Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2585/2024 22.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «yaşayış sahəsində istifadə hüququnun verilməsi və mənzilə köçürülmə» tələbi barədə iddiasına, Cavabdeh İddiaçı1 və Cavabdeh qarşı «kompensasiya verilməklə istifadə hüququna xitam verilmə» tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddiaçıların, onların birgə nikahlarından xx.xx.2017-ci ildə anadan olmuş X4 və xx.xx.2022-ci ildə anadan olmuş X5 Gəncə şəhəri, Qəmərli küçəsində 11 nömrəli fərdi yaşayış evinə istifadə hüquqlarının müəyyən edilməsi və həmin fərdi yaşayış evinə köçürülmələri tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı iddiaçıların və həmin şəxslərin birgə nikahından doğulmuş X3 Gəncə şəhəri, Qəmərli küçəsində 11 nömrəli fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı Cavabdeh iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 10.000 manat məbləğində kompensasiya verilməklə İddiaçı1 Gəncə şəhəri, Qəmərli küçəsində 11 nömrəli fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ilkin iddianı müdafiə və qarşılıqlı iddianı qəbul edərək, göstərdi ki, o, əvvəllər ailəsi ilə birlikdə Gəncə şəhəri, Totanlı küçəsində yerləşən 77 nömrəli fərdi yaşayış evində yaşamış, 7 yaşında olarkən təxminən 1997-1998-ci illərdə həmin ev satılmış və onlar Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evinə köçmüşdür. xx.xx.2016-cı ildə o, İddiaçı2 ilə nikaha girmiş və onların birgə nikahından xx.xx.2017-ci ildə X10, xx.xx.2022-ci ildə X11 anadan olmuşdur. Ötən 22 il müddətində o, Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evində yaşamış, hətta onun arvadı İddiaçı2 da həmin ünvana gəlin köçmüşdür. Lakin 2020-ci ilin oktyabr ayından Cavabdeh onunla və İddiaçı2 ilə münaqişəli vəziyyət yaratmış, qeyd olunan səbəbdən o, ailəsi ilə birlikdə mübahisəli mənzili tərk etmək məcburiyyətində qalmışdır. Bundan sonra o, müxtəlif ünvanlarda kirayə tutduğu mənzillərdə yaşamışdır və hazırda yaşayış sahəsi yoxdur. O, Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evindən istifadə hüququna 10.000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsinə razıdır. Lakin qeyd olunan məbləğdə kompensasiya verilənədək, o, Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evinə köçürülməli və həmin ünvanda yaşamalıdır. Buna görə də o, ilkin iddianı müdafiə, qarşılıqlı iddianı isə qəbul edir. Sonda İddiaçı1 ilkin və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 ilkin iddianı müdafiə və qarşılıqlı iddianı qəbul edərək, göstərdi ki, o, xx.xx.2016-cı ildə İddiaçı1lə nikaha girmiş və onların birgə nikahından xx.xx.2017-ci ildə X10, xx.xx.2022-ci ildə X11 anadan olmuşdur. Ötən 4 il müddətində o və digər ailə üzvləri Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evində maneəsiz yaşasa da, 2020-ci ilin oktyabr ayında Cavabdeh onlarla münaqişəli vəziyyət yaratmışdır. Bununla əlaqədar o və ailə üzvləri Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evini tərk etmək məcburiyyətində qalmışlar. Hazırda onun və ailə üzvlərinin başqa ünvanda yaşayış sahələri yoxdur. Sonda İddiaçı2 ilkin və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə mülki işin məhkəmə baxış iclasının cavabdehin və onun nümayəndəsinin (vəkilinin) iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilkin və qarşılıqlı iddia ərizələrini, işin faktiki hallarını araşdıraraq, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehlərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən və qarşılıqlı iddia tam təmin edilməlidir. Belə ki, AZ-İİ seriyalı 136196 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 və Əliyeva (İsmayılova) Xanəstə Nüsrəddin qızı arasında olan nikah xx.xx.2016-cı ildə Gəncə «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində qeydə alınmışdır. İşdə olan AZ-İV seriyalı 025193 nömrəli və 746938 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, X10 xx.xx.2017-ci ildə, X11 xx.xx.2022-ci ildə anadan olmuşdur. Həmin uşaqların atası X6, anası İddiaçı2dır. İş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli 2-96 nömrəli qətnaməsindən görünür ki, Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evinin X1 adına olan sənədlərin X2 məxsus olması faktı müəyyən edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən 11 nömrəli (yeni qaydalarla Gəncə şəhəri, Vaqif Qəmərli küçəsi, 7) fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisələndirilməyən hallarından görünür ki, Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən 11 nömrəli (yeni qaydalarla Gəncə şəhəri, Vaqif Qəmərli küçəsi, ev 7) fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir və həmin mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Cavabdeh həmin mənzili 1980-ci ildə əldə etmişdir. İddiaçı1 Cavabdeh oğlu, İddiaçı2 isə gəlinidir. Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən 11 nömrəli (yeni qaydalarla Gəncə şəhəri, Vaqif Qəmərli küçəsi, ev 7) fərdi yaşayış evində İddiaçı1 1997-ci ildən, İddiaçı2 isə 2016-cı ildən yaşamağa başlamışdır. Məhkəmə mövcud olmayan hüquqa xitam verilməsinin mümkün olmamasını və hüquqa xitam verilməsi üçün əvvəlcə hüququn əmələ gəlməsinin zəruriliyini nəzərə alaraq, qeyd edir ki, cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi məsələsi həll edilərkən, cavabdehlərin həmin evdən istifadə hüququnun yaranıbyaranmaması araşdırılmalıdır. Buna görə də məhkəmə mübahisəli hüquq münasibətinə hansı hüquq normasının tətbiq olunması məsələsini araşdırarkən İddiaçı1lə həmin hüquq münasibətlərinin 1997-ci ildə, digər İddiaçı2 ilə 2016-ci ildə yarandığını, yəni İddiaçı1 qeyd olunan mənzildə 1997-ci ildən, İddiaçı2 isə 2016-cı ildən yaşadığını nəzərə alaraq hesab edir ki, İddiaçı1 münasibətdə hazırki mübahisəyə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi), İddiaçı2 münasibətdə isə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Qeyd edilən Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, İddiaçı1 Cavabdeh uşağı olmaqla ailə üzvü kimi onunla birlikdə həmin evə köçmələri zamanı qeyd edilən evdən istifadə hüququ əldə etmişdir və hazırda da həmin fərdi yaşayış evindən istifadə hüququ mövcuddur. Lakin İddiaçı2 qeyd olunan mənzildən istifadə hüququ yoxdur. Belə ki, İddiaçı2 Cavabdeh Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulan ailə üzvləri sırasına daxil olan şəxs deyildir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladlarının öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir. (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Məhkəmə hesab edir ki, İddiaçı2 mübahisəli evə köçürülmə tələbində haqlı olmasa da, İddiaçı1 istifadə hüququ olduğundan həmin evə köçürülməsini, Cavabdeh isə mübahisəli evin mülkiyyətçisi olduğundan mülkiyyətçi kimi kompensasiya ödəməklə İddiaçı1 istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu baxımdan yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot İsveçə qarşı» işdə isə həmin Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin (iddiaçının) iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının həmin evə olan mülkiyyət hüququnu «şərti və qeyri-sabit» xarakterli edir. Məhkəmə istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu yaşayış sahəsinin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarında göstərilir ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə qeyd edir ki, İddiaçı1 təklif olunan kompensasiya məbləği onun davamlı surətdə və müəyyən müddət daxilində həmin yaşayış sahəsinə oxşar digər yaşayış sahəsində yaşamağa imkan verməlidir. Hazırki halda tərəflər istifadə hüququna xitam verilməsi üçün kompensasiya məbləği ilə əlaqədar razılıq əldə etmişlər. Buna görə də məhkəmə hesab edir ki, mübahisəli mənzillə eyni şəraitli və eyni ərazidə yerləşən evlərin aylıq kirayə haqqı orta hesabla 287 manat hesablandıqda təklif olunan kompensasiya məbləği İddiaçı1 təxminən 3 il ərzində başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxslərin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Beləliklə, bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia ilkin qismən və qarşılıqlı iddia tam təmin edilməli, İddiaçı1 xx.xx.2017-ci ildə anadan olmuş X10 və xx.xx.2022-ci ildə anadan olmuş X11 ilə birlikdə Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən 11 nömrəli (yeni qaydalarla Gəncə şəhəri, Vaqif Qəmərli küçəsi, ev 7) fərdi yaşayış evinə köçürülməli, Cavabdeh tərəfindən 10.000 manat məbləğində kompensasiya verilməklə İddiaçı1 Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən 11 nömrəli (yeni qaydalarla Gəncə şəhəri, Vaqif Qəmərli küçəsi, ev 7) fərdi yaşayış evindən istifadə hüququna xitam verilməli, İddiaçı1 xx.xx.2017-ci ildə anadan olmuş X10 və xx.xx.2022-ci ildə anadan olmuş X11 ilə birlikdə Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən 11 nömrəli (yeni qaydalarla Gəncə şəhəri, Vaqif Qəmərli küçəsi, ev 7) fərdi yaşayış evindən çıxarılmalı, qətnamə İddiaçı1 istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması hissəsində kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 ilkin iddiası qismən təmin edilsin. İddiaçı1 xx.xx.2017-ci ildə anadan olmuş X10 və xx.xx.2022-ci ildə anadan olmuş X11 ilə birlikdə Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən 11 nömrəli (yeni qaydalarla Gəncə şəhəri, Vaqif Qəmərli küçəsi, ev 7) fərdi yaşayış evinə köçürülsün. İddiaçı1 və İddiaçı2 ilkin iddiası qalan hissədə təmin edilməsin. Cavabdeh qarşılıqlı iddiası təmin edilsin. Cavabdeh tərəfindən 10.000 (on min) manat məbləğində kompensasiya verilməklə İddiaçı1 Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən 11 nömrəli (yeni qaydalarla Gəncə şəhəri, Vaqif Qəmərli küçəsi, ev 7) fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. İddiaçı1 xx.xx.2017-ci ildə anadan olmuş X10 və xx.xx.2022-ci ildə anadan olmuş X11 ilə birlikdə Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən 11 nömrəli (yeni qaydalarla Gəncə şəhəri, Vaqif Qəmərli küçəsi, ev 7) fərdi yaşayış evindən çıxarılsın. Qətnamə İddiaçı1 istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması hissəsində kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2585/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2585/2024
22.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver