Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2521/2025 19.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Gəncə şəhəri, X6 küçəsi, döngə 8, ev 13 ünvanında yerləşən evindən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehlərin mülkiyyətində olan mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, X6 küçəsi, döngə 8, ev 13 ünvanında yerləşən fərdi yaşayış evi 1989-cu ildən ona məxsusdur. Belə ki, o, ailəsi ilə birlikdə 1988-ci ildə Ermənistan Respublikasından qaçqın düşərək Gəncə şəhərinə gəlmişdirlər. 1989-cu ildə qeyd edilən ünvanda olan evi öz adına almışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun övladlarıdır. Qızı Cavabdeh2 1994-cü ildə ailə həyatı qurub başqa ünvana köçmüşdür. Ailəsi ilə birlikdə Bakı şəhərində özlərinə məxsus evdə yaşamış, hazırda isə Rusiya Federasiyasındadırlar Oğlu Cavabdeh1 1999-cu ildən evdən köçmüşdür. Belə ki, 1999-cu ildə Arif ailə qurmuş, onlarla yaşamaq istəmədiyinə görə mərhum həyat yoldaşı Hacı Hacıyev öz adına olan Gülüstan qəsəbəsində yerləşən 4 otaqlı mənzili ona vermişdir. Həmin vaxtdan oğlu Arif ailəsi ilə birlikdə köçüb orada yaşamış, 2007-ci ildə isə həmin mənzili satıb ailəsi ilə birlikdə Rusiya Federasiyasına köçmüşdürlər. 2025-ci ilin mart ayında Gəncə Şəhər Baş Polis İdarəsinə müraciət edərək, cavabdehlərin evindən pasport qeydiyyatından çıxarılmalarını xahiş etmişdir. Lakin Gəncə Şəhər Baş Polis İdarəsi imtina etmişdir. Buna görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, cavabdehlər onun evində yaşamırlar, yalnız pasport qeydiyyatında dururlar. Onların evində pasport qeydiyyatında olmaları mülkiyyətçi kimi onun hüquqlarını pozur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, qeydiyyatda olduqları ünvanda yaşamadıqları üçün bildirişin onlara təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehlərin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə:- Şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, ərizəçinin uşaqları Arifi və Zərifəni tanıyır. Arif hərbi xidməti bitirəndən sonra Rusiyaya getmişdir. Evlənib getdiyini, yoxsa orada evləndiyini dəqiq bilmir. Arif Rusiyaya getdiyi vaxt atası Hacı sağ olmuşdur. Arifin Gülüstanda da evi olmuşdur. Zərifə də hazırda Rusiyada yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, ərizəçinin oğlu Arifin dostudur. 3-4 küçə aralıda yaşamış, gedib-gəlmişdir. Hərbi xidmətə getməmişdən qabaq Arifin maşınını yığmışdırlar, axırıncı dəfə elə onda görmüşdür, təxmini 2005-ci ildə. Hazırda Arifin harada yaşadığını bilmir. Zərifəni isə tanımır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, 1988-ci ildə ərizəçi və onun ailəsi ilə onlar qaçqın kimi köçüb gəldikləri vaxt ünsiyyətləri yaranmışdır. Arif və Zərifə çoxdan, 10 il olar ki, Rusiyaya köçmüşdürlər. Burada toyları olmuş, daha sonra getmişdirlər. Toylarında da iştirak etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, iddiaçı ilə qonşu olmuşdurlar, 1994-cü ildən bəri Arif ilə eyni sinifdə oxumuşdur. Daha sonra 2001-ci ildə Yeni Gəncəyə köçmüş, Arifi 2006-cı ildə atasının yas mərasimində görmüşdür. Evlərində Tamam, Arif, bir bacısı və atası yaşamışdırlar. 20 il olar ki, atası rəhmətə getmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********67-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, X6 küçəsi, 8-ci döngə, ev 13 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh1 Gəncə şəhəri, X6 küçəsi, 8-ci döngə, ev 13 ünvanından qeydiyyatdan çıxarılmalarından imtina edilmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin (bundan sonra- Mənzil Məcəlləsi) 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Mənzil Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda-həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzində müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 özlərinə başqa yaşayış yeri seçməklə ailə həyatı quraraq 10 ildən çoxdur ki, iddiaçının mülkiyyətində olan mənzildən köçmüşdürlər. Cavabdehlərin mübahisəli mənzildə yaşamamaları hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmamış, onların daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, X6 küçəsi, 8-ci döngə, 13 nömrəli fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, X6 küçəsi, 8-ci döngə, 13 nömrəli fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-2521/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2521/2025
19.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver