Məhkəmə qərarları › İş №2(125)-2438/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2438/2025

18.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2438/2025 18.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 İsa oğlunun sədrliyi Həsənov Ariz Arif oğlunun katibliyi ilə, Ərizəçi ünvan 1 ünvanda ailəsi ilə birgə yaşaması faktının təsdiqi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi ünvan 1 ünvanda ailəsi ilə birgə yaşaması faktının təsdiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizəyə məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, 29 aprel 2010-cu il tarixli, ƏN-İ № 137651 nömrəli etibarnamə əsasında X1 ünvan 1 ünvanda yerləşən mənzili aralarında razılaşma yolu ilə 8 500 manata almışdır. Həmin gündən bu günə kimi də ailəsi ilə birgə həmin ünvanda yaşayır. Bütün kommunal xərcləri də o, ödəyir. Bu faktı məhkəmədə yaxın qonşuları X5 və X7 da təsdiq edə bilərlər. Məhluqə Əliyeva ona verdiyi etibarnamənin müddəti 29 aprel 2030-cu ilədək qüvvədədir. X3 xx.xx.2017-ci ildə vəfat etmişdir. Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 346 nömrəli arayışdan göründüyü kimi, X2 nikahı haqqında akt Vətəndaşlıq vəziyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanda yerləşən mənzilin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2M-0008-8/2025 məktubu ilə cavab olaraq bildirilmişdir ki, “aparılmış araşdırma zamanı mərhum X2 vərəsəsi olması barədə müvafiq sənədin və qanunvericiliyin tələblərinə əməl olunmaqla notariat qaydada təsdiq edilmiş müqavilənin təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən, məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinin müəyyən etdiyi qaydalara görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2-ci maddəsinin tələblərinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixlı qərarında qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi ünvan 1 ünvanda ailəsi ilə birgə yaşaması faktının təsdiqi heç bir hüquqi nəticə doğurmur və bu məsələ məhkəmədə baxılmalı deyildir. Ona görə də ərizənin qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi ünvan 1 ünvanda ailəsi ilə birgə yaşaması faktının təsdiqi heç bir hüquqi nəticə doğurmadığından və məhkəmədə baxılmalı olmadığından ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar