Məhkəmə qərarları › İş №2(125)-2405/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2405/2023

07.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2405/2023 07.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2, İddiaçı Cavabdeh qarşı “mirası qəbul etmə faktının müəyyən edilməsi və mirasa mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı “mirası qəbul etmə faktının müəyyən edilməsi və mirasa mülkiyyət hüququnun tanınması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 ölümündən sonra ondan qalan mirası övladı İddiaçı əmlaka sahib durma və idarə etmə formalarında qəbul etməsi faktını müəyyən edib, ünvan 1 ünvanda, 0,04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 100,1 kvadratmetr olan yaşayış evinə onun mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən iddia ərizəsinin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iddiaçı mirası qəbul etmə faktının müəyyən edilməsi və mirasa mülkiyyət hüququnun tanınmasını məhkəmədən xahiş etmiş, lakin bununla bağlı müvafiq notariat kontoruna müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməzdən öncə mirasın faktiki qəbulu ilə bağlı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməlidir. Notariat kontoru müvafiq notariat hərəkətlərini aparmaqdan hər hansı əsasla imtina etdikdə iddiaçı hazırki iddia ərizəsində qeyd olunan cavabdehlə yanaşı müvafiq notariat kontorunu da cavabdeh qismində qeyd etməklə məhkəmədə yenidən iddia qaldıra bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və iddia ərizəsi yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “mirası qəbul etmə faktının müəyyən edilməsi və mirasa mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya, müvafiq notariat kontoruna müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar