Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2562/2024 15.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X10, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11) qarşı «mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmə» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11) qarşı Gəncə şəhəri, Kəpəz rayonu, Vaqif küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evinin üzərində iddiaçının istifadə hüququnun tanınması və iddiaçının həmin fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Ə.H.Əmrahov məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, Vaqif küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evi İddiaçı valideynlərindən miras qalmışdır. Buna görə də İddiaçı həmin fərdi yaşayış evindən istifadə hüququ vardır. İddiaçı daim həmin ünvana gedib-gəlmiş və orada yaşamış, hətta ünvan 1 ünvanda yeni fərdi yaşayış evinin tikintisinə vəsait də sərf etmişdir. Lakin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı həmin ünvana köçməyə və orada yaşamağa şərait yaratmır. Buna görə də İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda Ə.H.Əmrahov iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 nümayəndəsi (vəkili) Nümayəndə iddianı qəbul etməyərək, izahatında göstərdi ki, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 mərhum X7 oğlu Nurməmmədin, Cavabdeh4 və Cavabdeh3 isə Xanməmmədin övladlarıdır. X1 miras qalmış əmlakda cavabdehlərin nənəsi Pəri, müvafiq olaraq ataları Nurməmməd və əmiləri Xanməmməd yaşamışdır. Cavabdehlərin bibisi, mərhum X7 qızı İddiaçı isə Gəncə şəhəri, Kəpəz rayonu, Vaqif küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evində yaşamamış, lakin bəzi hallarda qonaq gəlib-getmişdir. Sonradan 2009-cu ildə X5 miras qalmış ev sökülmüş və yerində yenisi inşa edilmişdir. Hazırda Gəncə şəhəri, Kəpəz rayonu, Vaqif küçəsində yerləşən 39 nömrəli ünvan 2 hissəyə bölünmüş, onun bir hissəsində Xanməmmədin, digər hissəsində isə Nurməmmədin ailə üzvləri yaşayırlar. İddiaçı əvvəllər miras əmlakda payların müəyyən edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Həmin iddia tələbinə dair mülki işə məhkəmədə baxılarkən İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Vaqif küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evində yaşayıbyaşamaması məsələsi araşdırılmış, nəticədə İddiaçı 1989-cu ildənə həmin ünvanda yaşamadığı müəyyən edilmiş, həmin hal Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(043)-187/2022 nömrəli qətnaməsi ilə təsbit edilmişdir. Sonda Nümayəndə iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ə.M.Məmmədov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsi Ə.H.Əmrahovu, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 nümayəndəsi (vəkili) Nümayəndə və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o, əvvəllər Gəncə Şəhəri İcra Hakimiyyəti Memarlıq Şöbəsində memar vəzifəsində işləmişdir. Həmin vaxt X2 verib, qohumu üçün layihə lazım olduğunu bildirmişdir. O, layihə hazırlayıb, Ə.H.Əmrahova vermişdir. O, hər gün işə gedərkən Ə.H.Əmrahovu Gəncə Şəhəri İcra Hakimiyyətinin yanında yerləşən «Vego» hotelin üzərindəki çoxmənzilli binanın eyvanında gördüyünə görə Ə.H.Əmrahovun həmin binada yaşadığını bilmişdir. Məhkəmə iclasında cavabdehlərin vəsatəti əsasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında yaşayır. Gəncə şəhəri, Kəpəz rayonu, Vaqif küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evi onun yaşadığı evlə qonşudur. X14 1989cu ildə gəlin köçmüş, bundan sonra İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Vaqif küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evində yaşamamış, ildə bir neçə dəfə qonaq gəlibgetmişdir. Həmin evdə İddiaçı qardaşı Xanəhmədin arvadı Leyla və uşaqları yaşayır. Məhkəmə iclasında cavabdehlərin vəsatəti əsasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, o, ünvan 5 ünvanında yaşayır. Gəncə şəhəri, Kəpəz rayonu, Vaqif küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evi onun yaşadığı evin qonşuluğunda yerləşir. İddiaçı 1989-cu ildə nikaha girmiş, nikaha girdikdən sonra bir daha Gəncə şəhəri, Kəpəz rayonu, Vaqif küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evində yaşamamış, ildə bir neçə dəfə qonaq gəlib-getmişdir. X7 əvvəllər yaşadığı və miras qoyduğu ev sökülmüş, həmin evin yerində başqa yaşayış evi tikilmişdir. İşdə olan AZ-İ seriyalı 520298 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2012-ci ildə ölmüşdür. İş materiallarında olan RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Vaqif küçəsi, 39 ünvanında yerləşən 0,0408 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin ¼ hissəsi üzərində mülkiyyət hüququ X3, ¼ hissəsi üzərində mülkiyyət hüququ X4 və 2/4 hissəsi üzərində mülkiyyət hüququ X21 məxsusdur. İşdə olan **********04-10301 reyestr nömrəli daşınmaz əmlaka dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən 0,0237 hektar torpaq sahəsində və həmin torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüququ Cavabdeh4 məxsusdur. İş materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-187/2022 nömrəli qətnamədən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, X15, Cavabdeh2 və Cavabdeh1 qarşı «vərəsəlik şəhadətnamələrinin və onun əsasında verilmiş hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-2413/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-187/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-890/2023 nömrəli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-2413/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Vaqif küçəsi, 39 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı atası X7 və anası X19 paylı mülkiyyətində olmuşdur. İddiaçı 1989-cu ildə nikaha girdiyi üçün 1989-cu ildən sonra həmin ünvanda yaşamamış, İddiaçı atası M.X.Məmmədov 1991-ci ildə, anası P.Q.Quliyeva 2012-ci ildə vəfat etmişdir. İddiaçı Cavabdeh4, Cavabdeh3, X15, Cavabdeh2 və Cavabdeh1 qarşı «vərəsəlik şəhadətnamələrinin və onun əsasında verilmiş hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)- 187/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bundan sonra İddiaçı Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-2413/2022 nömrəli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-2413/2022 nömrəli qətnaməsi ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-187/2022 nömrəli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-890/2023 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-2413/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda isə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11) qarşı Gəncə şəhəri, Kəpəz rayonu, Vaqif küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evinin üzərində iddiaçının istifadə hüququnun tanınması və iddiaçının həmin fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə mənzilə köçürülmə üçün qeyd olunan evə istifadə hüququn mövcud olması zəruriliyini nəzərə alaraq, qeyd edir ki, iddiaçının mübahisəli mənzildə istifadə hüququnun olub-olmaması araşdırılmalıdır. Buna görə də məhkəmə mübahisəli hüquq münasibətinə hansı hüquq normasının tətbiq olunması məsələsini araşdırarkən hazırda mübahisə predmeti olan mənzilə istifadə hüququna dair mübahisə predmetinin 1 sentyabr 2000-ci il tarixədək yarandığını və bitdiyini nəzərə alaraq, hesab edir ki, hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 01dək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 53-cü maddəsinin üçüncü və dördüncü hissələrinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış sahəsinə 06 aydan uzun müddətə getdikdə onların yaşayış sahəsindən istifadə hüququ altı ay saxlanılır. Hazırki halda isə İddiaçı 35 il müddətində Gəncə şəhəri, Kəpəz rayonu, Vaqif küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evindən başqa yaşayış sahəsində yaşamaq üçün getmiş və bununla da həmin şəxsin qeyd olunan mənzildə istifadə hüququ itirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X20 və X13 ifadələrində İddiaçı 1989-cu ildə nikaha girdikdən sonra Gəncə şəhəri, Kəpəz rayonu, Vaqif küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evində yaşamadığını, yalnız həmin fərdi yaşayış evinə qonaq gəlib-getdiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmçinin Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)- 187/2022 nömrəli qətnaməsi ilə İddiaçı 1989-cu ildə ailə qurduğu üçün atasının ölümündən sonra Gəncə şəhəri, Kəpəz rayonu, Vaqif küçəsi, 39 ünvanında yaşamadığı təsbit edilmişdir (qətnamənin 9-cu vərəq 7-ci abzası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 86.2-ci maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Buna görə məhkəmə hesab edir ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-187/2022 nömrəli qətnaməsi ilə İddiaçı 1989-cu ildə ailə qurduğu üçün atasının ölümündən sonra Gəncə şəhəri, Kəpəz rayonu, Vaqif küçəsi, 39 ünvanında yaşamadığı müəyyən edildiyinə görə həmin halın mübahisələndirilməsinə əsas, habelə yenidən sübut edilməsinə və araşdırılmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Vaqif küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evinə istifadə hüququnun itirildiyini nəzərə alaraq, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11) qarşı «mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmə» tələbi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11) qarşı «mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmə» tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2562/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2562/2024
15.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver