Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2472/2025 27.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5) mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, valideynlərindən miras qalan, paylı mülkiyyətində olan ünvan 1 ünvanında 0,01235 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 33,2 kv.m yaşayış, 39,6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum valideynlərindən miras qalan ünvan 2 ünvanında 0,01235 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 33,2 kv.m yaşayış, 39,6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə vərəsələr – bacısı Cavabdeh (8/10), X2 (1/10) və onun (1/10) adlarına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr 3 saylı Gəncə Ərazi İdarəsində 2 nömrəli reyestr kitabının 106 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. 1971-ci ildə yuxarıda qeyd olunan ünvanda yerləşən ata yurdunda olan iki otaqlı evi köhnə və qəzalı olduğundan öz hesabına əsaslı təmir edərək otaqları genişləndirmişdir, yeni hasar inşa etdirərək darvaza qoydurmuş və yeni qaraj tikdirmişdir. 1972-ci ildə X8 ilə ailə qurub öz ata evinə köçmüşdür. 1972-ci il tarixdən 1978-ci ilədək həyat yoldaşı ilə həmin evdə yaşamışlar. Həyat yoldaşı X8 ata evinə gəlin gələn zaman aşağıda qeyd olunan cehizlərini özü ilə gətirmişdir; 1 ədəd yataq dəsti (2 ədəd 1 nəfərlik çarpayı, şkaf, komod, trümo), 1 ədəd qonaq dəsti (2 ədəd servant, stol, stul, telefon altı, divan, 2 ədəd kreslo, televizor, torşer), yorğan-döşək dəsti (4 ədəd yorğan, 3 ədəd döşək, 4 ədəd yastıq), sandıq, çilçıraq 2 ədəd, xalça 2 ədəd. Həmin cehizlər bu günədək yaşadığı ata evindədir. Eyni zamanda evin əsaslı təmir-tikinti işlərində digər vərəsələr ona heç bir maddi köməklik göstərməyib, əksinə o, bacılarına hər an maddi və mənəvi dəstək olmuşdur. Valideyinlərinin dəfn xərclərini o, çəkmişdir. Cavabdeh ailə qurandan sonra öz həyat yoldaşı X6 ilə özlərinə məxsus başqa evdə yaşamışlar. Cavabdehin həyat yoldaşı X6 2006-cı ildə öləndən sonra bacısı öz evlərini sataraq ata evinə köçmələrini və mərhum Fikrətin yas mərasimini orada keçirmələrini ondan xahiş etmişdir, o, buna etiraz etməmişdir. Dəfindən sonra bacısı, yəni iş üzrə cavabdeh onun inşa etdiyi ata evinə yiyələnərək onu ata evinə buraxmamışdır. Hər dəfə o, Gəncəyə, ata evinə gedən zaman onu evə buraxmır. Beləliklə 1971-ci ildən 2006-cı ilədək Gəncə şəhəri, Ozan 45 ünvanında yerləşən ev bilavasitə onun sahibliyində və istifadəsində olub. Eyni zamanda yuxarıda qeyd etdiyi kimi həmin evin əsaslı təmir-tikinti işlərini külli miqdarda vəsait xərcləyərək o, inşa etmişdir. Bütün bunlarla yanaşı valideyinlərindən qalan digər miras əmlak - Göygöl rayonu, Hacıkənd ərazisində yerləşən 0,10 ha torpaq sahəsi və 2 otaqlı ev mərhum qardaşı Mobil və bacısı Xalidə tərəfindən saxta sənədlərlə özgəninkiləşdirilərək ona və digər vərəsə bacısı X4 pay verilməmişdir. Bu ahıl yaşında ömrünün qalan hissəsini tikib inşa etdiyi ata evində yaşamaq istəyir. Məhkəmə gedişində mübahisəli əmlakın digər paylı mülkiyyətçisi X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianı müdafiə etdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli əmlak məhkəmə qətnaməsi əsasında açıq hərraca çıxarılsa da, hələ də satılmamışdır. İddiaçının başqa mülkləri olsa da, onun mübahisəli mülkdən başqa yaşayış yeri yoxdur. Hazırda həmin əmlak 60000 manata ona təklif olunur. Belə ki, iddiaçının payını kompensasiya ödəməklə ona verəcək. Cavabdeh sonrakı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin ünvanına məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 3-21-3-33/2-11819/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair arxiv sənədlərinin surəti cavabdehə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən cavabdehə verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində istifadəsində olan 0,01235 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 33.2 kv.m yaşayış, 39.6 kv.m köməkçi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh (8/10 hissə), X2 (1/10 hissə) və İddiaçı (1/10 hissə) adlarına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 106 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 3-21-3-33/2-4762/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubu ilə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair arxiv sənədlərinin surəti məhkəməyə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 3-21-3-33/2-5631/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 506-cı il tarixli 4Ə-02-196 reyestr n ömrəli bəxşeyiş müqaviləsinə əsasən Cavabdeh (8/10 hissə), X1 (1/10 hissə) və İddiaçı (1/10 hissə) payları göstərilməklə adlarına 02 avqust 2006-cı il tarixli **********50-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-129/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı və X4 qarşı “payın naturada ayrılması və sair” barədə tələblərinə dair iddiasının təmin edilməsi, Cavabdeh 8/10 hissədə, İddiaçı 1/10 hissədə və X2 1/10 hissədə paylı mülkiyyətlərində olan Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində yerləşən 45 nömrəli fərdi yaşayış evi açıq hərracda satılaraq satışdan əldə edilən pulun Cavabdeh, İddiaçı və X2 paylarına mütənasib surətdə onların arasında bölüşdürülməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2574/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-129/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin 135547/24 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Gəncə Şəhər Məhkəməsi tərəfindən 2(125)-129/2023 nömrəli, xx.xx.2024-cü il tarixli verilmiş icra vərəqəsinə əsasən Cavabdeh 8/10 hissədə, İddiaçı 1/10 hissədə və X2 1/10 hissədə paylı mülkiyyətlərində olan Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində yerləşən 45 nömrəli fərdi yaşayış evi açıq hərracda satılaraq satışdan əldə edilən pul vəsaiti Cavabdeh, İddiaçı və X2 paylarına mütənasib surətdə onların arasında bölüşdürülməsi qət edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X3 icraatına daxil olmuş və həmin tarixdə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olduğundan icraata başlamaq haqqında qərar qəbul edilərək surəti məhkəməyə və tərəflərə göndərilmiş, həmçinin borcluya tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmişdir. Sözügedən icra sənədinin icra edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə borclunun əmlakının elektron hərracda satılması üçün ixtisaslaşdırılmış müəssisəyə-hərrac təşkilatına sifariş məktubu və olan əlavə edilmiş müvafiq sənədlər göndərilmişdir. İcra sənədi nəzarətdə saxlanılmaqla, icra tədbirləri davam etdirilir. İşin faktiki hallarından müəyyən olunur ki, Gəncə şəhəri, Ozan küçəsində istifadədə olan 0,01235 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 33.2 kv.m yaşayış, 39.6 kv.m köməkçi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evi iddiaçının paylı mülkiyyətindədir. Hazırda iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, mübahisəli fərdi yaşayış evi paylı mülkiyyət hüquqi ilə ona məxsusdur, özünə məxsus əmlakdan sərbəst şəkildə mülkiyyət hüquqlarını həyata keçirməkdə maneələrlə üzləşmişdir, bu səbəbdən də özünün həmin mənzilə köçürülməsini xahiş edir. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (157.8). Mübahisənin mahiyyəti üzrə qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Həmçinin də, yaşayış sahəsinə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: - iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, - iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, - iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, - iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa, - iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa və s. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının tələbi yaşayış sahəsinə olan mülkiyyət hüququna əsaslanır. Mülkiyyət hüququ isə subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın (Mülki Məcəllənin 152.1, 152.5-ci mad.). Hazırkı işdə qeyd olunan daşınmaz əmlakın iddiaçının paylı mülkiyyətində olması işin mübahisəsiz halıdır. İddiaçı paylı mülkiyyətində olan əmlaka münasibətdə mülkiyyət hüququnun həyata keçirilməsində maneələrlə üzləşmişdir. Belə olan təqdirdə məhkəmə bildirir ki, iddiaçının mənzilə köçürülmə barədə tələbi mülkiyyət hüququna əsaslandığı üçün iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan qiymətləndirilməyən hazırkı iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq məhkəmə xərcinə daxil olan 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülsün. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-2472/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2472/2025
27.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver