Məhkəmə qərarları › İş №2(125)-2756/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2756/2024

03.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2756/2024 03.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kirayə müqaviləsinin ləğv edilməsi və evdən çıxarılma» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiaçı ilə Cavabdeh1 arasında Gəncə «ASAN xidmət» mərkəzi notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-15 reyestr nömrəli kirayə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus ünvan 1 ünvanından çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini alqısatqı müqaviləsi əsasında almışdır və sözügedən evin mülkiyyətçisi iddiaçıdır. Belə ki, İddiaçı ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən evə dair Gəncə «ASAN xidmət» mərkəzi Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-15 reyestr nömrəli kirayə müqaviləsi bağlanmışdır. Kirayə müqaviləsinin şərtlərinə əsasən kirayə müddəti 10 il, kirayə haqqı isə aylıq 250 manat təşkil etmişdir. Kirayə müqaviləsi bağlandıqdan sonra kirayəçi olan cavabdeh ailəsi ilə birgə kirayə götürdükləri evə köçmüş və kirayə haqqını bir müddət vaxtı-vaxtında ödəmişdir. Lakin daha sonra cavabdeh kirayə haqqını ödəməmiş, bununla yanaşı evdə istifadə etdiyi təbii qazdan istifadəyə görə də 500 manat məbləğində borcu yaranmışdır. İddiaçı dəfələrlə şifahi qaydada eləcə də sonuncu dəfə yazılı pretenziya məktubu olaraq cavabdehə kirayə haqqınını və eləcə də yığılan borcu ödəməyi tələb etsə də heç bir nəticə əldə edə bilməmişdir. Buna görə İddiaçı Cavabdeh1 ilə aralarında bağlanmış kirayə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və cavabdehlərin iddiaçıya məxsus mənzildən məcburi qaydada çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, o və ailəsi iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən evdə kirayə müqaviləsi əsasında kirayəçi olaraq yaşamışlar. Lakin onunla arvadı Cavabdeh2 arasında olan nikah münasibətləri pisləşdiyindən aralarında olan nikah pozulmuş, azyaşlı uşaq anasının yanında saxlanmış və ondan birgə nikahdan anadan olmuş azyaşlı uşağın saxlanması üçün alimentin tutulub Cavabdeh2 ödənilməsi qət edilmişdir. O, alimenti ödəyə bilmədiyinə görə aliment borcu yığılmış və ondan tələb olunmuşdur. Bundan başqa bankdan kredit götürmüş onu da ödəyə bilməmişdir. Bütün bu hallar onun maddi vəziyyətini olduqca ağırlaşdırmışdır və o da təxminin son 1 il ərzində kirayə haqqından heç bir ödəniş edə bilməmiş və kirayə haqqı üzrə onun təxminən 2.500 manat məbləğində borcu yaranmışdır. Sonda Cavabdeh1 sözügedən evdən çıxarılmalarında dair bir neçə ay möhlət verilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini (vəkilini) dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli, **********09-10301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan Gəncə «ASAN xidmət» mərkəzi Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-15 reyestr nömrəli «Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi» haqqında kirayə müqaviləsinin surətindən görünür ki, kirayəyə verən İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini kirayəçi Cavabdeh1 xx.xx.2031-ci il tarixədək aylıq kirayə haqqı 250 manat ödəmək şərti ilə kirayəyə vermişdir. Həmin müqavilənin 8-ci bəndindən görünür ki, müqavilənin ləğv edilməsi tərəflərin bir ay əvvəldən yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir; Həmin müqavilənin 14-cü bəndindən görünür ki, kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda kirayə verən kirayə hüquq münasibətlərinə son qoya bilər; Həmin müqavilənin 15-ci bəndindən görünür ki, kirayəçi kirayə götürdüyü mənzili kirayə hüquq münasibətlərinə xitam verdikdən sonra təhvil verməyə borcludur. İşə əlavə olunmuş İddiaçı xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh1 kirayə haqqını ödəmədiyindən xx.xx.2021-ci il tarixli kirayə müaviləsinin ləğvi edilməsinə dair cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 477816 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında olan nikah xx.xx.2024-cü il tarixdə pozulmuşdur. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxslərin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki işin mübahisələndirilməyən hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdur. Belə ki, İddiaçı ilə Cavabdeh1 arasında sözügedən fərdi yaşayış evinə dair Gəncə «ASAN xidmət» mərkəzi notariat ofisində xx.xx.2021-ci il tarixli, 3M-15 reyestr nömrəli kirayə müqaviləsi bağlanmış, kirayə müqaviləsinin şətlərinə əsasən kirayə müddəti xx.xx.2031-ci ilədək müəyyən olunmuş, kirayəçi yəni cavabdeh isə kirayə verən yəni iddiaçıya kirayə haqqı olaraq hər ay 250 manat məbləğində pul vəsaiti ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı cavabdehin kirayə müqaviləsinin şərtlərini pozaraq kirayə haqqını o cümlədən kirayə qaldığı evdə istifadə etdiyi komunnal xidmətlərə dair yaranmış borcunu ödəmədiyini və bununla bağlı cavabdeh tərəfə şifahi o cümlədən də yazılı qaydada xəbərdarlıq ünvanladığını iddia etmiş, kirayə müqaviləsinin ləğv edilməsini və cavabdehlərin ona məxsus evdən çıxarılmalarını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 isə məhkəmədə verdiyi izahatında və məhkəməyə təqdim etdiyi ərizəsində maddi vəziyyəti ilə əlaqədar son 1 il ərzində kirayə haqqını ödəyə bilməməsini bununla bağlı təxminən 2.500 manat məbləğində borcu yarandığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayə müqaviləsinə görə kirayə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 684.1-ci maddəsinə görə əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Həmin Məcəllənin 685.2-ci maddəsinə görə kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə və ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər. Həmin Məcəllənin 686-cı maddəsinə görə əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Həmin Məcəllənin 697.1-ci maddəsinə görə kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, hazırki halda iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisisidir. Gəncə «ASAN xidmət» mərkəzi notariat ofisində xx.xx.2021-ci il tarixli, 3M-15 reyestr nömrəli kirayə müqaviləsi üzrə cavabdeh iki ardıcıl müddət üçün kirayə haqqını ödəməmiş bununla kirayə müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi icra etmədiyindən iddiaçının kirayə hüquq münasibətlərinə son qoymağa, o cümlədən mülkiyyətində olan evi cavabdehlərin istifadəsindən geri almağa hüququ vardır. Belə ki, cavabdehlər iddiaçıya məxsus evdən istifadə edərək onun başlıca olaraq mülkiyyət hüquqlarını pozurlar. İddiaçı mülkiyyətçisi olduğuna görə öz mülahizəsinə görə həmin yaşayış sahəsinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehlərin kirayə müqaviləsindən irəli gələn öhdəlikləri icra etmədən həmin evdən istifadə etmələri iddiaçının mülkiyyət və evdən istifadə hüququnun pozulmasına səbəbdir. Buna görə də iddiaçı mülkiyyətində olan yaşayış sahəsindən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh1 arasında Gəncə «ASAN xidmət» mərkəzi notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-15 reyestr nömrəli kirayə müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus ünvan 1 ünvanından yerləşən evdən çıxarılmalıdırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında Gəncə «ASAN xidmət» mərkəzi notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-15 reyestr nömrəli kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar