu səbəbdən ona evdən çıxmaq üçün müəyyən vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 iştirak etmiş və izahatında qeyd etmişdir ki, iddiaçı ilə ümumi paylı mülkiyyətlərində olan evdən Cavabdeh istifadə etməsinə o, icazə vermişdir. Ona görə də iddianı əsassız sayır. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdeh X9 iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə məhkəmədə iştirak etmiş şəxsləri dinləyib, iş materiallarını tədqiq edib, belə qərara gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın əsli ilə müqayisəli tədqiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri, İstanbul küçəsi, ev 66 ünvanında yerləşən 0,0220 hektar torpaq sahəsində yerləşən 72.30 kvadrat metr ərazisi olan daşınmaz əmlakın 2/4 hissəsi xüsusi mülkiyyət hüququ ilə X10, 1/4 hissəsi ilə İddiaçı, 1/4 hissəsi ilə X5 adına mülk kimi qeydə alınmışdır. İş materiallarına əlavə edilən “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X16 xx.xx.2018-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-133/2024 saylı qətnaməsinin surətindən görünür ki apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-425/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddianın təmin edilməsi, mərhum X7 miras qalmış, ünvan 2 ünvanda 0.0220 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 72.30 kv.m olan fərdi yaşayış evinin iddiaçılar X13, İddiaçı, X19 və cavabdeh X18 tərəfindən qəbul edilmiş hesab edilməsi, mərhum X7 miras qalmış ünvan 2 ünvanda 0.0220 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 72.30 kv.m olan fərdi yaşayış evindən iddiaçılar X5, İddiaçı, X19nun və cavabdeh X9 payları hər birinə müvafiq olaraq ¼ hissədə müəyyən edilməsi qət edilmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla işin faktiki halları kimi müəyyən olunur ki, ünvan 2 ünvanda 0.0220 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 72.30 kv.m olan fərdi yaşayış evinin üzərində X13, İddiaçı, X19 və X9 hər birinin ¼ hissədə payları vardır. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi mülkiyyət hüququnun pozulması ilə bağlı olduğundan həmin münasibətlərə Mülki Məcəllənin mülkiyyət münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə görə yaşayış sahəsi paylı mülkiyyət hüququ ilə həm də iddiaçıya məxsus olduğuna görə, cavabdehın həmin evdən iddiaçının razılığı olmadan istifadə etməsi iddiaçının mülkiyyət hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının və üçüncü şəxslərin mülkiyyətində olan Gəncə şəhəri, İstanbul küçəsi, ev 66 ünvanından Cavabdeh çıxarılmalıdır. İddia tələbinin qalan hissəsi qeyri müəyyən olduğundan, təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı qismən təmin edilsin. İddiaçının və üçüncü şəxslərin mülkiyyətində olan Gəncə şəhəri, İstanbul küçəsi, ev 66 ünvanlı fərdi yaşayış evindən Cavabdeh çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar