Məhkəmə qərarları › İş №2(125)-251/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-251/2025

04.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-251/2025 04.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, Ərizəçi Şakirovnanın, ərizəçinin vəkili Vəkil iştirakı ilə, Ərizəçi Şakirovnanın (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) «şəxsin Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Şakirovna 2007-ci il tarixdən 2024-cü il tarixədək (17 il müddətində) Azərbaycan Respublikasının ərazisində yaşaması faktının təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı Ərizəçi Şakirovna məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək xx.xx.2022-ci il tarixdən sonra Azərvaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi Şakirovna məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, o, xx.xx.1981-ci il tarixdə Rusiya Federasiyasının, Tumen vilayətinin, Xantı-Mansiyska rayonunda anadan olmuşdur. 2007-ci il tarixdə o, əri X12 ilə birlikdə Azərbaycan Respublikasına köçmüş, Azərbaycan Respublikasına köçərkən, Rusiya Federasiyası vətəndaşı olsa da, sonradan onun məlumatı olmadan Rusiya Federasiyası vətəndaşlığı ləğv edilmişdir. Azərbaycan Respublikasına köçdükdən sonra onunla C.R.Yusifovun birgə nikahından X13 adlı 1 uşaq doğulmuşdur. Sonradan 2013-cü ildə o və C.R.Yusifov aralarında olan nikahı qeydə aldırmışlar. O və C.R.Yusifov Azərbaycan Respublikasına gələrkən əvvəlcə qohumlarına məxsus mənzildə, daha sonra kirayədə və özlərinin Gəncə şəhərinin Sevinc qəsəbəsində inşa etdikləri evdə yaşamışlar. Hazırda da o, həmin ünvanda yaşayır. Göründüyü kimi o, 2007-ci il tarixdən 2024-cü il tarixədək Azərbaycan Respublikasında daimi yaşamışdır. Lakin onun Rusiya Federasiyası vətəndaşılığını təsdiq edən şəxsiyyət vəsiqəsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmiş, yeni şəxsiyyət vəsiqəsinin əldə olunması üçün aidiyyəti üzrə müraciət etdikdə isə onun Rusiya Federasiyası vətəndaşlığının əsassız olduğu və Rusiya Federasiyası vətəndaşlığının olmadığı bildirilmişdir. Belə olan halda isə o, vətəndaşlığı olmayan şəxs statusuna düşmüşdür. Buna görə də o, iddia tələbinin həcmini azaldaraq, məhz Rusiya Federasiyası vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsinin bitmə tarixindən sonra Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən olunmasını məhkəmədən xahiş etmişdir. Hazırki hüquqi əhəmiyyətli faktın müəyyən olunması isə ona Azərbaycan Respublikası vətəndaşlığını almaq üçün müraciəti ilə əlaqədardır. SondaƏrizəçi Şakirovna ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin vəkili Osmanov X11 Gulzhan Şakirovnanın izahatını müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmədə nümayəndəsinin iştirak etməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. xx.xx.2024-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində maraqlı şəxsin nümayəndəsi X17 bildirmişdir ki, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının 1998ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 310.2-ci maddəsinə əsasən Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahid ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Yusifova (Usmanova) Gulzhan Şakirovna onun oğlu X8 arvadıdır. O, 2005-ci ildə Rusiya Federasiyasına gedərkən, həmin şəxslərin faktiki nikah münasibətlərində olduqlarını görmüş və onları Azərbaycan Respublikasına gətirmişdir. Bundan sonra Yusifova (Usmanova) Gulzhan Şakirovna və X12 Azərbaycan Respublikasında nikahlarını qeydə aldırmış, onların birgə ailə münasibətlərindən X13 adlı 1 uşaqları anadan olmuşdur. Yusifova (Usmanova) Gulzhan Şakirovna daimi olaraq Azərbaycan Respublikasında yaşamış və heç vaxt Azərbaycan Respublikasını tərk etməmişdir. Yusifova (Usmanova) Gulzhan Şakirovna və X12 Azərbaycan Respublikasında onun qızı X4 mülkiyyətində olan və Gəncə şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən mənzildə yaşamış, daha sonra Gəncə şəhəri, Sevinc qəsəbəsində özlərinə ev tikmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Yusifova (Usmanova) Gulzhan Şakirovna onun qardaşı X8 arvadıdır. O, Yusifova (Usmanova) Gulzhan Şakirovnanı 2001-ci il tarixdən yəni qardaşı X12 ilə faktiki nikaha daxil olduğu vaxtdan tanımışdır. 2003-cü il tarixdə Yusifova (Usmanova) Gulzhan Şakirovna ilə X12 Azərbaycan Respublikasına gəlmiş və aralarında olan nikahı burada qeydə aldırmışlar. Həmin şəxslərin birgə münasibətlərindən Elşən adlı uşaqları anadan olduqdan sonra nikahlarını qeydə aldırmışlar. Yusifova (Usmanova) Gulzhan Şakirovna heç vaxt Azərbaycan Respublikasını tərk etməmişdir. Onlar Azərbaycan Respublikasına gəldikdən sonra ilk öncə balaca bacısı olan X5 mənzilində, sonra kirayədə, daha sonra isə Gəncə şəhəri, Sevinc qəsəbəsində tikdikləri fərdi yaşayış evində yaşamışlar. İş materiallarında olan İİ-ФР seriyalı 404527 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1981-ci il tarixdə anadan olmuş Ərizəçi Şakirovnanın atası tatar milliyətinə mənsub X6, anası rus milliyətinə mənsub X1. İşdə olan AZ-İİ seriyalı 219503 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2005-ci il tarixdə anadan olmuş X9 atası X14, anası X7. İş materiallarında olan AZ-İ seriyalı 830311 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə Ərizəçi Şakirovna arasında olan nikah xx.xx.2013-cü il tarixdə 352 akt qeyd nömrəsi ilə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. İşdə olan MYİ seriyalı 0****** nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Rusiya Federasiyası vətəndaşı Ərizəçi Azərbaycan Respublikasında yaşamaq üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək icazəsi olmuşdur. İş materiallarında olan DYİ seriyalı ******* nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Rusiya Federasiyası vətəndaşı Ərizəçi Azərbaycan Respublikasında yaşamaq üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icazəsi olmuşdur. İşdə olan xx.xx.2012-ci il tarixdə verilmiş P RUS seriyalı 53 ******* nömrəli Rusiya Federasiyasının pasportunun surətindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Ərizəçi pasportunun etibarlılıq müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərarın surətindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Ərizəçi Şakirovnanın Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhdə Nəzarəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-38-2/33-4022/24 nömrəli məktubun surətindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Ərizəçi Şakirovnanın sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2019 (çıxış) və xx.xx.2019 (giriş) qeyd olunmuşdur. İş materiallarında olan Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, konsulluq şöbəsi tərəfindən verilmiş Rusiya Federasiyası vətəndaşlığının olmadığının yoxlanılması barədə xx.xx.2024-cü il tarixli, ********* nömrəli nəticədən çıxarışın tərcüməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Tümen vilayəti Xantı-Mansiysk şəhərində doğulmuş xx.xx.1981-ci il təvəllüdlü Yusifova (Usmanova) Gulzhan Şakirovna (Soyad nikaha daxil olmaqla əlaqədar dəyişilib, nikah haqqında şəhadətnamə № AZ-İ № 830311, verilib xx.xx.2013-cü il Gəncə şəhəri Kəpəz rayonu Qeydiyyat şöbəsi tərəfindən). Ərizəçinin şəxsiyyəti Tümen vilayəti Tümenski rayonu Borovski milis bölməsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilən 7103 903055 nömrəli Rusiya Federasiyası vətəndaşının pasportuna əsasən müəyyən edilib. Azərbaycan Respublikasının Gəncə şəhərində yaşayır. Rusiya DİN-nin Tümen vilayəti üzrə idarəsinin xx.xx.2023-cü il tarixli 43/4/7-54379 saylı cavabına əsasən, G.Ş.Yusifovanın, (Usmanova) həmçinin onun valideynləri xx.xx.1959-cu il təvəllüdlü Usmanova (Yemelyanova) Nadejda Vasilyevnanın və X2 Rusiya Federasiyası ərazisində yaşamaları haqqında xx.xx.1992-ci ilə aid məlumat yoxdur, buna görə də ərizəçinin Rusiya vətəndaşlığına mənsub olmasını təsdiq etmək mümkün deyil. Rusiya XİN-nin vətəndaşlıq üzrə elektron məlumat bazasında aparılan yoxlanılmış nəticələrinə əsasən və Rusiya Federasiyası Prezidentinin fərmanına əsasən G.Ş.Yusifova (Usmanova) Rusiya Federasiyası vətəndaşlığını almağı rəsmiləşdirən şəxslər arasında qeyd edilmir. Yuxarıda göstərilən faktları və təqdim edilən sənədlərin öyrənilməsi əsasında belə nəticəyə gəlinib ki, G.Ş.Yusifova (Usmanova) Rusiya Federasiyası vətəndaşı deyil. Tümen vilayəti Tümenski rayonu Borovski milis bölməsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilən Rusiya Federasiyası vətəndaşının pasportu 7103 № 903055; RF ərazisindən kənarda RF vətəndaşının şəxsiyyətini təsdiq edən Rusiya XİN 99401 tərəfindən xx.xx.2012-ci il tarixdə verilən RF vətəndaşının pasportu 53 № ******* ilə olan sənədləşmə əsassız hesab edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki Ərizəçi Şakirovna xx.xx.1981-ci ildə Rusiya Federasiyasının Tumen vilayətində anadan olmuş və Rusiya Federasiyası vətəndaşı olmuşdur. 2003-cü ildə X12 ilə Azərbaycan Respublikasına gəlmiş, onların birgə münasibətlərindən xx.xx.2005-ci ildə X13 anadan olmuşdur. Onun Rusiya Federasiyasına mənsubuluğunu təsdiq edən şəxsiyyət vəsiqəsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmiş, yeni şəxsiyyət vəsiqəsi əldə etmək üçün aidiyyəti üzrə müraciət etdikdə Rusiya Federasiyasının vətəndaşlığının olmadığı bildirilmişdir. Ərizəçi Şakirovnanın əri X12 və oğlu X16 Azərbaycan Respublikasının vətəndaşıdırlar. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən Ərizəçi Şakirovna xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasından Gürcüstan Respublikasına getmiş və həmin gün də Gürcüstan Respublikasından Azərbaycan Respublikasına qayıtmışdır. Ərizəçi Şakirovna Rusiya Federasiyası vətəndaşının pasportu əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşamışdır, hazırda şəxsiyyətini təsdiq edən etibarlı sənədləri mövcud deyildir və Azərbaycan Respublikasında daimi yaşaması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə görə məhkəmə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin məcəllənin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə görə Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 12-ci bəndinə məhkəmələrə izah edilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, xx.xx.1981-ci ildə Rusiya Federasiyasının Tumen vilayətində anadan olmuş Ərizəçi Şakirovnanın xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikasında yaşaması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Şakirovnanın ərizəsi təmin edilsin. xx.xx.1981-ci ildə Rusiya Federasiyasının Tumen vilayətində anadan olmuş Ərizəçi Şakirovnanın xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar