Məhkəmə qərarları › İş №2(125)-2444/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2444/2025

09.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2444/2025 09.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı ödənilməmiş boşdayanmaya görə əmək haqqının hesablanıb ödənilməsi, əmək kitabçasının geri qaytarılması, hesab pulunun hesablanıb ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətindən ona ödənilməmiş əmək və məzuniyyət haqlarını, ezamiyyət xərclərini, qanunda nəzərdə tutulmuş müavinət və digər ödənişlərin verilməsi 31 yanvar 2024-cü il tarixdən bir dəfəlik hesablanıb ödənilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "xxxx" altsistemində aktiv əmək müqaviləsinə xitam verilməsi və Əmək Kitabçasının qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (İddia ərizəsində ƏƏSMN X3 Xidməti X1 üçüncü şəxs kimi göstərilmişdir). İddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 12 fevral 2024-cü il tarixli, F-008/24 saylı (işdən kənarlaşdırma) və xx.xx.2025-ci il tarixli, 3-17-5/1-A-10730/2025 saylı (işdən çıxarılma) əmrlərin ləğv edilməsini, Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətindən ona ödənilməmiş aylıq 364 manatdan əmək haqlarının və qanunda nəzərdə tutulmuş müavinət və digər ödənişlərin verilməsi 31 yanvar 2024-cü il tarixdən qətnamə elan edildiyi tarixədək bir dəfəlik hesablanıb ödənilməsi, 31 yanvar 2024-cü il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının digər dövrlərdə gecikdirilməsinə görə əmək haqqının hər gecikdirilmiş gününə görə bir faiz ödəncin ödənilməsi, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi, 2 illik 39 günlük (cəmi 78 gün) məzuniyyət əvəzi kompensasiyanın ödənilməsi, məzuniyyət haqqının hər gecikdirilmiş gününə görə bir faiz ödəncin ödənilməsi, xx.xx.2024-cü il tarixindən etibarən məcburi işburaxma dövrü üçün itirilmiş əmək haqqının faktiki olan əmək haqqı üzrə ödənilməsi, 31 yanvar 2024-cü ildən 2025-ci ilin 3-cü rübünə qədər Yeni il, Novruz bayramına, Ramazan bayramına görə ödəniş almadığından iki il müddətində həmin ödənişlərin ona ödənilməsi və gecikdirilmiş gününə görə bir faiz ödəncin ödənilməsi, işə başladığı tarixdən işə qanunla işdən azad olunan tarixədək ona ödənilmiş və ödəniləcək olan bütün məbləğlərə görə Dövlət Vergi Xidmətinə (vergi, məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta, tibbi sığorta və s. barəsində) dəqiqləşdirilmiş hesabatın verilməsi, məcburi işburaxma müddətində olan əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğinin ödənilməsiylə yanaşı, ona çəkdirilmiş mənəvi iztiraba görə mənəvi ziyan olaraq 20000 (iyirmi min) manat məbləğinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, 12 fevral 2024-cü il tarixli, F-008/24 saylı (işdən kənarlaşdırma) və xx.xx.2025-ci il tarixli, 3- 17-5/1 -A-10730/2025 saylı (işdən çıxarılma) əmrlərin ləğv edilməsi, cavabdeh, “Azrib'' Məhdud Məsuliyyət Cəmiyyətindən ona ödənilməmiş aylıq 364 manatdan əmək haqlarının və qanunda nəzərdə tutulmuş müavinət və digər ödənişlərin verilməsi 31 yanvar 2024-cü il tarixdən qətnamə elan edildiyi tarixədək bir dəfəlik hesablanıb ödənilməsi, 31 yanvar 2024-cü il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının digər dövrlərdə gecikdirilməsinə görə əmək haqqının hər gecikdirilmiş gününə görə bir faiz ödəncin ödənilməsi, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi, 2 illik 39 günlük (cəmi 78 gün) məzuniyyət əvəzi kompensasiyanın ödənilməsi, məzuniyyət haqqının hər gecikdirilmiş gününə görə bir faiz ödəncin ödənilməsi, xx.xx.2024-cü il tarixindən etibarən məcburi işburaxma dövrü üçün itirilmiş əmək haqqının faktiki olan əmək haqqı üzrə ödənilməsi, 31 yanvar 2024-cü ildən 2025-ci ilin 3-cü rübünə qədər Yeni il, Novruz bayramı və Ramazan bayramına görə ödəniş almadığından iki il müddətində həmin ödənişlərin ona ödənilməsi və gecikdirilmiş gününə görə bir faiz ödəncin ödənilməsi, işə başladığı tarixdən qanunla işdən azad olunan tarixədək ona ödənilmiş və ödəniləcək olan bütün məbləğlərə görə Dövlət Vergi Xidmətinə (vergi, məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta, tibbi sığorta və s. barəsində) dəqiqləşdirilmiş hesabatın verilməsi, məcburi işburaxma müddətində olan əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğinin ödənilməsi ilə yanaşı, ona çəkdirilmiş mənəvi iztiraba görə mənəvi ziyan olaraq 20000 (iyirmi min) manat məbləğinin ödənilməsi, 2022-2023-cü il tarixlərdə hər ay hissə-hissə olmaqla ümumilikdə 15400 manat (on beş min dörd yüz) əmək haqqından və əlavələrdən tutulan əmək haqqının İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 27 yanvar 2022-ci il tarixdə ərizə ilə müraciət edərək Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətində işə qəbul olmuş və bölgə müdiri vəzifəsində çalışmışdır. 31 yanvar 2024-cü il tarixdə Qəbələ rayonunun Zarağan kəndində yerləşən marketdə işdə olarkən ona Şirkətin Rəşad adlı işçisi zəng edərək harda olduğunu soruşmuş, o isə bildirmişdir ki, Qəbələ rayonunun Zarağan kəndində yerləşən marketdə işləyir. Az müddət keçmədən həmin marketə gəlmişlər və ona heç bir səbəb olmadan bildirmişlər ki, işi təhvil-təslim etməlidir və işdən azad olunur. Onlarla gələn bir şəxsi göstərərək ona bildirmişlər ki, yeni bölgə müdiri bu şəxs olacaq. Keçən 10 ay ərzində onun adı hələ də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "xxxx" altsistemində cavabdehlə əmək müqaviləsi bağlanması ilə bağlı qüvvədə olan aktiv əmək müqaviləsi bildirişi mövcuddur. Onu işdən azad etməyiblər. Dəfələrlə əmək kitabçasının verilməsini xahiş etsə də vermirlər. Bununla da o, başqa bir yerdə işə qəbul ola bilmir. O, ailəli adamdır. 3 azyaşlı övladı var. İlin günün bu vaxtında işləməmək nə deməkdir. O, övladlarını nə ilə saxlayacağını bilmir. Dəfələrlə o, Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinin rəhbərliyinə müraciət edərək aralarında əmək müqaviləsi bağlanması ilə bağlı qüvvədə olan aktiv əmək müqaviləsi bildirişi mövcud olduğunu xatırladaraq ona əmək haqqının verilməsini, boşdayanmaya görə əmək haqqının ödənilməsini tələb etsə də, heç bir nəticə olmamışdır. Məcbur qalıb Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti X1nə müraciət etmişdir. Həmin şöbə onun hüquqlarının pozulduğunu bildirərək Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinə 17 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir və 31 iyul 2024-cü il tarixdə ona ərizəsinə cavab verərək məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Dəfələrlə müraciət etməyinə baxmayaraq bu günə qədər onun əmək və məzuniyyət haqlarını, ezamiyyət xərclərini, qanunda nəzərdə tutulmuş müavinət və digər ödənişlərin verilməsini və onun adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "xxxx" altsistemində aktiv əmək müqaviləsinə xitam verilməsini Əmək Kitabçasının qaytarılmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. İddia tələbini və xx.xx.2025-ci il tarixdə təqdim edilən dəqiqləşməyə dair ərizəni müdafiə edir. Əlavə olaraq bildirmişdir ki, 5 iclasdan sonra cavabdeh baxış mərhələsində iddiaya dair yazılı etiraz və sübutlar təqdim etmişdir. Qeyd edilən etirazın dəlilləri və təqdim edilən sübutlar hazırkı mərhələdə tələbin həcminin artıması üçün əsas yaratmışdır. Cavabdehin etiraz ərizəsindən və təqdim edilən xx.xx.2022-ci il tarixli izahatından müəyyən olunur ki, satış təmsilçisi Əli Muradova 2022-ci ilin may ayında mal verilmiş və cavabdeh hesab etmişdir ki, Əli Muradov ziyan vurmuşdur. İddiaçı izahatında bunu təsdiq etmiş və bildirmşdir ki, bu barədə Əli Muradov özü mal götürdükdən sonra məlumat vermiş, o da öz növbəsində ilk olaraq özü araşdırma aparmış və şirkət rəhbərliyinə məlumat vermişdir. Eyni zamanda buna nəzarətin mümkün olmadığı da izah edilmişdir. Qeyd edilən 18261 manatlıq malın qalan 15400 manatını şirkət özü ziyan vuran şəxslərdən tələb etmək əvəzinə guya İddiaçı özünün razılığı əsasında əmək haqqından hissə-hissə tutulmasına dair izahatını əsas götürərək maddi ziyanı onun əmək haqqından əsassız olaraq tutmuşdur. Tərəflər arasında bağlanılmış Əmək Müqaviləsinə əsasən satış təmsilçilərinin vurduqları ziyana görə İddiaçı heç bir maddi məsuliyyəti olmamışdır. Lakin buna baxmayarq İddiaçı özü izahatında buna razı olsa belə satış təmsilçisinin vurduğu ziyanın İddiaçı əmək haqqından tutulmasında cavabdeh haqlı olmamışdır. Cavabdehə ziyan vuran əməkdaş və malın verildiyi bölgələr məlum olduğu halda ziyanı tələb etməmiş, asan yol seçərək İddiaçı əmək haqqından qanunsuz olaraq tutma həyata keçirməklə 15400 manat vəsaiti qanunsuz olaraq əmək haqqından silmişdir. Cavabdeh növbəti dəfə də eyni senari üzrə İddiaçı aidiyyəti olmayan ziyanı İddiaçı almaq istəsə də, bu dəfə niyyəti baş tutmamışdır. Hətta bununla əlaqədar izahat da verərək əgər təqsiri varsa cavab verməyə hazır olduğunu izahatında qeyd etmişdir. Cavabdeh yenə asan yol seçərək araşdırma aparmaq əvəzinə iddiaçı barəsində Yevlax Rayon Prokurorluğuna müraciət etmişdir.Bu günədək dəfələrlə İddiaçı izahatlar versə də əməlində heç bir qanunsuzluq müəyyən olmamışdır. Əksinə cavabdeh qanunsuzluq edərək 15400 manatı əmək haqqından tutmuş, qanunsuzluq edərək işdən çıxma barədə müraciəti təmin etməmiş, qanunsuzluq etdiyi üçün əmək müfəttişliyi tərəfindən vəzifəli şəxs hətta cərimə edilmiş və həmin inzbati qərardan şikayət belə verilməmiş, qanunsuzluğa davam edərək işdən çıxmaq üçün ərizə verən şəxsi bir il sonra işdən çıxarılmasına dair qanunsuz əmr vermişdir. Cavabdeh nümayəndəsi vəkil Nümayəndə məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsi qanunsuz və əsassızdır, buna görə də məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən o, Cavabdeh MMC-də bölgə müdiri vəzifəsinə təyin edilmişdir. Əmək funksiyalarını yerinə yetirərkən yol verdiyi pozuntu hallarına görə ona dəfələrlə şifahi xəbərdarlıqlar edilmişdir. O, satış müdirinin qohumu olduğu üçün özbaşınalıqlar etmiş və şirkətə müxtəlif növ ziyanlar vurmuşdur. Onun şirkətə vurduğu bəzi ziyanları sadalamaq istəyir. Belə ki, bölgə müdiri kimi onun əsas vəzifə öhdəliklərindən biri tabeliyində olan satış təmsilçilərinə nəzarət etməkdən ibarət olmuşdur. Şirkət satış fəaliyyəti ilə məşğul olduğundan yeni müştərilərlə əlaqə yaradılması və əməkdaşlıq edilməsi satış təmsilçilərinin və bölgə müdirlərinin vəzifəsidir. Lakin səyyar şəxslərə (FORD sürücülərinə) mal satılması qaydalara ziddir. İddiaçı və tabeliyindəki satış təmsilçisi bu qaydanı pozaraq rəhbərliyi aldatmış, vəzifə funksiyalarının ziddinə olaraq səyyar fəaliyyət göstərən şəxsə mal vermiş, nəticədə şirkətə 10000 manatdan çox ziyan dəymişdir. Bununla bağlı onun izahatı alınmışdır və o əməlini etiraf etmişdir. Bundan başqa, iddiaçı Qəbələ regionu üzrə fəaliyyət göstərdiyi üçün onların bütün fəaliyyətinə real vaxt rejimində nəzarət etmək mümkün deyil. Həmçinin bölgə müdiri həmin ərazidə şirkətin səlahiyyətli nümayəndəsi olaraq qayda pozuntularının qarşısını almalı, nəzarəti həyata keçirməlidir. Lakin İddiaçı nəinki pozuntu hallarının qarşısını almış, hətta özü pozuntulara yol vermişdir. Belə ki, İddiaçı tabeliyindəki əməkdaş mərkəzi ofisə məlumat vermişdir ki, məsələn Qəbələ rayonunda yerləşən və şirkət tərəfindən yaxşı müştəri olduğu üçün endirim faizi verilən Məmməd market (ad şərtidir) filan məbləğdə mal sifariş edib. Lakin mərkəzi ofisi aldadaraq həmin malları başqa bir şəxsə, İddiaçı özünün etiraf etdiyinə görə şirkət tərəfindən faiz verilməyən başqa şəxslərə veriblər. Burada real yeyinti ehtimalı vardır. Belə ki, şirkət tərəfindən verilən həmin endirim faizlərinin İddiaçı və tabeliyindəki işçi tərəfindən ələ keçirilməsinə əsaslı şübhələr vardır. Lakin həmin məbləğlərin miqdarının müəyyən olunması çox çətindir. Buna baxmayaraq ortada şirkətin üzləşdiyi real zərər vardır və bunun əsas səbəbkarı İddiaçıdur. Bundan başqa, İddiaçı digər əsas vəzifələrindən biri də tabeliyində olan satış təmsilçilərinin çek və faktura sənədlərini, satışlarını, ödənişlərini yoxlamaq olmuşdur. Belə ki, mallar nisyə formada satıldığı üçün hər ayın sonunda İddiaçı və tabeliyindəki işçi müştəri pul ödəyəndə ona verilən endirimi yazaraq mərkəz ofisə göndərirlər ki, sistemdə həmin endirim müştərinin borcundan azaldılsın. Lakin İddiaçı burada da şirkətə qarşı öz qanunsuz əməllərini davam etdirərək bir müştəriyə olunan endirimi təkrarən yenə də yazaraq silinməsini təmin etmişdir. Nəticədə, məsələn, müştəriyə may ayı ərzində 5 manat endirim olunmalı olduğu halda növbəti aylarda da həmin 5 manat endirim yenə yazılmış və azladılmışdır. Nəticədə şirkətə 6403.57 manat ziyan dəymişdir. Sonuncu bu hallardan sonra ona şirkətə vurduğu ziyanın könüllü ödənilməsi təklif edilmiş, lakin o əvvəlcə şifahi olaraq ödəyəcəyinə söz versə də sonradan ödəniş etməmişdir. Buna görə də onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hesab edirlər ki, şirkət tərəfindən iddiaçıya ödənilməli olan heç bir ödəniş qalmamışdır. Ona işlədiyi aylara uyğun olaraq əməkhaqqı hesablanmış və ödənilmişdir. Əksinə, iddiaçı şirkətə ziyan vurmuşdur, bu halda onun cababdehdən hər hansı ödəniş tələb etməsi qanunsuz və əsassızdır. Ona görə də hesab edirlər ki, iddiaçının iddia tələbi tamamilə əsassızdır. Məhkəmədə İddiaçı və onun nümayəndəsi Vəkil iştirak etmiş, iddia ərizəsinin məzmununa uyğun olan izahat verərək, iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmənin sonuncu iclasina iddiaçı və onun nümayəndəsi gəlməmişlər. İddiaçının nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia tələbini tam müdafiə edir. Qarşı tərəfin etirazını əsaslandıran heç bir sübut təqdim etmədiyini, əmək mübahisələrində sübut etmə yükünün işə götürənə aid olduğunu, etirazın dəlillərinin hazırkı mübahisə ilə əlaqəsinin olmadığını, iddiaçının heç bir maddi məsuliyyətinin olmadığını, əsas olmadan qanunsuz işdən kənarkaşdırma əmri verildiyini, əmrin qanunsuz olmasına dair inzibati qərarın qüvvədə olduğunu, qanunsuz qərardan sonra yaranmış məcburi boşdayanmaya görə işəgötürənin məsuliyyət daşıdığını, guya maddi ziyan vurulması barədə Yevlax prokurorluğuna müraciət edildiyini, onun da nəticəsinin olmadığını, məzuniyyətin verilməməsinə dair sübut təqdim edilmədiyini, bu günədək əmək kitabçasının da verilmədiyinə əsaslanaraq iddianın tam təmin edilməsinnə dair qətnamə qəbul edilməsini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi vəkil Nümayəndə iştirak etmiş, məhkəməyə ünvanladığı etirazın dəlillərinə uyğun olan izahat vermiş, məhkəmənin sonuncu iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, hazırkı iş üzrə iddianın təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Etirazın dəlillərində qeyd edilənlərin, şəxsin maddi məsul şəxs olmasını, maddi məsuliyyət müqaviləsi üzrə öhdəliklərini dügün icra etməməsi nəticəsində şirkətə maddi ziyan dəyməsi tam təstiq ediilr və özünün də etiraf edici izahatları da vardır. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 07 aprel 2025-ci il tarixli məktubundan görünür ki, əmək hüquqlarının pozulması ilə bağlı bundan əvvəl etdiyi müraciətlə əlaqədar Regional şöbədə aparılan araşdırma zamanı toplanmış sənədlərə yenidən baxılmışdır. Araşdırma zamanı bundan əvvəlki müraciət (qeydiyyat nömrəsi: xx.xx.2024; 3-17-5/1 -P-22083/2024) Regional şöbədə araşdırılan müddətdə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "xxxx" altsisteminə tərəflərindən baxış keçirilərkən Müəssisənin rəhbərliyi ilə aralarında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu məlum olmuşdur. Bununla yanaşı həmin müraciət ilə əlaqədar Müəssisənin rəhbərliyi tərəfindən Regional şöbəyə təqdim edilmiş sənədlərə və "xxxx" altsisteminə baxış keçirilərkən İddiaçı ilə Müəssisənin rəhbərliyi arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanılaraq Müəssisədə bölgə müdiri vəzifəsinə işə qəbul edildiyi müəyyən edilmişdir. Həmçinin təqdim edilmiş sənədlərdə İddiaçı izahatı nəzərə alınmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 62-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli F- 008/24 nömrəli əmrlə həmin tarixdən işdən kənarlaşdırıldığı, həmin müddətdə əmək haqqının ödənilmədiyi, eyni zamanda xidməti vəzifələrininin icrası zamanı Müəssisəyə maddi zərər vurmağı ilə bağlı müvafiq sənədlər toplanaraq Müəssisənin rəhbərliyi tərəfindən Yevlax rayon Prokurorluğuna müraciət olunduğu və araşdırmanın nəticəsindən asılı olaraq Məcəllənin müvafiq maddəsinə əsasən əmək müqavilənizə xitam veriləcəyi müəyyən edilmişdir. Məcəllənin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə işdən kənarlaşdırılır. Həmin maddənin 2-ci hissəsinə əsasən işçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. Həmin maddənin 5-ci hissəsinə əsasən isə işdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Məlum edirlər ki, araşdırma zamanı Müəssisənin rəhbərliyi tərəfindən Regional şöbəyə təqdim olunmuş sənədlərdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin tələblərinin pozularaq işdən kənarlaşdırıldığı dövrdə həmin Məcəllənin 169-cu maddəsinin 1-ci hissəsində (Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir) nəzərdə tutulmuş qaydada boşdayanma vaxtı üçün əmək haqqınızın ödənilmədiyi müəyyən olunmuşdur. Aşkar olunmuş pozuntu ilə əlaqədar Regional şöbə tərəfindən Müəssisənin baş direktoru X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verillən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq 1200 manat məbləğində cərimə tətbiq edilmiş, həmçinin qeyd olunan qanun pozuntunun aradan qaldırılması, yəni İddiaçı Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş qaydada boşdayanma vaxtı üçün əmək haqqının ödənilməsinin təmin edilməsi və nəticəsi barədə Regional şöbəyə məlumat verilməsi məqsədilə Müəssisənin rəhbərliyinə göstəriş məktubu ünvanlanmışdır. İddiaçı sonuncu müraciəti ilə əlaqədar (qeydiyyat nömrəsi: xx.xx.2025; 3-17-5/1-A- 10730/2025) "xxxx" altsisteminə tərəflərindən baxış keçirilərkən İddiaçı ilə Müəssisənin rəhbərliyi arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verildiyi, əlavə olaraq Müəssisənin faktiki ünvanı Gəncə şəhərində yerləşdiyi üçün Xidmətin Gəncə- Daşkəsən regional şöbəsi tərəfindən Müəssissənin rəhbərliyinə (Ünvan: Gəncə şəhəri, 4- cü mikrorayon, ev 5, mənzil 17) xx.xx.2025-ci il tarixli 3-17-5/2-18146/2025 nömrəli məktubla müraciət edilərək İddiaçı aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin Müəssisənin rəhbərliyi tərəfindən sənədlər təqdim edilməmişdir. Məlumat üçün bildirilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2026-cı il tarixədək dayandırıldığından müraciətin yerində araşdırılması mümkün olmamışdır. Bildirilmişdir ki, Müəssisənin rəhbərliyi tərəfindən müraciətə dair müvafiq sənədlər Xidmətin Gəncə-Daşkəsən regional şöbəsinə təqdim edildiyi təqdirdə müraciətə yenidən baxılaraq həmin regional şöbə tərəfindən İddiaçı əlavə cavab veriləcəkdir. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə göstərir ki, məhkəmədə tədqiq olunmuş sübutlarla işin faktiki halları kimi müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh rəhbərliyi arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanılaraq iddiaçı həmin müəssisədə bölgə müdiri vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli əmrlə həmin tarixdən işdən kənarlaşdırılmış, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Həmçinin, müəyyən olunur ki, İddiaçı işdən kənarlaşdırıldığı tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi dövr üçün heç bir əmək haqqı ödənilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 07 aprel 2025-ci il tarixli məktubundan da göründüyü kimi, Cavabdeh İddiaçı həmin müddət üçün əmək haqqı ödəməməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini pozmuşdur. Məhkəmə hesab edir ki, iddianın həmin müddət üçün əmək haqqı ödənilməsi tələbi hissəsi qismən qanuni əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin həmin hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsini əks etdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinə görə; -1. İşəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda; b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə; c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə -2. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. -3. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir. -4. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilibedilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. -5. İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 169-cu maddəsinə əsasən, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Artıq yuxarıda qeyd edildiyi kimi, baxılan işdə boşdayanma halı üçün iddiaçının təqsirinin olmadığı, boşdayanma halı üçün Cavabdeh təqsirli olduğu işin faktiki halları kimi təsdiq olunandır. İş materiallarından müəyyən olunur ki, iddaçının Cavabdeh ilə bağladığı müqavilədə aylıq əmək haqqının məbləği 364 manat müəyyən olunmuşdur. Adi riyazı hesablamadan müəyyən olunur ki, 364 manat məbləğinin 2/3 hissəsi (364:3x2)=242,66 manat məbləğini təşkil edir. Həmin məbləğin 12 ay 5 gün üçün ödənilməli olduğu nəzərə alındıqda, ödənilməli olan cəmi məbləğ 2952,36 manat məbləğini təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə belə qərara gəlir ki, boşdayanma müddəti üçün 2952,36 manat məbləğində pul Cavabdehndən alınıb, iddiaçıya verilməlidir. İddianın məzuniyyət əvəzi kompensasiyanın ödənilməsi tələbini də məhkəmə əsaslı sayır. Belə ki, Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinə və 144-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Qalan-iş buraxma müddəti üçün hesablanmış əmək haqqının digər dövrlərdə gecikdirilməsinə görə əmək haqqının hər gecikdirilmiş gününə görə bir faiz ödəncin ödənilməsi, məzuniyyət haqqının hər gecikdirilmiş gününə görə bir faiz ödəncin ödənilməsi, 31 yanvar 2024-cü ildən 2025-ci ilin 3-cü rübünə qədər Yeni il, Novruz bayramına, Ramazan bayramına görə ödəniş almadığından iki il müddətində həmin ödənişlərin ona ödənilməsi və gecikdirilmiş gününə görə bir faiz ödəncin ödənilməsi tələbləri üzrə məhkəmə iddianı əsaslı saymır, belə ki, boşdayanma halı üçün məhkəmə qərarı ilə əmək haqqının ödənilməsi halında həmin tələblərin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmir. Qanuni əsasların olmadığı iddia isə təmin edilə bilməz. İddiaçının işə başladığı tarixdən işdən azad olunan tarixədək ona ödənilmiş və ödəniləcək olan bütün məbləğlərə görə Dövlət Vergi Xidmətinə (vergi, məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta, tibbi sığorta və s. barəsində) dəqiqləşdirilmiş hesabatın verilməsi tələbi hissəsini də məhkəmə əsaslı saymır, çünki bu məsələlərin həlli müvafiq aidiyyəti dövlət orqanlarının səlahiyyətlərinə aid olan məsələlərdir ki, bu məsələlər müvafiq aidiyyəti dövlət orqanlarına verilən hesabtlarda öz əksini tapır. Bundan başqa, iddianın 2022-2023-cü il tarixlərdə hər ay hissə-hissə olmaqla ümumilikdə 15400 manat (on beş min dörd yüz) əmək haqqından və əlavələrdən tutulan əmək haqqının İddiaçı qaytarılması tələbi hissəsini və iddiaçıya dəymiş mənəvi zərərin əvəzi kimi 20000 manat məbləğində pulun cavabdeh müəssisədən alınaraq, iddiaçıya ödənilməsi tələbi hissəsini də məhkəmə əsaslı saymır. Belə ki, iddiaçı həmin halları təsdiq edə bilən heç bir sübutu (öz izahatından başqa) məhkəməyə təqdim etməmişdir. Məhkəmə göstərir ki, yalnız iddiaçının izahatına istinad etməklə, iddianın həmin hissədə təmin edilməsi MPM-in sübutlarla bağlı tələblərinə əsasən yolverilməzdir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4- cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbinin həmin hissəsi ilə bağlı iddianın əsaslı olduğunu təsdiq edn, kifayət edən sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə həmin hissələrdə iddianın təmin olunmamalı olması qənaətinə gəlir. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, hazırki iddianın qaldırılması üçün iddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir və cavabdehin nümayəndəsi mediasiyada iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edilənlərə əsasən belə qərara gəlir ki, iddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Həmçinin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı hazırki iddianın qaldırılması üçün dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iş üzrə ödənilməli olan 49,52 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınıb, dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən xx.xx.2025-c il tarixədək olan müddət üçün ödənilməli olan əmək haqqqı kimi 2952,36 (iki min doqquz yüz əlli iki) manat 36 qəpik məbləğində pul Cavabdehndən alınıb, İddiaçı verilsin. İddiaçı istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi Cavabdeh tərərfindən hesablanaraq, İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat məbləğində pul Cavabdehndən alınıb, İddiaçı verilsin. İddia qalan hissələrdə təmin edilməsin. İş üzrə ödənilməli olan 49,52 (qırx doqquz) manat 52 qəpik məbləğində dövlət rüsumu Cavabdehndən alınıb, dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar