Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2654/2025 11.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyət hüququ ilə ona məxsus olan Gəncə şəhəri, X7 prospekti, ev 241, mənzil 30 (Yeni qaydalarla: AZ2004, Gəncə şəhəri, X7 prospekti, 241, M10, m2) ünvanda yerləşən mənzilindən əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh gəlinidir. Cavabdeh 2023-cü ildə X1 ilə evlənmiş və mülkiyyət hüququ ilə ona məxsus olan Gəncə şəhəri, X7 prospekti, ev 241, mənzil 30-a (Yeni qaydalarla: AZ2004, Gəncə şəhəri, X7 prospekti, 241, M10, m2) gəlin köçmüşdür. Bu gün onun oğlu və gəlini ilə ciddi problemi vardır. X5 Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Cavabdeh isə mübahisəli evdə yaşamaqla onu evə buraxmır. Bu isə onun mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Ona görə də məhkəmədə cavabdehə qarşı evdən çıxarılma tələbinə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onu da əlavə etdi ki, mənzilindən çıxartmaq istədiyi şəxs gəlinidir. X1 ilə cavabdeh 18 iyul 2023-cü il rəsmi nikaha daxil olmuşlar. Sözügedən mənzili X5 cavabdehlə nikaha daxil olmamışdan qabaq, xx.xx.2023-cü il tarixdə ona bağışlamışdır. Odur ki, həmin mənzil 2023-cü ildən öz mülkiyyətindədir. Hazırda oğlu ilə cavabdeh rəsmi nikahda olmasına baxmayaraq, oğlu Rusiya Federasiyasının Moskva şəhərində yaşayır və cavabdehlə nikahları pozulmaq üzrədir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (qardaşı) iddia tələbinin təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, cavabdeh olan bacısı ilə iddiaçının X1nun nikahları pozulmaq üzrədir. Ailənin dağılmasının əsas səbəbi mübahisəli əmlakdır. Cavabdehlə X2 nikahları pozulmayana qədər cavabdehin mənzildən çıxmasına etiraz edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiqlənmiş xx.xx.2023-cü il tarixli, reyestrdə 4Ə-999 nömrəsi ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Gəncə şəhəri, X7 prospekti, ev 241, mənzil 30 (Yeni qaydalarla: AZ2004, Gəncə şəhəri, X7 prospekti, 241, M10, m2) ünvanında yerləşən, ümumi sahəsi 108,17 kv.m olan mənzil hədiyyə verən X3 tərəfindən hədiyyə alan İddiaçı hədiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlakın dövlət reyestrində 244 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Gəncə şəhəri, X7 prospekti, ev 241, mənzil 30 (Yeni qaydalarla: AZ2004, Gəncə şəhəri, X7 prospekti, 241, M10, m2) ünvanında yerləşən, ümumi sahəsi 108,17 kv.m olan mənzil xüsusi mülkiyyətdədir. Daşınmaz əmlak üzərində tam mülkiyyət hüququ İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 486719 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə Cavabdeh nikahları Gəncə şəhər Qeydiyyat Şöbəsində xx.xx.2023-cü il tarixdə 102 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının gəlinidir və iddiaçının mülkiyyətində olan mənzildə yaşayır. İddiaçı mütəmadi davam edən ailə-məişət mübahisələri zəminində cavabdehin öz mülkiyyətində olan mənzildə yaşamasını mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirir və onun mülkiyyətində olan mənzilndən əşyaları ilə birlikdə çıxarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasındakı mövcud mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1. və 30.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilə dair hər hansı hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Göründüyü kimi, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Konstitusiya Məhkəməsinin həmin qərarında formalaşdırdığı hüquqi mövqeyə görə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Ailə Məcəlləsinin 15-ci Fəsli ailənin başqa üzvlərinin, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını, baba və nənənin nəvələrini, nəvələrin baba və nənəni, yetirmələrin öz faktik tərbiyəçilərini, ögey oğul və qızların ögey ata və ananı saxlamaqla bağlı öhədilikərinin əsaslarını müəyyən edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə hesab edir ki, cavabdehlə iddiaçının X1 rəsmi nikahda olsalar da həm Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin, həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbləri baxımından Cavabdeh iddiaçının ailə üzvü hesab olunmur, həmçinin Cavabdeh iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olan digər qohumu da hesab edilə bilməz. Bununla yaaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh iddiaçının ailə üzvü hesab olunmadığından cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında hər hansı notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da cavabdehin qeyd edilən yaşayış evindən istifadə hüququ yaranmadığından, iddia tələbi əsaslıdır. Azərbaycan Respubikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehin iddiaçıya məxsus mənzildə yaşamaqda davam etməsi iddiaçının yaşayış evi üzərində mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus mənzildə yaşaması iddiaçının yaşayış evinə olan mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, iddia təmin edilməli, cavabdeh əşyaları ilə birlikdə iddiaçıya məxsus mənzildən çıxarılmalıdır. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ona məxsus əşyaları ilə birlikdə Gəncə şəhəri, X7 prospekti, 241 nömrəli evin 30 nömrəli mənzilindən (Yeni qaydalarla: AZ2004, Gəncə şəhəri, X7 prospekti, 241, M10, m2) çıxarılsın. Məhkəmə xərcinin əvəzinə görə 100 (bir yüz) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-2654/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2654/2025
11.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver