Məhkəmə qərarları › İş №2(125)-2464/2023

Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-2464/2023

25.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2464/2023 25.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Vəliyəddin oğluna qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Vəliyəddin oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus olan ünvan 1 ünvanda yerləşən evdən istifadə hüquqlarının itirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehlər məhkəmə iclaslarında iştirak etmədikləri üçün işə qiyabi icraat qaydasında baxılmasına və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ona məxsusdur. 4 övladı vardır. Onun qeydinə qalan balaca oğlu İslamdır. O isə Rusiyada yaşayıb, işləyir. Bəzən gəlib-gedir. Cavabdeh1 oğlu, digər Cavabdeh2 isə nəvəsidir. Cavabdehlər 18 ildir ki, Rusiyada yaşamalarına baxmayaraq ona məxsus evdə qeydiyyatda qalmışlar. Cavabdehlərin qeydiyyatda olması onun xüsusi mülkiyyət hüququnu məhdudlaşdırmaqla, əmlakından istədiyi kimi istifadə etməyə imkan verməməklə yanaşı, onu əlavə kommunal xərclər də ödəmək məcburiyyətində qoyur. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh1 və Cavabdeh2 Vəliyəddin oğluna məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Vəliyəddin oğlunun iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, İddiaçı qonşusu, həm də qohumudur. Onun 4 uşağı vardır. Vəliyəddin, Afət, İslam, Aygün. Vəliyyədin ailə qurduqdan sonra bu evdə çox yaşamamışdır, ona ayrı ev almışdırlar, ancaq daha sonra həmin evi satmışdır. 1 oğul 1 qız övladı olmaqla 2 uşağı vardır. Qızının adını bilmir, ancaq oğlu Ziyanı tanıyır. Vəliyəddini 15-18 ildir ki, Gəncədə görməmişdir. Boşandıqdan sonra uzaqlaşmış, oğlu Ziya da bir müddətdən sonra atasının yanına getmişdir. Ziyafətin digər oğlu İslam isə Rusiyada yaşayır. Bəzən gəlib-gedir. Həmçinin məclislərdə də Vəliyyədini yox, İslamı görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X7 izahatında göstərdi ki, İddiaçı qonşusudur. Uşaqlıqdan bəri Ziyafət və Vəliyyəddini tanıyır. 10 ildir ki, Vəliyyədini görməmişdir. Ailə qurmuş ancaq boşanmışdır. Vəliyyədinin oğlu Ziyanı da tanıdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında göstərdi ki, İddiaçı qonşusudur. Evləri arasında 1 küçə, təxmini 20 metr məsafə vardır. Qonşu kimi münasibətləri yaxşıdır. 1 mərtəbəli evləri və 1 mağazaları vardır. Ziyafətin qızı həmin mağazada satıcıdır, balaca oğlu İslamla münasibəti vardır. Vəliyyədini isə 22-25 il olar ki, görməmişdir, indi harada olduğunu bilmir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Vəliyəddin oğlunun ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmalarından imtina edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iclasında dindirilmiş şahid ifadələrindən görünür ki, X2 10-15 il əvvəl oğlu Cavabdeh2 Vəliyyədin oğlu ilə birlikdə mübahisəli mənzildən köçərək bir daha həmin mənzildə yaşamamışdır. Beləliklə, cavabdehin mübahisələndirilən mənzildə uzun müddət yaşamaması, o cümlədən həmin mənzildən daimi yaşamaq üçün köçməsi işdə iştirak edən şəxslərin izahatları şahid ifadələri və işin digər halları ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Qeyd edilən Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda-həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzində müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin mübahisələndirilməyən hallarından görünür ki, cavabdehlər 10 il müddətdən artıqdır ki, mübahisəli mənzildə yaşamırlar. Cavabdehlərin uzun bir müddət ərzində mübahisəli evdə yaşamamaları hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmamış, onların daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Vəliyəddin oğlunun İddiaçı mülkiyyətində olan, Gəncə şəhəri, R.Qasımov küçəsi 71 nömrəli fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qiyabi qətnamədən, tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması üçün 10 gün müddət bitdikdən sonra 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar