Məhkəmə qərarları › İş №2(125)-2401/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2401/2022

22.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2401/2022 22.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili X1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin iddiaçıların ümumi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddiasına dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin iddiaçıların ümumi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi E.X.Həsənova iddianı müdafiə edərək, izahatında bildirdi ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı1 ilə İddiaçı2 ümumi mülkiyyətindədir. Cavabdehlər onların uzaq qohumlarıdır. Cavabdehlərin valideynləri bir müddət sözügedən mənzildə yaşamış, təxminən 5 il bundan əvvəl həmin ünavdan köçüb getmişlər. Lakin uşaqları Cavabdeh2 və Cavabdeh1 qeydiyyatlarını ləğv etdirməmişlər. Cavabdehlərin həmin evdə heç bir əmlakları qalmamışdır. Onlar ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən köçdükdən sonra ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini təmir etdirib orda yaşamışlar. Onların ünvan 3 ünvanında anaları X8 ilə yaşayırlar. Cavabdehlərin ataları olan X6 onların əmisi oğludur. Y.Cavabdeh1 2018-ci ildə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində həyat yoldaşı ilə arasında olan nikah pozulmuş və bundan sonra o xarici ölkəyə köçmüşdür. Cavabdehlər iddiaçıların ümumi mülkiyyətində olan evdə yaşamasalar da, qohumluq münasibətlərinin pozulmaması üçün iddiaçılar onların həmin evdən pasport qeydiyyatından çıxmaqlarını tələb etməmişlər. Lakin son zamanlar cavabdehlər bu vəziyyətdən sui-istifadə edərək onları narahat etməyə başlamışlar. İddiaçılar çox zaman qohumlarının evlərinə qonaq gedib orada yaşayırlar. Cavabdeh X7 evin boş olmasından isifadə edərək, evin açarını dəyişdirib, həyətlərinə sahiblik edir, orada it saxlayır və digər xoşagəlməz hərəkətlər edirlər. Buna görə də, cavabdehlərin həmin mənizildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi vacibdir. Sonda E.X.Həsənova iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı2 və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə İddiaçı1 nümayəndəsi E.X.Həsənovanı dinləyərək, iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, hesab edir ki, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddianın əsaslandığı hallardan da göründüyü kimi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 və İddiaçı2 ümumi mülkiyyətindədir. Cavabdeh kimi göstərilmiş şəxslər isə həmin fərdi yaşayış evində sadəcə pasport qeydiyyatına alınsalar da, həmin cavabdehlərdən X3 12 yaşının, digər cavabdeh X2 17 yaşı vardır. İddia ərizəsində və həmçinin İddiaçı1 nümayəndəsi E.X.Həsənovanın məhkəmədə verdiyi izahatında isə cavabdehlərin valideynlərinin 5 il bundan əvvəl, yəni X3 07 yaşının, digər cavabdeh X2 isə 12 yaşı olarkən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini tərk etdikləri və oradan istifadə etmədikləri qeyd olunmuşdur. Belə olan vəziyyətdə cavabdehlərin iddiaçılara məxsus fərdi yaşayış evindən istifadə hüquqlarının yaranmadığı müəyyən olunur. Lakin, iddiaçılar cavabdehlərin ona məxsus evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli 2(008)-7903/2018 saylı qətnaməsinin surətindən görünür ki, X6 və X9 arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahından xx xxxxxx 2005-ci ildə anadan olmuş X2 və 09 iyun 2010-cu ildə anadan olmuş X3 anaları X4 himayəsində saxlanılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi iddiaçıların iddiası cavabdehlərin onlara məxsus fərdi yaşayış evindən istifadə hüquqlarının olmaması ilə əsaslandırıldığından iddiaçılar mülkiyyətlərində olan evə pasport qeydiyyatına alınmış şəxslərin pasport qeydiyyatından çıxarılması barədə ərizəsinin təmin edilməsindən inzibati orqan tərəfindən imtina edildiyi halda inzibati məhkəməyə müraciət etməli idi. Hazırkı əsaslarla bu iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli və iddiaçılara cavabdehlərin onlara məxsus evdən pasport qeydiyyatından çıxarılmaları tələbi ilə ilkin olaraq Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etmələri, onların müraciətindən imtina edildikdə isə həmin orqana qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı2 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2022; əməliyyat İD:89130853; qəbzin nömrəsi:10154; terminal nömrəsi: K0127015; GPP qəbz nömrəsi:9********) dövlət büdcəsindən İddiaçı2 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçılara izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2022; əməliyyat İD:89130853; qəbzin nömrəsi:10154; terminal nömrəsi: K0127015; GPP qəbz nömrəsi:9********) dövlət büdcəsindən İddiaçı2 qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar