Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2401/2025 26.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı3, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «kompensasiya ödənilməklə mənzildə istifadə hüququna xitam verilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı cavabdehin mülkiyyətində olan iddiaçıların qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən 2 otaqlı və yardımçı tikililərdən ibarət olan fərdi yaşayış evinin 1 otağının dəyəri məbləğində 25.000 manat məbləğində kopmensasiya ödənilməklə iddiaçıların istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə nikahlarını xx.xx.1997-ci il tarixdə qeydə aldırmış və o, Cavabdeh mərhum babasının mülkiyyətində olmuş Gəncə şəhəri, Gəncə küçəsi, 6-cı döngədə yerləşən 7 nömrəli evə gəlin köçmüşdür. Onun Cavabdeh ilə birgə nikahından 1998-ci il tarixdə İddiaçı2, 1999-cu il tarixdə X1 və 2006-cı il tarixdə isə İddiaçı3 adlı 3 uşaqları anadan olmuşdur. Həmçinin onun oğlu Şöhrət 2020-ci ilin noyabr ayında 2-ci Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olmuşdur. O, C.Ş.Əliyevlə bir müddət ailə münasibətləri normal olsa da sonradan həmin münasibətlər pisləşmiş, C.Ş.Əliyevin dözülməz hərəkətləri nəticəsində o, birgə nikahdan anadan olmuş uşaqları ilə birlikdə 2005-ci il tarixdə sözügedən evdən zorla çıxarılmışdır. Bununla əlaqədar o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2- 148/06 nömrəli qətnaməsinə əsasən o və birgə nikahdan anadan olmuş uşaqlarının ünvan 1 ünvanında yerləşən evə qeydiyyata düşmələri, həmin evdən istifadə hüquqlarının olması və həmin evə köçürülmələri qət edilmişdir. Həmin vaxtdan da o, övladları ilə birlikdə mübahisə predmeti olan evin bir otağında yaşamağa başlamışdır. Daha sonra onunla keçmiş əri Cavabdeh arasında olan nikah 2011-ci il tarixdə rəsmi qaydada pozulmuşdur. O, uşaqları ilə birlikdə 2006-cı il tarixdən 2024-cü ilin dekabr ayınadək sözügedən ünvanda yaşamışdır. Lakin Cavabdeh dözülməz hərəkətləri, aqressiv davranışları onu həmin ünvanı tərk edərək valideyinlərinə məxsus evdə yaşamağa vadar etmişdir. Cavabdeh isə heç bir qanuna əsaslanmadan xx.xx.2024-cü il tarixdə həmin evin bir otağında ona məxsus olan əşyaları otağın kilidini sındıraraq onun xəbəri olmadan valideyinlərinə məxsus evin həyətinə tökmüşdür. Lakin məhkəmə qətnaməsi əsasında o, onun uşaqları İddiaçı2 və İddiaçı3 istifadə hüququ olduğu evdə yaşaya bilmirlər. Belə ki, B.Cavabdeh daim onlara psixoloji şiddət tətbiq edir, münaqişə yaradır, təhqiramiz ifadələr işlədir. Buna görə də o, ünvan 1 ünvanında yerləşən evin bir otağının dəyəri qismində 25.000 manat ödənilmək şərti ilə həmin evdən istifadə hüquqlarına xitam verilməsini istəyir. Sonda İddiaçı1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı3 digər İddiaçı1 izahatını müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, izahatında bildirdi ki, Cavabdeh onun qardaşıdır. Hal-hazırda Cavabdeh yaşamağa yeri yoxdur. Sözügedən ünvanda hal-hazırda xəstə anası yaşayır. Həmin ev iddiaçılar tərəfindən yararsız vəziyyətə düşmüşdür və tələb olunan kompensasiya məbləği isə ağlasığmazdır. Sonda cavabdehin nümayəndəsi Nümayəndə iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçılar İddiaçı1, İddiaçı3 və cavabdehin nümayəndəsi Nümayəndə dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, işdə olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-1482/06 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı1 uşaqları ilə birlikdə ünvan 2 ünvanında yerləşən mülkə köçürülüb, istifadə hüququ verilməsi, həmin mülkə pasport qeydiyyata alınması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-4943/2025 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyinin 03 noyabr 1961-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport X2 adına qeyd edilmişdir. Torpaq sahəsi 507.0 kv.m (0.0507 ha) olmuşdur. 28 dekabr 1987-ci ildə aparılmış inventarizasiya işləri zamanı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin tikili “A”- da ümumi sahəsi 119.2 kv.m, yaşayış sahəsi 83.5 kv.m olan beş yaşayış otağından, 11.4 kv.m zirzəmidən, yerləşdiyi torpaq sahəsi 0.0508 ha-dan (508.0 kv.m) ibarət olduğu müəyyən edilmişdir. Fərdi yaşayış evi üzərində hüquqlar daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1 və Cavabdeh arasında olan nikah 1997-ci il tarixdə qeydə alınmış, onların birgə nikahlarından 1998-ci il tarixdə İddiaçı2, 1999-cu il tarixdə X1 və 2006-cı il tarixdə İddiaçı3 adlı 3 uşaq anadan olmuşdur. İddiaçı1 və Cavabdeh arasında olan nikah münasibətləri faktiki olaraq 2006cı il tarixdə başa çatsa da nikahları məhkəmə qətnaməsi əsasında 2011-ci il tarixə pozulmuşdur. Cavabdeh hazırda mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüşdür. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-1482/06 nömrəli qətnaməsinə əsasən İddiaçı1 uşaqları ilə birlikdə ünvan 2 ünvanında yerləşən mülkə köçürülüb, istifadə hüququ verilməsi, həmin mülkə pasport qeydiyyata alınması qət edilmişdir. İddiaçı1, İddiaçı2 və İddiaçı3 qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən 2 otaqlı və yardımçı tikililərdən ibarət olan fərdi yaşayış evinin 1 otağının dəyəri məbləğində 25.000 manat məbləğində kopmensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi tələbi barədə məhkəməyə müraciət etmişdirər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2, 6.1.4 və 6.1.5-ci maddəsinə görə mülki dövriyyə subyektlərinin iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləridir. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə görə müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsini tələb hüququ mülkiyyətçiyə məxsusdur və digər şəxslərin mülkiyyətçi tərəfindən onlara kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsini tələb hüquqları mövcud deyildir. Lakin hazırki halda İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «kompensasiya ödənilməklə mənzildə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Buna görə də məhkəmə mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, mülki hüquq münasibətlərinin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanaraq, hesab edir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «kompensasiya ödənilməklə mənzildə istifadə hüququna xitam verilməsi» tələbi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «kompensasiya ödənilməklə mənzildə istifadə hüququna xitam verilməsi» tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2401/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2401/2025
26.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver